Ermənistan Rusiyanın təhlükəsizlik çətirindən çıxır: Yeni sistem necə qurulur?
Ermənistanın Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik sistemindən uzaqlaşması artıq yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real geosiyasi proses kimi qiymətləndirilə bilər.
Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, İrəvanın KTMT-dən faktiki uzaqlaşması və Qərblə təhlükəsizlik əməkdaşlığını genişləndirməsi Ermənistanın öz təhlükəsizlik arxitekturasını dəyişdirmək cəhdindən xəbər verir.
Onun sözlərinə görə, Ermənistan 2024-cü ildən etibarən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində iştirak etmir, təşkilatın tədbirlərinə qatılmır və maliyyə öhdəliklərini də yerinə yetirmir. Buna baxmayaraq, İrəvan hüquqi baxımdan KTMT-dən çıxmayıb və təşkilat Ermənistanı hələ də tamhüquqlu üzv hesab edir.
Qulamhüseyn Əlibəyli qeyd edib ki, Ermənistanın əsas arqumenti Azərbaycanla müharibələr və 2023-cü ilin antiterror tədbirləri zamanı KTMT-nin İrəvanın gözləntilərini doğrultmamasıdır. Baş nazir Nikol Paşinyanın təşkilatın Ermənistanın gələcəyi və suverenliyi baxımından təhlükələr yarada biləcəyinə dair açıqlamaları isə prosesin sadəcə diplomatik narazılıqdan ibarət olmadığını göstərir.
Sabiq deputatın fikrincə, hazırda Rusiya da bu qeyri-müəyyən vəziyyətə əvvəlki kimi səbirli yanaşmır.
“Rusiya üçün Ermənistanın KTMT-də hansı statusda qalacağı artıq prinsipial məsələyə çevrilib. Əgər Ermənistan təşkilatın tamhüquqlu üzvüdürsə, onun üzvlükdən irəli gələn öhdəlikləri də yerinə yetirməsi gözlənilir. Bu məsələnin KTMT-nin Moskvada keçiriləcək sammitində müzakirə olunması mümkündür”, – deyə Qulamhüseyn Əlibəyli bildirib.
O hesab edir ki, uzun müddətdir davam edən və şərti olaraq “dondurulmuş üzvlük” adlandırılan vəziyyət artıq həm Moskva, həm də İrəvan üçün daha ciddi siyasi seçim mərhələsinə daxil olur.
“Burada əsas məsələ yalnız KTMT-nin taleyi deyil. Əsas məsələ Ermənistanın təhlükəsizlik arxitekturasının taleyidir. Ermənistan Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik sistemindən çıxmağa çalışır, lakin həmin sistemin yerini tam şəkildə dolduracaq alternativ hərbi mexanizm hələ mövcud deyil”, – deyə sabiq deputat vurğulayıb.
Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Moskvanın İrəvana iqtisadi və geosiyasi seçimlərlə bağlı mesajlarının sərtləşməsi də təsadüfi deyil. Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımları özünün Cənubi Qafqazdakı mövqeləri baxımından risk kimi qiymətləndirir.
“Rusiya üçün söhbət artıq yalnız hərbi və iqtisadi alyansların taleyindən getmir. Moskvanı daha çox Cənubi Qafqazda uzun müddət ərzində formalaşdırdığı sistemin taleyi və həmin sistemin Ermənistan vasitəsilə zəiflədilməsinin yarada biləcəyi geosiyasi və geoiqtisadi risklər narahat edir”, – deyə o əlavə edib.
Sabiq deputat hesab edir ki, Ermənistanın 2025-ci ildə Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun qəbul etməsi İrəvanın strateji istiqamətini nümayiş etdirir. Lakin onun sözlərinə görə, Avropa İttifaqına inteqrasiya prosesi uzunmüddətli və mürəkkəbdir və üzvlük perspektivi avtomatik olaraq Ermənistan üçün kollektiv hərbi müdafiə zəmanəti yaratmır.
“Avropa İttifaqı Ermənistanın hərbi təhlükəsizliyini NATO və ya KTMT modelində təmin edən hərbi alyans deyil. Buna görə də İrəvanın Avropaya inteqrasiya siyasəti ilə təhlükəsizlik zəmanəti məsələsini eyniləşdirmək düzgün olmaz”, – Qulamhüseyn Əlibəyli bildirib.
Bununla belə, o qeyd edib ki, Ermənistanın Qərb ölkələri ilə təhlükəsizlik və hərbi-texniki əməkdaşlığının sürətlə genişlənməsi yeni təhlükəsizlik modelinin elementlərinin artıq formalaşdığını göstərir.
Onun sözlərinə görə, ABŞ, Avropa İttifaqı, Fransa, Yunanıstan və Hindistanla əməkdaşlıq əsasən Ermənistan ordusunun modernləşdirilməsi, hərbi təlim və hazırlıq, yeni silah sistemlərinin əldə edilməsi, kəşfiyyat imkanlarının gücləndirilməsi, kibertəhlükəsizlik, sərhəd təhlükəsizliyi və müdafiə sənayesinin inkişafı istiqamətlərində qurulur.
“Ordunun silahlandırılması, komanda sisteminin dəyişdirilməsi, kəşfiyyat imkanlarının yenilənməsi, logistikanın qurulması və müdafiə sənayesinin inkişafı bir neçə ay ərzində baş verən proseslər deyil. Bunun üçün illər lazımdır. Ermənistan da məhz belə uzunmüddətli transformasiya həyata keçirməyə çalışır”, – deyə sabiq deputat vurğulayıb.
Qulamhüseyn Əlibəyli hesab edir ki, Ermənistan KTMT-dən formal şəkildə çıxacağı təqdirdə yaranacaq təhlükəsizlik boşluğunu vahid hərbi alyansla deyil, çoxvektorlu və çoxkomponentli təhlükəsizlik sistemi ilə doldurmağa çalışa bilər.
“Şərti olaraq bunu ‘hibrid təhlükəsizlik sistemi’ adlandırmaq mümkündür. Burada Ermənistanın öz hərbi imkanları ABŞ və Avropa ölkələri ilə siyasi, hərbi və texnoloji əməkdaşlıq, Fransa ilə silahlanma və hərbi-texniki tərəfdaşlıq, Hindistan və Yunanıstanla hərbi təchizat imkanları ilə birləşdirilə bilər”, – deyə o bildirib.
Sabiq deputatın fikrincə, ABŞ-la təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi bu prosesin ən mühüm istiqamətlərindən biridir. Belə əməkdaşlıq çərçivəsində hərbi təhsil və hazırlıq, müdafiə sənayesinin inkişafı, ordunun imkanlarının artırılması, mümkün silah tədarükü və kəşfiyyat məlumatlarının mübadiləsi kimi istiqamətlər ön plana çıxa bilər.
Avropa İttifaqının Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığının isə daha çox institusional xarakter daşıdığını bildirən Qulamhüseyn Əlibəyli qeyd edib ki, sərhəd təhlükəsizliyi, kibertəhlükələr, hibrid təhdidlər, xarici informasiya müdaxiləsi və dövlət institutlarının dayanıqlığının artırılması kimi istiqamətlər gələcək təhlükəsizlik sisteminin mühüm elementlərinə çevrilə bilər.
Onun sözlərinə görə, Fransa Ermənistan üçün həm siyasi, həm də hərbi-texniki baxımdan mühüm tərəfdaşa çevrilir. Hindistan və Yunanıstan isə Ermənistanın Rusiya silahlarından asılılığının azaldılması prosesində daha çox hərbi-texniki və maddi təminat rolunu oynaya bilər.
“Ermənistanın Hindistan və Fransadan müxtəlif hərbi sistemlər əldə etməsi təsadüfi deyil. Burada məqsəd yalnız yeni silah almaq deyil, uzunmüddətli perspektivdə Rusiya mənşəli hərbi sistemlərdən asılılığı azaltmaqdır”, – deyə sabiq deputat bildirib.
Qulamhüseyn Əlibəyli Zəngəzur dəhlizi ətrafında formalaşan TRİPP mexanizminin də Ermənistanın gələcək təhlükəsizlik arxitekturasına təsir göstərə biləcəyini düşünür.
“TRİPP-i yalnız nəqliyyat layihəsi kimi qiymətləndirmək düzgün olmaz. Bu istiqamətdə sərhəd təhlükəsizliyi, infrastrukturun qorunması, gömrük və təhlükəsizlik sistemlərinin modernləşdirilməsi kimi məsələlər də ön plana çıxa bilər. Buna görə də layihənin Ermənistanın yeni təhlükəsizlik modelinə dolayı təsiri mümkündür”, – deyə o qeyd edib.
Sabiq deputat İran faktoruna da diqqət çəkib. Onun fikrincə, Ermənistanın yeni təhlükəsizlik arxitekturasının formalaşmasında İranın rolu Qərb ölkələrindən fərqli xarakter daşıya bilər.
“İran üçün Ermənistanla sərhəd yalnız ikitərəfli münasibətlər məsələsi deyil. Bu sərhəd Tehranın Cənubi Qafqazdakı geosiyasi mövqeyi və Şimal-Cənub nəqliyyat dəhlizi baxımından da əhəmiyyətlidir. Buna görə İran Ermənistanın təhlükəsizlik və regional balans məsələlərində müəyyən rol oynaya bilər”, – deyə Qulamhüseyn Əlibəyli bildirib.
Onun qənaətincə, Ermənistanın qarşısında duran əsas məsələ KTMT-dən çıxıb-çıxmamaqdan daha çox, bundan sonra təhlükəsizlik boşluğunu necə doldurmaqdır.
“Əgər Ermənistan öz ordusunun gücləndirilməsi, çoxvektorlu diplomatiya və müxtəlif tərəfdaşlarla konkret müdafiə mexanizmlərinin yaradılması hesabına bu boşluğu doldura bilsə, Rusiyadan uzaqlaşma strategiyasının müəyyən nəticələr verməsi mümkündür. Əks halda, KTMT-dən uzaqlaşma Ermənistan üçün ciddi təhlükəsizlik riskləri yarada bilər”, – deyə sabiq deputat əlavə edib.
Qulamhüseyn Əlibəylinin fikrincə, nəticə etibarilə Ermənistanın Rusiyanın təhlükəsizlik çətirindən uzaqlaşması bir təhlükəsizlik sisteminin digəri ilə əvəzlənməsindən daha mürəkkəb prosesdir.
“Hazırda daha real görünən ssenari Ermənistanın vahid kollektiv müdafiə mexanizminə deyil, ABŞ, Avropa İttifaqı, Fransa, Hindistan, Yunanıstan və müəyyən mənada İranla əməkdaşlığın Ermənistanın öz hərbi imkanları ilə birləşdirildiyi çoxvektorlu təhlükəsizlik sisteminə keçməsidir. Yəni Ermənistan Rusiyanın təhlükəsizlik çətirindən çıxarsa, yaranmış boşluğu yeni bir kollektiv təhlükəsizlik mexanizmi deyil, balanslaşdırılmış çoxkomponentli təhlükəsizlik sistemi doldura bilər”, – deyə Qulamhüseyn Əlibəyli vurğulayıb.
Vüsalə










