media-nocomment_e9f6482c46d3a9ce7f8a37e557b29529_5bxlqsaeptkjchgznf4m-640x336

Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, ABŞ isə İranla qarşıdurmada fasilədən sonra növbəti addımlara hazırlaşır. Bu mürəkkəb geosiyasi fonda Çin qlobal münaqişələrdən mümkün qədər uzaq duraraq iqtisadi təsir gücünü qorumağa çalışır.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Pekinin əsas məqsədi riskləri minimuma endirərək strateji balansı saxlamaqdır.

Onun sözlərinə görə, yaxın aylarda həm ABŞ, həm də Rusiya prezidentlərinin Çinə planlaşdırılan səfərləri Pekinin artan rolunun göstəricisidir:

“Rusiya Prezidenti Vladimir Putin Pekinə səfər ərəfəsində xarici işlər naziri Sergey Lavrovu öncədən Çinə göndərməklə mövqelərini gücləndirməyə çalışır. Lavrovun Çin lideri Si Cinpin və xarici işlər naziri Van i ilə görüşlərində əsas mövzu enerji əməkdaşlığının genişləndirilməsi olub”.

Şərhçi qeyd edir ki, Moskva açıq şəkildə Çinin Rusiyadan daha çox neft almasını istəyir və hətta Hörmüz boğazında mümkün blokada nəticəsində yaranacaq enerji çatışmazlığını kompensasiya etməyə hazır olduğunu bildirir. Lakin Pekin bu təklifə ehtiyatla yanaşır:

“Çin heç vaxt enerji sahəsində bir mənbədən asılı olmaq istəmir. Ona görə də İran və Körfəz ölkələri ilə enerji əlaqələrini bərpa etmək niyyətindədir”.

Elxan Şahinoğlu vurğulayır ki, Pekin üçün əsas prioritet “Hörmüz boğazı”nda sabitliyin təmin olunmasıdır:

“Çin istəyir ki, İran və ABŞ arasında müəyyən razılaşma əldə olunsun. Amma eyni zamanda Tehran rejiminin zəifləməsi də Pekinin maraqlarına uyğun deyil”.

Analitik bildirir ki, Çin müharibə dövründə İranı dolayı yollarla dəstəkləməyə çalışıb. “Financial Times” nəşrində yayımlanan məlumatlara görə, İran Çin peyk imkanlarından istifadə edib. Rəsmi Pekin bunu təkzib etsə də, bu iddialar Çinin regiondakı rolunun genişləndiyini göstərir.

Şahinoğlu əlavə edir ki, Çin bir tərəfdən ABŞ-ın Hörmüz boğazı ətrafındakı fəaliyyətlərini tənqid edir, digər tərəfdən isə İranın bu boğaz üzərində nəzarətinə açıq etiraz etmir:

“Bu, Pekinin klassik balans siyasətidir. Çin həm ABŞ-la açıq qarşıdurmadan qaçır, həm də regiondakı tərəfdaşlarını itirmək istəmir”.

Onun fikrincə, Çin gəmilərinin bölgədə aktivləşməsi və Pekinin BMT-də İrana qarşı qətnamələri bloklaması təsadüfi deyil:

“Çin neft idxalının böyük hissəsini məhz bu marşrutla həyata keçirir. Ona görə də ‘Hörmüz boğazı’ Pekin üçün həyati əhəmiyyət daşıyır”.

Sonda şərhçi qeyd edir ki, Çin regional ittifaqlar qurmaqla ABŞ-ın təsirinə alternativ sistem formalaşdırmağa çalışır:

“Pekin Körfəz ölkələrini xarici müdaxiləyə qarşı birləşməyə çağırır. Bu isə əslində ABŞ-a qarşı siyasi cəbhə qurmaq cəhdidir”.

Vural


media-adspc

Bənzər xəbərlər