Knessetdəki müzakirə regionda “Qara bulud”a dönə bilərmi? - AÇIQLAMA

İsrail parlamentində “erməni soyqırımı”nın tanınmasının müzakirəyə çıxarılması ehtimalı sözdə genosidin müxtəlif vaxtlarda müxtəlif dövlətlərin “tarixi yaddaşa” qayıdışı zərurətindən deyil, dövlətlərarası münasibətlərə təsir edə biləcək siyasi hadisə “yaratmaq” istəyindən irəli gəlib. Onu da xatırladaq ki, “erməni soyqırımı” məsələsinin ayrı-ayrı dövlətlər tərəfindən fərqli maraqlar naminə ortaya atılması nə birinci, nə də, göründüyü kimi, sonuncu cəhd olacaq.
ERAmedia xəbər verir ki, bu fikirləri Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov səsləndirib.
Günümüzdə iqtidar Likud partiyasının sədri, ölkənin Baş naziri Benyamin Netanyahunun təkid və təzyiqləri nəticəsində parlamentinin müzakirsinə çıxarılması gözlənilən məsələ ətrafında İsrailin uzun illər ərzində ehtiyatlı mövqe tutduğunu deyən ekspert hesab edir ki, məsələ parlament müzakirəsinə çıxarılsa belə, bu, avtomatik olaraq rəsmi tanınma demək deyil və istənilən parlamentdə müxtəlif siyasi təşəbbüslərin müzakirəsi qanunvericilik prosesinin bir hissəsidir, hanısısa hüquqi nəticə doğurmur.
Ekspert hesab edir ki, indi qaldırılan məsələ Netanyahunun Yaxın Şərqlə bağlı uzağagedən planlarında xəyalqırıqlığı yaradan Türkiyəyə “diş qıcamaq” olsa da, qətiyyən güc nümayişi sayıla bilməz: “Bu, olsa-olsa, Ermənistan diplomatiyasının “siyasi uğuru”, “İran fiaskosu yaşayan” Baş nazirin ölkəsində və dünyada indiyəcən görünməiş bərbad reytinqinin reanimasiyası cəhdindən başqa bir şey deyil”.
İsrailin dövət maraqlarında Türkiyə ilə münasibətlərin qorunması, Azərbaycanla strateji tərəfdaşlıq, regional təhlükəsizlik məsələləri, İran faktorunun nəzərə alınmasının prioritet istiqamət olduğunu vurğulayan Firuz Novruzov baş verənlərin uzağagedən nəticələrlə bitməyəcəyinə əmindir: “Türkiyə bu məsələyə milli tarix faktı kimi yanaşır, “soyqırımı” terminini rədd edir. Addım, diplomatik ritorikanı sərtləşdirə, ikitərəfli münasibətlərdə əlavə gərginlik yarada bilər, lakin İsraillə Türkiyə arasında enerji, ticarət və regional təhlükəsizlik sahələrində əməkdaşlıq maraqlarının mövcud olduğunu unutmaq olmaz. Üstəlik, Azərbaycanın “erməni soyqırımı” məsələsinə Türkiyə ilə oxşar mövqedən yanaşdığını, bu mövzunun beynəlxalq siyasi alətə çevrilməsinə tənqidi münasibətini yaddan çıxarmamalıyıq”.
Ekspert, artıq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda “hadisələrin Bakıda diqqətlə izləniləcəyinin” vurğulandığını xatırlatdı.
Ural Dəyirmançı









