“Molla Nəsrəddin necə yarandı?” : Əziz Şərifin qələmindən tarixi həqiqətlər...

Elnarə QARAGÖZOVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası,
Şübhə etməkdə haqlıdır insan…
H. Cavid
“Molla Nəsrəddin” jurnalı ideya və mündəricə baxımından dövrünün qabaqcıl nəşri, müasir təbirlə desək “neo jurnal” idi. Jurnalın adı, tərtib prinsipləri, bölmələri qarşıya qoyulan ideyaya – cəmiyyəti qəflətdən ayıltmağa yönəlməklə bərabər dövrün oxucusunun psixologiyasına və zövqünə də hesablanmışdı. 2009-cu ildə Naxçıvan universiteti tərəfindən akademik İsa Həbibbəylinin tərtibçiliyi və ön sözü ilə təkrar nəşr olunmuş Əziz Şərifin “Molla Nəsrəddin necə yarandı?” əsəri bu jurnalın keçdiyi çətin və şərəfli yol haqqında maraqlı tarixi hekayətdir. Bu hekayəti özünəməxsus və fərqli şəkildə yaradan Əziz Şərif əsər boyu olduqca maraqlı, bu gün də tədqiqatçılar üçün önəmli olan, tarixə işıq salan məqamlara toxunmuşdur.

İlk öncə qeyd etməliyik ki, Əziz Şərif C. Məmmədquluzadə satirasının Axundov satirasından fərqini çox gözəl və dəqiq ifadə edir: “Axundov şəri açıqdan-açığa, satirasının oxlarını gizlətmədən sancır. Məmmədquluzadə isə şəri şər, ədalətsizliyi ədalətsizlik, pisliyi pislik adlandırmadan , kinayə, istehza, rişxənddən istifadə edir; şərdən, ədalətsizlikdən, eybəcərlikdən danışarkən o buradaca bu mənfi halları bir növ doğrultmağa, müdafiə etməyə başlayır, kinayə və istehza üsulundan istifadə edərək, sübuta yetirməyə çalışır ki, indicə təsvir edilmiş şər iş heç də şər deyil, ifşa olunmuş ədalətsizlik heç də ədalətsizlik deyil, bəlkə də xalis ədalətdir”( Əziz Şərif. “Molla Nəsrəddin” necə yarandı?. “Əcəmi”, Naxçıvan, 2009, 384 səh. s. 140).
Bəs Mirzə Cəlilə Molla Nəsrəddin statusu qazandıran nə idi? Niyə nə ondan əvvəlki, nə də ondan sonrakı satiriklər bu obrazla onun qədər bağlı deyildilər? Əziz Şərif bu sualın cavabını Cəlil üslubunun digər bir cəhətində – qələmə aldığı hadisələri zahiri sakitlik və soyuqqanlılıqla təsvir istedadında görür: “Lakin özü zahirən ehtirassız qala-qala oxucunun ehtiraslarını qızışdırır, özü sanki laqeyd və ehtirassız olduğu halda, oxucunu hiddətləndirir, kədərləndirir, qeyzləndirir, bir sözlə, istədiyi hissi yaradır”. (Əziz Şərif. “Molla Nəsrəddin” necə yarandı?. “Əcəmi”, Naxçıvan, 2009, 384 səh. s. 363-364)
Əziz Şərif bu tədqiqatında nəinki Molla Nəsrəddinin necə yarandığını göstərməyə çalışır, həm də Mirzə Cəlil mətninin ən zərif ilmələrini bütün gözəlliyi ilə oxucuya nümayiş etdirir. Əziz Şərif “Poçt qutusu” hekayəsindən söz açarkən diqqəti Vəli xanın Novruzəlinin gecikməsi ilə bağlı düşüncələrinə cəlb edir və ilk baxışdan diqqəti cəlb etməyən bir məqamı vurğulayır. Məlumdur ki hekayədə Novruzəlinin gecikdiyini görən xan fikirləşir ki o yəqin ki çörək yeməyə gedib. “Hekayədə elə beləcə də yazılmışdır: “çörəkdən-zaddan alıb yesin…”. Xan üçün tamamilə təbii haldır ki, kənddən öz eşşəyinə yükləyib, öz xoşu ilə, ondan heç bir şey ummadan, ona iki çuval xalis ağ un, bir neçə xoruz, dəsmalda yumurta (başqa şeylərdən hekayədə deyilmir) hədiyyə gətirmiş kəndli bazarda öz puluna “çörəkdən-zaddan alıb” aclığını dəf eləsin; tam iki saat nahara həsr edən (“çörəyin yeyilməyi iki saat çəkdi…” ) xanın ağlına da gəlmir ki, ona sovqat gətirən kəndliyə çörək versin, ağlına gəlmir, çünki o özü ilə əkinçi Novruzəli arasındakı uçurumun dərinliyini yaxşı bilir”. (Əziz Şərif. “Molla Nəsrəddin” necə yarandı?. “Əcəmi”, Naxçıvan, 2009, 384 səh. s. 238)
Daha sonra isə Əziz Şərif “Qeyrət” mətbəəsinin fəaliyyətindən danışarkən mətbəənin xərclərini ödəmək üçün sifarişə kəskin ehtiyac olduğunu bildirərək olduqca maraqlı bir məqama toxunur və öz sualını belə cavablayır: “Mətbəənin işsiz qaldığı halda nə üçün yazıçımız öz başqa əsərlərini, o cümlədən “Eşşəyin itməkliyi” və “Kişmiş oyunu” hekayəsini nəşr edib satışa buraxmadı? Bizim zənnimizcə, Cəlil Məmmədquluzadə öz əsərlərindən o qədər razı deyildi və onların satıla biləcəyinə ümid etmirdi. Bəlkə elə buna görə də o “Kişmiş oyunu” hekayəsini “Şərqi–rus” qəzetində dərc etdirərkən öz imzasını qoymamış, ya da “C. M.” hərfləri ilə kifayətlənmişdi”. (Əziz Şərif. “Molla Nəsrəddin” necə yarandı?. “Əcəmi”, Naxçıvan, 2009, 384 səh. s. 276)
Digər bir məqamda Əziz Şərif Sovet ədəbiyyatında stereotip mülahizələrdən birini özünəməxsus şəkildə dağıdaraq Ölülər əsərində Şeyx Əhmədin və Şeyx Nəsrullahın əsərdə köməkçi vəzifə daşıdığını və onların ifşasına ehtiyac olmadığını və müəllifin də məqsədinin bu olmadığını bildirir və əsərə daha geniş prizmadan baxır: “Müəllifin əsas məqsədi Ölülər cəmiyyətini ifşa etməkdir. Mən qəsd ilə cəmiyyət sözünü işlədirəm və təkrar edirəm, çünki bu cəmiyyətin ayrı-ayrı ünsürlərini ifşa etməklə bütün cəmiyyəti ifşa etmək arasında böyük fərq vardır”. (Əziz Şərif. “Molla Nəsrəddin” necə yarandı?. “Əcəmi”, Naxçıvan, 2009, 384 səh. s. 374)

Cəlil Məmmədquluzadənin yaratdığı jurnal mükəmməl bir proyekt idi. “Molla Nəsrəddin” jurnalı ətrafında birləşən ədiblər – Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz Şəbüstəri, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi və digərləri dövrün əsas bəlalarını, cəmiyyəti və xalqı inkişafdan saxlayan məqamları xalqın öz dilində, sadə bir təhkiyə ilə işıqlandırırdılar. Əzim Əzimzadə, Oskar Şmerlinq və İosif Rotterin çəkdiyi karikaturalar isə savadsız insanların belə jurnalla maraqlanmasına, dərginin xalq məhəbbəti və populyarlıq qazanmasına rəvac verirdi. Bu səbəbdən ilk satirik jurnal olsa da “Molla Nəsrəddin” tənqidi realizmin ən kəskin silahına və qərargahına çevrilə bildi.










