Finlandiyanın 87 illik təhlükəsizlik strategiyası: Yeraltı şəhər necə quruldu? – FOTO
Finlandiyanın paytaxtı Helsinkinin altında yerləşən və təxminən 1 milyon insanı qorumaq imkanına malik nəhəng yeraltı sığınacaq sistemi yenidən beynəlxalq diqqət mərkəzinə gəlib.
ERAmedia xəbər verir ki, jurnalist Arzu Qazıyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Helsinkinin altında yerləşən 5 500 sığınacaqdan ibarət şəbəkə dünyanın ən böyük mülki müdafiə sistemlərindən biri hesab olunur. Onun sözlərinə görə, Finlandiyaya qarşı hərbi təhlükə yaranacağı təqdirdə paytaxt faktiki olaraq yeraltı şəhərə çevrilə bilər.
Paylaşımda qeyd olunur ki, təxminən 20 metr dərinlikdə inşa edilən sığınacaqlarda yataq otaqları, ərzaq anbarları, olimpiya standartlarına uyğun hovuzlar, idman zalları, saunalar, skeyt-parklar, kartinq zolaqları, kilsələr və hətta konsert meydançaları yaradılıb. Ağır poladdan hazırlanmış giriş qapılarının nüvə partlayışının zərbə dalğasına, radioaktiv şüalanmaya və kimyəvi təsirlərə davamlı olduğu vurğulanır.
Arzu Qazıyeva yazır ki, sığınacaqlar müstəqil elektrik enerjisi, su təchizatı, hava təmizləmə sistemləri, eləcə də tibbi və məişət ehtiyatları ilə təmin olunub. Onlar istifadəyə verilən zaman yerüstü infrastrukturdan tam ayrılaraq avtonom fəaliyyət göstərə bilir.
Jurnalist xatırladır ki, Finlandiya hökuməti bu nəhəng müdafiə sisteminin yaradılmasına 1939-cu ildə SSRİ-nin Finlandiyaya hücumundan sonra başlayıb. Onun fikrincə, layihəyə milyardlarla vəsait ayrılması ölkənin təhlükəsizliyinə verilən önəmin göstəricisidir.
Arzu Qazıyeva paylaşımında bildirir ki, Finlandiyanın uzun illər ərzində belə genişmiqyaslı müdafiə infrastrukturu yaratması qonşu Rusiyaya qarşı formalaşmış etimadsızlığın nəticəsidir. O hesab edir ki, tarixi təcrübə Finlandiyanı hücum yox, müdafiə strategiyasını gücləndirməyə sövq edib.
Paylaşımın sonunda jurnalist XXI əsrdə beynəlxalq münasibətlərin dəyişməsinə baxmayaraq, Rusiyanın qonşularında təhlükə hissi yaratmaqda davam etdiyini vurğulayaraq, bunun həm ölkənin özünə, həm də onun ərazisində yaşayan xalqlara təəssüf doğuran nəticələr gətirdiyini qeyd edib.










