media-receb-ayinda-hansi-emelleri-edek-6980

media-photo_5463144451887795364_m

  • Rəsul Mirhəşimli

Bu gün tez-tez eşitdiyimiz bir ifadə var: “İbadət etmədiyinə baxmayın, ürəyi təmizdir”. Bəs ürəyin təmizliyi fiziki və mənəvi baxımdan nə deməkdir? Bunu araşdırmadan əvvəl ürəyin təmizliyi və funksiyası üzərində bir qədər dayanmaq lazımdır.

Ürək xüsusi bir növ zolaqlı əzələ toxumasından ibarət olan, öz-özünə yığılma xüsusiyyətinə malik güclü bir nasosdur. Metabolizma nəticəsində yaranan tullantıların bədəndən uzaqlaşdırılması, bədən temperaturunun tənzimlənməsi, turşu-qələvi balansının qorunması, hormon və fermentlərin lazımi yerlərə daşınması kimi funksiyaları qan dövranı sistemi, yəni ürək və damarlar yerinə yetirir.

Verilən məlumatlara əsasən, ürək daha çox orqanizmi qanla təmin edən bir orqan kimi fəaliyyət göstərir. Burada diqqət yetirilməli bir məqam var, qan məsələsində İslam dininin hökmü qətidir. Allah Təala Qurani-Kərimdə buyurur: “O (Allah) sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri haram etmişdir” (Bəqərə surəsi, 173). Deməli, haramla qidalanan bir orqanın olduğu yerdə təmizlikdən danışmaq mümkün deyil.

Əslində “təmizlik” anlayışı ürəyə yox, qəlbə aiddir. Qəlb ürəkdə olan mənəvi bir güc, bir qüvvədir. Ürək heyvanda da var, lakin qəlb yalnız insana məxsusdur. Bədənin bütün üzvləri qəlbin əmrinə tabedir. İnanmaq, sevmək, qorxmaq kimi xüsusiyyətlər qəlbə aiddir.

İndi əsas məsələyə keçək: “İbadətsiz qəlb təmiz ola bilərmi?” Qeyd etmək lazımdır ki, yalnız ibadət etmək də mömin üçün kifayət deyil. Quranda möminlik iki cür izah olunur, biri özünü mömin hesab edənlər, digəri isə Allahın mömin saydığı şəxslərdir. Allahın mömin saydığı anlayış çox dərin və çətindir. “İman, əməllə inancın birliyidir; İslamı qəbul etmək isə zahiri bir davranışdır”. Hucurat surəsinin 14-cü ayəsinə görə, həqiqi mömin olmaq asan deyil. Möminlik ibadətləri yerinə yetirən və saleh əməllər işləyən insanlarda özünü göstərir. Allahın istədiyi möminlik də bu şəkildə formalaşır. Yalnız ibadət edib yaxşı əməlləri ikinci plana atanlar isə sadəcə “abid” sayılır.

Bir daha qayıdaq, “Qəlb təmizdirsə, ibadətə ehtiyac yoxdur” deyənlərin iddiasına. Allah ibadəti müsəlmanlara əmr edib. İman isə Allahdan gələn hər şeyi tərəddüdsüz qəbul etməkdir. Əgər bir müsəlman “Qəlbim təmizdir, ibadətə ehtiyac yoxdur” deyirsə, bu, təkəbbürdür. İslamda təkəbbür sevilməyən bir xüsusiyyətdir. Qəlbin təmizliyinin məqsədi Allahın sevgisini qazanmaqdır; təkəbbürlə sevgi bir arada ola bilməz. İbadət isə müəyyən yaşa çatmış hər müsəlmanın borcudur.

Allahın əmrlərini yerinə yetirməmək qəlbin qaralması ilə əlaqədardır. Qəlbin qaralması isə imanın zəifliyi deməkdir. İslamın beş şərti (namaz, oruc, zəkat və həcc) Allah və Peyğəmbərə (s) imanın göstəriciləridir. Zəkat və həcc maddi imkandan asılıdır, lakin namaz və oruc sağlam və ağıllı hər müsəlmana vacibdir. Allahın əmrləri mübahisə edilə bilməz. Bunları inkar etmək isə Allaha qarşı üsyan sayılır.

İmanın əlaməti dinin əmrlərini sevə-sevə yerinə yetirməkdir. Namaz qılmayan birinin “qəlbim təmizdir” deməsi isə cahillikdir. Sevgi olmayan qəlb ölüdür. Qəlb dünya sevgisi ilə də dolu ola bilər, Allah sevgisi ilə də. Qəlbi təmizləmək üçün Allahı zikr etmək və dünya sevgisini qəlbdən çıxarmaq lazımdır. Çünki dünya keçicidir. Böyük şair Yunus Əmrənin dediyi kimi, “Dünya dedikləri bir kölgəlikdir”. İnsan bu dünyada qısa müddət yaşamaq və axirət üçün əməllər toplamaq üçün var.

İbadətdən qaçmaq üçün irəli sürülən bəhanələrdən biri də vaxtın olmamasıdır. İnsan gündə bir neçə dəfə yemək üçün vaxt tapa bilirsə, ibadət üçün də vaxt tapa bilər. İbadət ruhun ehtiyacıdır. Ruhunu qidalandırmayan insan nəfsinə uymuş olur. Ruhsuz bədən isə nə özünə, nə də başqasına fayda verir.

İbadətin əhəmiyyəti ilə bağlı Hz. Peyğəmbərin (s) dövründə baş verən bir hadisə buna gözəl nümunədir. Bədir döyüşündə namaz vaxtı çatmışdı, lakin şərait çətin idi. Düşmən hücum edə bilərdi. Buna baxmayaraq, Peyğəmbər (s) ordunu iki hissəyə bölərək bir qisminin namaz qılmasını, digərinin isə müdafiədə durmasını təmin etdi. Sonra yerlərini dəyişdilər. Beləliklə, həm ibadət yerinə yetirildi, həm də qələbə qazanıldı.

Deməli, ibadət yalnız bir əmr deyil, həm də nəfsə qarşı mübarizədir. Nəfsinə qalib gələn insanın qəlbi də təmiz olur. Belə insanın mükafatını isə Allah Təala sevə-sevə verər, inşəallah.


media-adspc

Bənzər xəbərlər