Mehri Ağayeva gümüş medal qazandı
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandasının üzvü Mehri Ağayeva gümüş medal qazanıb.
ERAmedia-ya Federasiyadan bildirilib ki, idmançı qızlar arasında E qrupunda 1 metr tramplindən tullanma yarışında 115,20 xal toplayaraq 15 iştirakçı arasında ikinci yeri tutub.
Qeyd edək ki, Mehri Ağayeva ötən il eyni yarışda və eyni növdə 72,95 xalla 11-ci olmuşdu.
İyulun 17-dək davam edəcək turnirdə 15 ölkədən 187 idmançı mübarizə aparır. Azərbaycan yarışda Alisa Hacıyeva, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva, Məhəmməd Hüseynov, Sofiya Ağayeva və Suada Tahirin yer aldığı 7 nəfərlik heyətlə təmsil olunur.










