Futbolda yeni mərhələ: Hakim qərarlarına elektron sensor dəstəyi
2026-cı il FIFA Dünya Çempionatı təkcə maraqlı qarşılaşmaları ilə deyil, həm də tətbiq edilən innovativ texnologiyalarla futbol tarixində yeni mərhələnin əsasını qoydu.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, mundialda istifadə olunan topun örtüyünün altında yerləşdirilən kiçik elektron sensor hakimlik sistemində mühüm yeniliklərdən biri olub.
Onun sözlərinə görə, bu sensor topun hərəkətini saniyədə 500 dəfə ölçərək əldə olunan məlumatları real vaxt rejimində birbaşa VAR sisteminə ötürür.
Deputat qeyd edib ki, bu texnologiya oyunçunun topa toxunduğu dəqiq anı müəyyən etməyə imkan verir və millimetrlərlə ölçülən ofsayd vəziyyətlərinin, eləcə də mübahisəli əl oyunu epizodlarının daha sürətli və dəqiq qiymətləndirilməsini təmin edir.
Tahir Mirkişili vurğulayıb ki, elektron çip topun panellərindən birinin daxilinə yerləşdirilib. Digər üç paneldə isə xüsusi tarazlayıcı çəkilər quraşdırılıb ki, bu da topun balansının tam qorunmasını təmin edir və onun oyun xüsusiyyətlərinə mənfi təsir göstərmir.
Deputatın sözlərinə görə, bu texnologiya göstərdi ki, müasir futbolda ən vacib hakim qərarlarının bir qismi artıq yalnız hakimin müşahidəsinə deyil, topun daxilindən ötürülən dəqiq elektron məlumatlara əsaslanır. Bu isə futbolun daha ədalətli və şəffaf idarə olunmasına mühüm töhfə verir.
Vüsalə









