media-641496674_1456831675811881_816066782929295645_n

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazın dinc gələcəyinin qurulması istiqamətində göstərilən səyləri alqışlayaraq, beynəlxalq ictimaiyyəti bu proseslərdən nümunə götürməyə çağırıb.

ERAmedia xəbər verir ki, Türkiyə Prezidenti İstanbulda yerləşən Dolmabaxça Sarayında Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iştirakçılarına müraciət edib.

Türkiyə lideri çıxışında Cənubi Qafqazdakı proseslərə toxunaraq bildirib: “Biz Cənubi Qafqazda dinc gələcək, sülh və rifahın qurulması istiqamətində atılan addımları alqışlayırıq və ümid edirik ki, bu proses bütün dünya üçün nümunə olacaq”.

Prezident Ərdoğan İstanbul şəhərinə gələn təxminən 155 ölkənin nümayəndələrinə minnətdarlığını ifadə edib.

Onun sözlərinə görə, Parlamentlərarası İttifaq artıq 137 ildir mühüm rol oynayır və “Hər kəs üçün demokratiya” şüarı çərçivəsində parlament demokratiyasının inkişafına töhfə verir.

“Dialoq və əməkdaşlıq imkanlarının genişləndirilməsinə, sülh və ədalətin təmininə yönəlmiş təşəbbüslərin təşviqini hədəfləyən Parlamentlərarası İttifaqın missiyasını yüksək qiymətləndirirəm”, – deyə Türkiyə lideri vurğulayıb.

Eyni zamanda, siyasətçi mövcud beynəlxalq münasibətlər sistemindəki böhrana diqqət çəkib: “80 il əvvəl İkinci Dünya müharibəsindən sonra qalib ölkələr tərəfindən formalaşdırılan beynəlxalq sistem bu gün ciddi legitimlik böhranı yaşayır. Bu sistemin əsasını təşkil edən dəyərlər və prinsiplər öz mənasını və etibarlılığını itirməkdədir”.

Türkiyə Prezidenti beynəlxalq hüququn məcburi normalarının təsirini itirməsindən və dünyada hər gün yeni müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin törədilməsindən təəssüfünü ifadə edib.

“Sağlam düşüncənin tərk edildiyi, dialoq mexanizmlərinin iflic olduğu, diplomatiya və danışıqların silahlarla əvəz olunduğu bir şəraitdə heç kim özünü təhlükəsiz hesab edə bilməz”, – deyə o əlavə edib.

Türkiyə lideri vurğulayıb ki, Ankaranın xarici siyasətində əsas prioritet münaqişələrin harada baş verməsindən asılı olmayaraq, onların sülh yolu ilə həllidir.

“Tam aydındır ki, region ölkələrinin əsas aktorlar olmadığı heç bir model sülh və təhlükəsizliyin təmin olunması məsələsinə cavab verə bilməz”, – deyə Ərdoğan bildirib.


media-adspc

Bənzər xəbərlər