media-8635b5fd160379860589219620410248585

Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında son dövrlərdə dərinləşən qarşıdurma artıq ayrı-ayrı din xadimlərinin siyasi çıxışları ətrafında mübahisə çərçivəsindən çıxaraq kilsənin idarəçilik sistemi və katolikos II Qareginin gələcəyi məsələsinə qədər genişlənib.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəylinin ERAmedia-ya açıqlamasına görə, Baş nazir Nikol Paşinyanın II Qareginin kilsəyə rəhbərliyini açıq şəkildə mübahisələndirməsi və hakimiyyət nümayəndələrinin son açıqlamaları göstərir ki, Ermənistan hökumətinin mövqeyi dəyişməyib.

Onun sözlərinə görə, qarşıdurmanın əsas səbəblərindən biri Erməni Apostol Kilsəsinin Ermənistanın siyasi həyatında ənənəvi olaraq tutduğu xüsusi mövqedir. Kilsənin rəhbərliyi Paşinyan hakimiyyətinin siyasətinə, xüsusilə Azərbaycanla sülh gündəliyi və sərhəd məsələləri ilə bağlı mövqelərinə qarşı çıxış edib. Hakimiyyət isə katolikosun və bəzi yüksək rütbəli ruhanilərin fəaliyyətini dini çərçivədən çıxaraq siyasi mübarizəyə qoşulmaq və hakimiyyətə təzyiq göstərmək cəhdi kimi qiymətləndirir.

Qulamhüseyn Əlibəylinin fikrincə, 2024-cü ildə yüksək rütbəli din xadiminin rəhbərliyi ilə keçirilən hökumət əleyhinə etirazlar da dövlətlə kilsə arasında münasibətləri daha da gərginləşdirib. Sonrakı mərhələdə II Qaregin və digər ruhanilərlə bağlı məhkəmə proseslərinin gündəmə gəlməsi qarşıdurmanın hüquqi müstəviyə keçdiyini göstərib. Müxalif qüvvələr və hüquq müdafiəçiləri isə irəli sürülən ittihamların siyasi xarakter daşıdığını bildirirlər.

Sabiq deputat qeyd edib ki, Ermənistan baş nazirinin tapşırığı ilə onun Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin açıqladığı son hesabat qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. Hesabatda Erməni Apostol Kilsəsində böhran olduğu bildirilir və bunun səbəbləri sırasında II Qareginin və bir sıra yüksək rütbəli ruhanilərin fəaliyyəti göstərilir.

Onun sözlərinə görə, sənəddə kilsədə ruhani intizam və idarəçilik qaydalarının pozulması, maliyyə və əmlak məsələlərində şəffaflığın olmaması, siyasi fəaliyyətə cəlbetmə, diaspor strukturlarında parçalanmalar və digər məsələlərlə bağlı iddialar yer alır.

“Hesabatda II Qareginin subaylıq əhdini pozması ilə bağlı iddia da irəli sürülür. Bundan başqa, bəzi ruhanilərin davranışları ilə bağlı araşdırmaların aparılmaması, tənqidi mövqedə olan ruhanilərə qarşı intizam tədbirlərinin görülməsi, qohum və yaxın şəxslərin vəzifələrə gətirilməsi, Milli Kilsə Məclisinin çağırılmaması, seçkili kilsə orqanlarının fəaliyyətinin zəifləməsi, ianələrin istifadəsində şəffaflığın olmaması və kilsə əmlakının təyinatından kənar istifadəsi kimi məsələlər də qeyd olunur”, – deyə Qulamhüseyn Əlibəylinin vurğuladığı kimi, bunlar hazırkı hakimiyyətin kilsəyə qarşı irəli sürdüyü əsas iradlardır.

O bildirib ki, Ermənistan hökuməti kilsənin fəaliyyətində islahatları zəruri hesab edir. Təklif olunan yanaşmaya əsasən, islahat gündəliyi kilsə icmalarında müzakirə edilməli, II Qaregin vəzifədən getməli, onu müvəqqəti əvəz edən şəxs seçilməli, kilsənin vahid nizamnaməsi qəbul edilməli və sonda yeni katolikos seçilməlidir.

Qulamhüseyn Əlibəylinin fikrincə, bu yanaşmanın əsas xüsusiyyəti ondan ibarətdir ki, hakimiyyət kilsədə idarəçilik islahatlarını birbaşa II Qareginin vəzifədən getməsi ilə əlaqələndirir. Eyni zamanda hökumət islahatların kilsənin özü tərəfindən həyata keçirilməli olduğunu və dövlətin konstitusion səlahiyyətləri çərçivəsində qalmalı olduğunu bildirir.

“II Qareginin vəzifədən getməsi Paşinyan hakimiyyəti üçün yalnız kilsədaxili dəyişiklik anlamına gəlmir. Belə bir dəyişiklik hakimiyyətin ən mühüm tənqid və təzyiq mərkəzlərindən birinin zəifləməsinə gətirib çıxara bilər. Katolikosun tərəfdarları isə məsələyə başqa prizmadan yanaşır və dövlət rəhbərliyinin kilsə başçısının taleyini müəyyənləşdirməyə çalışmasını dini qurumun müstəqilliyinə müdaxilə kimi qiymətləndirirlər”, – deyə o qeyd edib.

Sabiq deputat hesab edir ki, məsələyə hüquqi müstəvidən yanaşdıqda Ermənistan Konstitusiyasının müddəaları xüsusi əhəmiyyət daşıyır. Konstitusiyaya əsasən, dini təşkilatlar dövlətdən ayrıdır və fəaliyyət azadlığına malikdir. Eyni zamanda Erməni Apostol Kilsəsinin ölkənin mənəvi və mədəni həyatındakı xüsusi tarixi rolu konstitusion səviyyədə tanınır.

Qulamhüseyn Əlibəylinin sözlərinə görə, kilsənin ölkənin mənəvi və mədəni həyatındakı xüsusi tarixi rolunun Konstitusiyada təsbit olunması ona dövlət hakimiyyətinin fəaliyyətinə müdaxilə və təzyiq göstərmək hüququ vermir. Eyni zamanda hakimiyyətin kilsə rəhbərliyini tənqid etməsi də öz-özlüyündə katolikosun vəzifədən kənarlaşdırılması üçün hüquqi əsas hesab edilə bilməz.

O hesab edir ki, hakimiyyətin kilsəyə təzyiqinin daha da artması əks nəticə də verə bilər. Belə ki, kilsə daxilində fərqli mövqedə olan qruplar II Qareginin fəaliyyətinə münasibətlərindən asılı olmayaraq, kilsənin institusional müstəqilliyinin qorunması məsələsində birləşə bilərlər.

Qulamhüseyn Əlibəylinin fikrincə, qarşıdurmanın Ermənistan hüdudlarından kənarda da ciddi əks-səda doğurması mümkündür. O bildirib ki, bütün ermənilərin katolikosu yalnız Ermənistan ərazisində fəaliyyət göstərən dini rəhbər deyil və Erməni Apostol Kilsəsinin dünyanın müxtəlif ölkələrində icmaları mövcuddur.

“Bu səbəbdən dünya üzrə erməni icmalarının və kilsə strukturlarının bu prosesdə hansı mövqe tutacağı da mühüm amilə çevrilə bilər. Onların prosesə münasibətini indidən birmənalı şəkildə proqnozlaşdırmaq çətindir”, – deyə o bildirib.

Sabiq deputat qeyd edib ki, II Qareginin vəzifədən kənarlaşdırılması məsələsində əsas məsələ kilsənin öz daxilində kifayət qədər güclü mövqenin formalaşmasıdır. Onun sözlərinə görə, hazırda kilsə daxilində katolikosun fəaliyyətindən narazı olan ruhanilər mövcuddur.

Qulamhüseyn Əlibəylinin bildirdiyinə görə, ötən ilin sonlarında bir neçə yepiskop II Qareginin istefasını tələb edib və kilsədə islahatların aparılmasına tərəfdar olduqlarını açıqlayıb. Narazı ruhanilərin yaratdığı islahat şurası da katolikosun istefasını, kilsənin idarəçilik sisteminin dəyişdirilməsini və irəli sürülən iddiaların kilsə daxilində araşdırılmasını tələb edir.

Bununla yanaşı, digər ruhanilər II Qareginə dəstək verir və hökumətin prosesə müdaxiləsini kilsənin müstəqilliyinə təhdid kimi qiymətləndirirlər.

“Buradan görünür ki, kilsə daxilində real fikir ayrılığı mövcuddur. Lakin narazı qrupun bütün Erməni Apostol Kilsəsini təmsil etdiyini söyləmək düzgün olmaz. Kilsə daxilində həm II Qareginin fəaliyyətindən narazı olan, həm də onu müdafiə edən qruplar var”, – deyə Qulamhüseyn Əlibəylinin sözlərinə görə, prosesin nəticəsini məhz bu daxili balans da müəyyən edə bilər.

Onun fikrincə, yaxın perspektivdə əsas ssenarilərdən biri qarşıdurmanın davam etməsidir. Hakimiyyət II Qareginin siyasi legitimliyini zəiflətməyə, kilsə rəhbərliyi isə öz səlahiyyətlərini və institusional müstəqilliyini qorumağa çalışacaq.

Qulamhüseyn Əlibəylinin qənaətinə görə, bu mübarizənin nəticəsini yalnız sərt bəyanatların və qarşılıqlı ittihamların sayı müəyyən etməyəcək. Əsas amillər kilsədaxili qərarlar, məhkəmə proseslərinin nəticələri və Ermənistan cəmiyyətinin dövlətlə kilsə arasındakı səlahiyyət sərhədlərinə münasibəti olacaq.

Vural


media-adspc

Bənzər xəbərlər