media-1789888346_00

Moskva və Moskva vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Moskva vilayətində iki nəfər həlak olub, xəsarət alanlar var, yaşayış evlərinə və infrastruktur obyektlərinə ziyan dəyib.

ERAmedia xəbər verir ki, Moskva meri Sergey Sobyanin sözlərinə görə, Moskva Neft Emalı Zavodunun ərazisində yerləşən obyektlərdən biri zədələnib. Xəsarət alan olmayıb, hadisə yerində təcili xidmətlər işləyir.

Bundan başqa, pilotsuz uçuş aparatı Rusiya paytaxtının cənubundakı Orexovı bulvarı ərazisində binaya çırpılıb. Hadisənin nəticələri barədə məlumat dəqiqləşdirilir.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, iki saat ərzində hava hücumundan müdafiə qüvvələri və radioelektron mübarizə vasitələri regionun 17 şəhər dairəsində 249 PUA-nı vurub və zərərsizləşdirib.

Ramenskoye şəhər dairəsində 21 mərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü yanıb. Binadan 70-i uşaq olmaqla, 400 nəfər təxliyə edilib. 20 avtomobilə ziyan dəyib.

Sofyino kəndində pilotsuz uçuş aparatı üçmərtəbəli yaşayış binasına çırpılıb. Bir qadın həlak olub, üç böyük və iki uşaq xəsarət alıb. Bundan əlavə, anbar kompleksinin ərazisində yanğın baş verib.

Orexovo-Zuyevo şəhər dairəsində hücumdan sonra yanmağa başlayan fərdi yaşayış evində bir kişi həlak olub. Leninski şəhər dairəsində daha bir nəfər xəsarət alıb.

Kotelniki şəhərində pilotsuz uçuş aparatı evə çırpılıb, bundan sonra binanın üç mərtəbəsindəki mənzillərdə yanğın baş verib. Ramenskoye, Kolomna və Yeqoryevskdə fərdi yaşayış evlərinə ziyan dəyib. Leninski dairəsində, Lyubertsı və Lıtkarinoda da çoxmənzilli yaşayış binalarında yanğınlar qeydə alınıb.

İstrada yaşayış evinə və müəssisə binasına ziyan dəyib. Voskresensk şəhərinə də hücum qeydə alınıb.

Moskva vilayətinin qubernatorunun sözlərinə görə, hücumların qarşısının alınması davam edir.


media-adspc

Bənzər xəbərlər