media-media-iran-rusiya-qm4ncr

Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Cənubi Qafqazda “3+3” formatının bərabərhüquqlu altıtərəfli əməkdaşlıq platforması olmalı və növbəti “Minsk qrupu”na çevrilməməli olduğunu bildirib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında hesab edib ki, hazırkı vəziyyətdə bu format artıq “Minsk qrupu”na çevrilmək istiqamətindədir.

Onun sözlərinə görə, ilk növbədə, “3+3” formatının tərkibi ilə bağlı problem mövcuddur:

“Qrupun üzvlərindən biri – Gürcüstanın məlum səbəblərə görə Rusiya ilə diplomatik münasibətləri yoxdur və rəsmi Tbilisi haqlı olaraq bu formatda iştirak etmir. Yəni indiki halda söhbət yalnız 3+2 formatından gedə bilər”.

Siyasi şərhçi qeyd edib ki, digər əsas problem Rusiya və İranın Cənubi Qafqaz ölkələrinin müstəqil qərarlarına münasibəti ilə bağlıdır.

“Rusiya və İran hələ də Cənubi Qafqaz ölkələrinin müstəqil qərarlarına hörmət etmirlər. Məsələn, həm Moskva, həm də Tehran açıq-aşkar “Tramp yolu”nun əleyhinədirlər. Onlar bunu ABŞ-ın bölgədə möhkəmlənməsi kimi qəbul edirlər. Halbuki Azərbaycanın və Ermənistanın istər ABŞ, istərsə də Avropa İttifaqı ilə sıx əlaqələri müstəqil qərarlardır. Başqa dövlətlərin bu qərarların əleyhinə çıxması regional əməkdaşlıq imkanlarını azaldır”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

O bildirib ki, “Tramp yolu”ndan bir sıra ölkələr, o cümlədən Azərbaycan və Ermənistan faydalana bilərlər:

“Əgər bir ölkə qonşusunun qərarına hörmət etmirsə, onunla bir formatda uzun məsafə qət etmək mümkün olmayacaq. Azərbaycan üçün ən yaxşısı qonşu ölkələrlə ikitərəfli və üçtərəfli formatları davam etdirməkdir”.

Elxan Şahinoğlu əlavə edib ki, Azərbaycan “3+3” formatından imtina edən tərəf olmayacaq:

“Əlbəttə, 3+3 formatından imtina edən tərəf biz olmayacağıq. Ancaq Rusiya və İranın qonşu ölkələrə münasibətdə siyasətləri dəyişməyincə, bu format elə Minsk Qrupu kimi fəaliyyət göstərəcək”.


media-adspc

Bənzər xəbərlər