İki ölkə Suriyada İŞİD-ə qarşı birgə hava zərbələri endirib
Fransa və Böyük Britaniya yanvarın 4-də Suriyada İŞİD terror qrupuna məxsus olduğu ehtimal edilən obyektə qarşı birgə hava zərbələri həyata keçirib. Fransa ordusu bildirib ki, əməliyyatın məqsədi “Daech”in yenidən dirçəlməsinin qarşısını almaqdır.
ERAmedia xəbər verir ki, Britaniyanın Müdafiə Nazirliyinin açıqlamasına görə, zərbə Suriyanın mərkəzində, qədim Palmira şəhərinin şimalında yerləşən dağlıq ərazidə yeraltı obyektə endirilib. Həmin məkanın terrorçular tərəfindən silah və partlayıcı maddələrin saxlanılması üçün istifadə olunduğu ehtimal edilir. Əməliyyat beynəlxalq koalisiyanın “Inherent Resolve” missiyası çərçivəsində həyata keçirilib.
Britaniya təyyarələri hədəfi vurmaq üçün “Paveway IV” tipli idarəolunan bombalardan istifadə edib. İlkin qiymətləndirmələrə əsasən, obyekt uğurla məhv edilib və mülki əhali üçün risk qeydə alınmayıb. Bütün təyyarələrin bazaya təhlükəsiz qayıtdığı bildirilib.
Britaniyanın müdafiə naziri Con Hili bu əməliyyatın İŞİD-in yenidən güclənməsinə qarşı mübarizədə müttəfiqlərin qətiyyətini nümayiş etdirdiyini vurğulayıb. Xatırladaq ki, İŞİD 2019-cu ildə beynəlxalq koalisiya tərəfindən məğlub edilsə də, Suriyanın səhralıq bölgələrində gizlənən qruplaşma üzvləri hələ də ara-sıra hücumlar həyata keçirir. ABŞ da dekabrın sonunda Suriyada İŞİD-in mövqelərinə zərbələr endirdiyini açıqlamışdı.









