media-whatsapp-image-2026-04-15-at-10-46-01

XV əsr Avropa və Osmanlı münasibətləri tarixdə ən gərgin və dönüş nöqtələri ilə zəngin dövrlərdən biri hesab olunur. Bu dövrdə Papa II Piy ilə Fatih Sultan Mehmed arasında yaranan ideoloji qarşıdurma xüsusi diqqət çəkir. Papa tərəfindən yazılmış “Epistola ad Mahumetem” məktubu diplomatik sənəddən daha çox siyasi və dini manifest xarakteri daşıyırdı. Bu məktub həm Avropanın Osmanlı qarşısında çarəsizliyini, həm də fərqli strategiyalara əl atmaq məcburiyyətini açıq şəkildə göstərir.

Papa II Piyin 1461-ci ildə Osmanlı sultanı Fatih Sultan Mehmedə yazdığı məşhur “Epistola ad Mahumetem” məktubu

Təxminən 100-dən çox səhifədən ibarət olan və sona qədər oxunması çətin olan bu mətn diplomatik məktubdan daha çox kitab hesab edilə bilər. Saytda qeyd olunan linkdə yerləşdirilən bu nümunə məktubun XV və ya XVI əsrə aid rəsmi çaplarından biridir. Həmin dövrdə bu məktub Avropada geniş yayılmışdı, çünki hamı “Böyük Türk”ə qarşı papanın nə yazdığını maraqla izləyirdi.

1458-ci ildə seçilən II Piy papalıq taxtını olduqca kritik bir məqamda miras almışdı. Onun hakimiyyəti Fatih Sultan Mehmedin rəhbərliyi altında Osmanlı dövlətinin sürətlə genişləndiyi dövrə təsadüf edirdi.

Papanın yeni Səlib yürüşü təşkil etmək üçün Avropa hökmdarlarını bir araya gətirmək cəhdləri dəfələrlə uğursuzluqla nəticələndi və onun Osmanlı fəthlərini dayandırmaq ümidləri tədricən zəiflədi. Bu uğursuzluqlar fonunda II Piy strategiyasını dəyişdi.

Ordular göndərmək əvəzinə o, Avropanın xilasını təmin edəcəyinə inanaraq sultanın özünü xristianlığı qəbul etməyə inandırmağa çalışdı. Bu ideya tamamilə yeni deyildi. Avropa dairələrində sultanın dini baxışları ilə bağlı uzun müddətdir müxtəlif mülahizələr irəli sürülürdü.

Sultanın pravoslav patriarxı Gennadi ilə xristianlıq barədə mübahisələr aparması, hətta İncilin bəzi hissələrinin tərcüməsini istəməsi məlum idi. Bundan əlavə, sultanın anasının xristian olması və onun “Pater Noster” (Atamız) duasını əzbər bilməsi barədə şayiələr dolaşırdı. Bəziləri hətta onun gizli xristian olduğunu iddia edirdi. Lakin bu fikirlər daha çox xristian dövlətlərinin ümidsizliyini əks etdirirdi.

“II Mehmedə məktub” adlı latın dilində yazılmış mətnində II Piy Osmanlı hökmdarına həm mənəvi, həm də dünyəvi üstünlüklər vəd edirdi. O bildirirdi ki, cəmi bir neçə damla vəftiz suyu sultanı “dünyanın ən güclü və ən şanlı hökmdarı”na çevirə bilər.

Papa iddia edirdi ki, sultanın hakimiyyəti qanuni sayılacaq, xristian monarxları ona tabe olacaq və bütün mədəniyyətlərdə ona ehtiram göstəriləcək. Məktubda həmçinin vurğulanırdı ki, dünyəvi hakimiyyət müvəqqətidir, Məsih vasitəsilə əldə olunan xilas isə əbədi şöhrət qazandırır.

II Piyin məqsədi yalnız dini dəvət deyildi. O, Şərqdə papanın mənəvi hakimiyyəti altında xristian imperiyası yaratmağı xəyal edir və bununla sultanın fəthlərini legitimləşdirəcəyinə inanırdı. O, sultanı xristianlığı qəbul edərək imperiyanı dəyişdirə biləcək hökmdar kimi görürdü və onu Konstantin I ilə müqayisə edirdi.

Bu baxışa görə, türklər hökmdarlarının ardınca xristianlığı qəbul edəcək, sultanın hakimiyyəti isə digər bütün monarxların hakimiyyətini üstələyəcəkdi.

Lakin bu cəsarətli ideyaya baxmayaraq, papa məktubu birbaşa sultana göndərməyə cəsarət etmədi. Mətn sultanın sağlığında çap olundu: əvvəlcə 1469-cu ildə Kölndə, sonra isə 1475-ci ildə Trevizoda.

Məktub diplomatik vasitədən daha çox İntibah dövrü ritorikasının parlaq nümunəsi kimi tanındı. Sonralar tarixçi Kamal Beydilli qeyd etmişdir ki, II Piyin məktubuna cavab kimi təqdim edilən bir mətn də mövcuddur.

Hərçənd bu cavabın həqiqiliyi şübhə altındadır, məzmunu diqqət çəkicidir. Guya Osmanlı sultanı papaya İslamı qəbul etməyi, sünnət olunmağı və dini lider postunu tutmağı təklif edir – bu isə papanın təklifinə ironik cavab kimi qiymətləndirilir.

Tarixçilərin əksəriyyəti hesab edir ki, məktub heç vaxt sultana çatdırılmamışdır. Papa anlayırdı ki, belə bir təklif təhqir kimi qəbul oluna bilər və bu da İtaliyaya qarşı hücumları sürətləndirə bilərdi.

Bu səbəbdən məktubun daha çox papanın nüfuzunu artırmaq məqsədi daşıyan bir növ siyasi PR addımı olduğu düşünülür. O, bununla Avropa hökmdarlarına belə bir mesaj vermək istəyirdi: “Əgər siz birləşib mübarizə aparmırsınızsa, mən məsələni bu şəkildə həll etməyə çalışıram”.

Vüsalə


media-adspc

Bənzər xəbərlər