media-1784226686_1784210494_whatsapp-image-2026-07-16-at-17-59-27

“Yüksək nəticə əldə etməyin sirri öz üzərində daim çalışmaqdır”.

ERAmedia xəbər verir ki, bu sözləri MİQ imtahanında 98,75 bal toplayan tarix müəllimliyi üzrə namizəd Çəmən Əliyeva AzEdu.az-a açıqlamasında bildirib.

“Bu gün tarix müəllimliyi üzrə MİQ imtahanında 98,75 bal topladım. Düzü, özümdən yüksək nəticə gözləyirdim və bu məqsədi qarşıma qoymuşdum. İmtahan zamanı bir qədər həyəcanlı olsam da, sualları çox diqqətlə işlədim və hətta cavablarımı yenidən yoxlamaq üçün vaxtım da qaldı. Nəticəni gördükdə isə çox sevindim.
18 illik pedaqoji fəaliyyətim var.

Bu müddət ərzində Yevlax rayon Xanabad kənd tam orta məktəbində və Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbdə müəllim kimi çalışmışam. Son bir ildə isə yaşayış yerimi dəyişdiyim üçün öz ərizəmlə işimdən ayrılmışdım. Gələcəkdə pedaqoji fəaliyyətimi Bakı şəhərində davam etdirmək istəyirəm.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışam. Magistratura təhsilim yoxdur. Pedaqoji fəaliyyətim dövründə olimpiada qalibləri hazırlamışam. Şagirdlərim qızıl və gümüş medallara layiq görülüblər. Bu nailiyyətlərə görə elm və təhsil naziri Emin Əmrullayev tərəfindən də təltif olunmuşam.

Mənə görə, yüksək nəticə əldə etməyin əsas sirri öz üzərində daim çalışmaqdır. Müəllim hər zaman özünü inkişaf etdirməlidir. MİQ imtahanına hazırlaşarkən xüsusi hazırlıq kurslarına qatılmamışam. Kurikulum və metodika mövzularını qrup yoldaşımla birlikdə müxtəlif vəsaitlər üzərində müzakirə edərək öyrənmişik, test tapşırıqlarını birlikdə həll etmişik və səhvlərimizi təhlil etmişik. Hesab edirəm ki, davamlı mütaliə, sistemli hazırlıq və zəhmət yüksək nəticənin əsas açarıdır.

İmtahanda uğur qazanmaq istəyən müəllimlərə də tövsiyəm odur ki, öz üzərlərində davamlı çalışsınlar və heç vaxt inkişaf etməkdən dayanmasınlar. Çünki çəkilən zəhmətin qarşılığı mütləq öz bəhrəsini verir”.


media-adspc

Bənzər xəbərlər