media-1773294117_whatsapp-image-2026-03-12-at-09-40-03

ABŞ-İsrail müharibəsi qlobal iqtisadiyyatda ciddi təzyiq yaradıb, enerji bazarlarında qeyri-müəyyənlik dərinləşib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, fevralın 28-də başlayan müharibə və Hörmüz boğazı ətrafında yaranan gərginlik dünya iqtisadiyyatına ciddi təsir göstərib. Onun sözlərinə görə, İranın boğazdan neft və mal axınını məhdudlaşdırması bir çox ölkələrdə enerji şokuna səbəb olub.

Şərhçi qeyd edib ki, müharibə dövründə İran həm canlı qüvvə, həm də infrastruktur baxımından ciddi itkilər verib, eyni zamanda bir sıra Fars körfəzi ölkələri də enerji və mülki obyektlərə hücumlarla üzləşib.

Elxan Şahinoğlu vurğulayıb ki, aprelin 7-də əldə edilən atəşkəs və sonrakı danışıqlar bölgədə nisbi sabitlik üçün ümid yaratsa da, tərəflər arasında etimad hələ də zəifdir. Onun fikrincə, Çin atəşkəsin əsas təşəbbüskarlarından biri olsa da, ABŞ Pekinin vasitəçilik rolunu qəbul etməyib.

Şərhçi əlavə edib ki, Hindistan da potensial vasitəçi kimi nəzərdən keçirilsə də, Vaşinqtonla münasibətlərdəki gərginlik buna mane olur. O bildirib ki, Hindistan iqtisadi baxımdan Hörmüz boğazından ciddi asılıdır və burada baş verənlər birbaşa ölkənin enerji təhlükəsizliyinə təsir edir.

Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-ın boğaz üzərində nəzarəti davam etdirməsi Hindistanın İrandan neft idxalını çətinləşdirə bilər. O qeyd edib ki, hazırda Hindistan bayrağı altında üzən 15 gəmi Fars körfəzi akvatoriyasında ilişib qalıb və bu, vəziyyətin nə qədər gərgin olduğunu göstərir.

Şərhçi bildirib ki, Pakistan ABŞ və İran arasında növbəti danışıqlara ev sahibliyi etməyə hazırdır. Onun fikrincə, İslamabadda keçiriləcək mümkün görüşlərin uğurlu olması üçün İranın Hörmüz boğazına nəzarətdən imtina edəcəyinə dair mesaj verməsi vacibdir.

Elxan Şahinoğlu hesab edir ki, əgər növbəti danışıqlar uğursuz olarsa, münaqişənin yenidən alovlanması riski yüksək olaraq qalacaq. O əlavə edib ki, Avropa İttifaqı da bölgədə sabitliyin bərpa olunmasında maraqlıdır, çünki enerji marşrutlarındakı problemlər Avropa iqtisadiyyatına da mənfi təsir göstərir.

Şərhçi qeyd edib ki, mövcud vəziyyət Körfəz ölkələrini alternativ enerji marşrutları barədə düşünməyə vadar edir. Lakin yeni boru xətlərinin tikintisi uzun illər tələb etdiyindən, qısa müddətdə əvvəlki gəlir səviyyəsinə qayıtmaq çətin olacaq.

Elxan Şahinoğlu sonda Azərbaycan nümunəsini xatırladaraq bildirib ki, enerji resurslarının ixracında marşrutların şaxələndirilməsi strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın bir neçə boru xəttinə sahib olması ölkəyə alternativ imkanlar yaradıb və bu model digər enerji ixracatçıları üçün də nümunə ola bilər.

Vural


media-adspc

Bənzər xəbərlər