media-whatsapp-image-2026-08-20-at-10-02-54-1

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev XIX əsrin məşhur fransız coğrafiyaçısı və səyyahı Jan Jak Elize Reklyunun Azərbaycan və Qafqaz haqqında yazdığı məlumatlardan danışıb.

Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Elize Reklyunun 1881-ci ildə Fransada nəşr olunan “Yer və insanlar. Ümumi coğrafiya. V cild: Avropa Rusiyası. Qafqaz” əsərində Azərbaycana və burada yaşayan xalqlara geniş yer ayrılıb.

Onun sözlərinə görə, müxtəlif dillərə tərcümə edilən kitabın Azərbaycanla bağlı bəzi hissələri sonrakı tərcümələr zamanı redaktə olunub. Əliyev orijinal fransızdilli nəşrdəki qeydlərin Azərbaycan tarixi, etnoqrafiyası, dili və mədəniyyəti baxımından maraq doğurduğunu vurğulayıb.

Zaur Əliyevin sözlərinə görə, Reklyu Azərbaycan türklərini əsərində dövrün terminologiyasına uyğun olaraq “tatarlar” adlandırsa da, onların türklüyünü xüsusi şəkildə qeyd edir.

“Reklyu yazır ki, tatarlar, yəni azərbaycanlılar, müəyyən mənada Qafqazın sivilizasiya yaradanlarıdır. Müəllif Azərbaycanın öz ləhcəsinin Qafqazın müxtəlif xalqları arasında ünsiyyət vasitəsi kimi xidmət etdiyini qeyd edir”, – deyə tarixçi bildirib.

Əliyev qeyd edib ki, Reklyunun təsvirində çoxmillətli Qafqazda Azərbaycan türkcəsinin ticarət, diplomatiya və gündəlik ünsiyyətdə mühüm rol oynadığı göstərilir.

Tarixçi bildirib ki, Reklyu Azərbaycan coğrafiyasında yaşayan və sayca üstünlük təşkil edən əhalini mənşəcə türklər kimi təqdim edir və onların türk dili ailəsinə mənsub olduğunu vurğulayır.

“Reklyunun xəritə və təhlillərində Şimali Azərbaycandan Cənubi Azərbaycana qədər uzanan geniş coğrafiyada dil və mədəniyyət baxımından yaxınlıqdan bəhs edilir. O, şimal və cənubda yaşayan azərbaycanlıların vahid etno-mədəni xüsusiyyətlərə malik olduğunu qeyd edir”, – deyə Zaur Əliyev vurğulayıb.

media-whatsapp-image-2026-08-20-at-10-03-12-1

Onun sözlərinə görə, əsərdə Midiya, Atropatena və Azərbaycan ərazilərində qədim dövrlərdən etibarən müxtəlif türk tayfalarının məskunlaşması ilə bağlı fikirlər də yer alır.

Zaur Əliyev diqqətə çatdırıb ki, fransız səyyah Azərbaycan türklərinin xarakteri, həyat tərzi və sosial münasibətləri barədə də geniş qeydlər aparıb.

“Reklyu bu xalqı səmimiyyət, dürüstlük, qonaqpərvərlik və alicənablıq kimi keyfiyyətlərlə xarakterizə edir. O, Azərbaycan türklərinin xarici görünüşünü də təsvir edərək onların yaraşıqlı, qamətli və ciddi simaya malik olduğunu yazır”, – deyə tarixçi qeyd edib.

Əliyevin sözlərinə görə, Reklyu Azərbaycanın bir sıra qəzalarında yerli əhalinin savadlılıq və təhsil səviyyəsinin regionda yaşayan ruslarla müqayisədə yüksək olduğunu da qeyd edib.

Tarixçi bildirib ki, kitabda XIX əsrin Azərbaycan cəmiyyətində qadınların vəziyyəti və dini münasibətlərə dair maraqlı müşahidələr də var.

“Reklyu müsəlman azərbaycanlıların bir neçə arvad almaq imkanının olduğunu yazsa da, bunun praktikada demək olar ki, istifadə edilmədiyini bildirir. Azərbaycan qadınlarının işlədiyini, üzlərinin açıq olduğunu və cəmiyyətdə fəal iştirak etdiyini qeyd edir”, – deyə Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, müəllif Qafqazda şiə və sünnilərin dinc yanaşı yaşamasına, eləcə də müxtəlif din və xalqlara münasibətdə tolerantlığa xüsusi diqqət yetirib.

Zaur Əliyev qeyd edib ki, Reklyunun əsərində Azərbaycanın sənətkarlıq və mədəni həyatına da geniş yer verilir.

“Əsərdə xalçaçılıq, ipəkçilik, metal işləmə və zərgərlik sahələrində Azərbaycan sənətkarlarının bacarıqları haqqında məlumatlar var. Reklyu Azərbaycanın müxtəlif şəhərlərində aşıq sənətinin, şifahi xalq ədəbiyyatının və musiqinin geniş yayıldığını, ifaçıların cəmiyyətdə böyük hörmət gördüyünü təsvir edir”, – deyə o bildirib.

Tarixçinin sözlərinə görə, Reklyu ermənilərin Qafqazda məskunlaşmasını tarixi köçlər, ticarət miqrasiyaları və sonrakı dövrlərdə baş verən miqrasiya prosesləri ilə əlaqələndirir.

“Reklyu erməniləri müxtəlif ticarət mərkəzlərinə yayılmış toplum kimi təsvir edir. Onların folkloru və musiqisi haqqında danışarkən isə fars, ərəb və xüsusilə Azərbaycan aşıq və muğam sənətinin təsirindən bəhs edir”, – deyə Zaur Əliyev diqqətə çatdırıb.

Zaur Əliyev bildirib ki, Reklyunun əsəri XIX əsrin Qafqazı, xüsusilə Azərbaycan cəmiyyəti haqqında xarici müəllifin müşahidələrini öyrənmək baxımından maraqlı mənbələrdən biri kimi diqqət çəkir.

“Kitabda Azərbaycan barədə o qədər önəmli qeydlər var ki, oxuduqca yeni məlumatlarla qarşılaşırsan. Ona görə də əsərin orijinal variantı ilə tanış olmağı və kitabı bütövlükdə oxumağı məsləhət görürəm”, – deyə tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər