media-whatsapp-image-2026-04-17-at-10-34-19

AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent dostum Natiq Alışovun möhtəşəm bir kitabı dərc edilib. Tam əminliklə deyirəm ki, bu əsəri dünya səviyyəsinə çıxarsaq, hər kəs həqiqətləri görəcək.

media-whatsapp-image-2026-04-17-at-10-34-28

Qısa olaraq Natiq barədə onu deyim ki, Ermənistan efirlərində “persona non grata” elan edilən alim dostum araşdırmaları ilə onlara ciddi zərbə vurub.

Dostumun bu tədqiqatı Cənubi Qafqazın ən qədim xristian ənənələrindən birinin izini sürən, yeraltı məbədlərdən tutmuş monastırlara, trapesvari kilsələrdən qəbir abidələrinə qədər geniş materialı əhatə edən əsl ensiklopediyadır. “Bizdə elm yoxdur” deyənlərə bu kitab konkret cavabdır: elm var və təqdim edilən kitab bunun bariz nümunələrindən biridir.

Kitabın ən güclü tərəfi onun çoxdilli yanaşmasıdır – Azərbaycan, ingilis və rus dillərində dərc olunması onu dünya səviyyəsinə çıxarmağı zəruri edir. Hər bölmə arxeoloji qazıntılar, epiqrafik tapıntılar və memarlıq təhlilləri ilə zənginləşdirilib.

Xüsusilə mağara məbədləri, yarımqazma kilsələr və xaçvari tipli ibadətgahlar haqqında fəsillər oxucuda sanki o dövrün qayalar üzərində oyulmuş məbədlərində gəzirmiş hissi yaradır. Bu kitab təkcə arxeoloqlar və tarixçilər üçün deyil, həm də Qafqazın mədəni irsinə maraq göstərən hər kəs üçün dəyərli mənbədir.

Natiq Alışov çoxillik tədqiqatlarını yığcam, aydın və hərtərəfli şəkildə təqdim edərək, Qafqaz Albaniyasının xristian mirasının əsl tarixini beynəlxalq aləmə çatdırır.

Bu kitabı oxuyarkən əmin olursan ki, Qafqaz Albaniyasına məxsus xristian abidələrində aparılan arxeoloji tədqiqatlar xalqımızın zəngin maddi mədəniyyətinə dair əsassız iddiaların heç bir elmi əsasının olmadığını bir daha sübut edir.

Ən çox xoşuma gələn məqam isə budur ki, Natiq peşəkar alim kimi nə quru akademik dildə danışır, nə də populyarlaşdırma xatirinə məzmunun dərinliyini itirir. O, sadəcə səni mağara məbədlərinə, yarımqazma kilsələrə, trapesvari ibadətgahlara aparır. Sanki kitabın səhifələri arasında gəzir, daşların üzərindəki oyma xaçlara toxunursan.

Kitabın ən dəyərli cəhətlərindən biri də onun tipoloji zənginliyi və xronoloji ardıcıllığıdır. Müəllif sadəcə kilsələri sadalamır, onları inşa texnikası, plan quruluşu, funksional təyinatı və məkan mövqeyi baxımından təhlil edir. Mağara məbədləri, dairəvi məbədlər, yarımqazma kilsələr, xaçvari və trapesvari kilsələr – hər bir tip ayrıca diqqətə layiqdir. Bu tipologiyanın əyani şəkildə təqdim olunması oxucuya Albaniyanın xristian memarlığının nə qədər zəngin və özünəməxsus olduğunu dərk etməyə imkan verir.

Tarixçilərə, arxeoloqlara, memarlıq tarixçilərinə, dinşünaslara, Qafqaz üzrə mütəxəssislərə və bölgənin mədəni irsinə elmi maraq göstərən hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm.

Zaur Əliyev

 


media-adspc

Bənzər xəbərlər