Nadir şahın Osmanlı ilə bağlı böyük planı - Tarixi FAKTLAR
“Əgər mən Çingiz xan və Əmir Teymurla bir dövrdə yaşasaydım, Çingiz xan səltənət başçısı, Əmir Teymur vəzarət başçısı, mən isə qoşun başçısı olardım, bütün dünyanı biz üçümüz fəth edərdik”.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bu fikrin Nadir şahın hərbi-siyasi dünyagörüşünü xarakterizə edən ifadələrdən biri olduğunu bildirib.
Onun sözlərinə görə, Nadir şah haqqında xarici müəlliflərin əsərlərində də maraqlı tarixi məlumatlara rast gəlmək mümkündür. Bu baxımdan britaniyalı diplomat Ser Mortimer Dürandın 1908-ci ildə nəşr etdirdiyi “Nadir Sah” adlı tarixi roman xüsusi diqqət çəkir.
Zaur Əliyev qeyd edib ki, Ser Mortimer Dürand Britaniyanın diplomatik xidmətində çalışmaqla yanaşı, Şərqin tarixi ilə də ciddi maraqlanıb, qədim əlyazmalar, sənədlər, xəritələr və müxtəlif tarixi əşyalar toplayıb. O, “Nadir Sah” əsərinin girişində hadisələrə daha çox canlılıq və rəng qatmaq məqsədilə kitabı tarixi roman formasında yazdığını qeyd edib.
Tarixçinin sözlərinə görə, Dürand Nadir şahı “Asiyanın sonuncu böyük fatehi” kimi təqdim edir:
“Dürand yazır ki, Nadir şahın hakimiyyəti Qafqaz dağlarından Hindistanın mərkəzinə – Dehliyə qədər uzanırdı. Onun Osmanlı imperiyası ilə yaxınlaşmaq, Böyük Moğol imperiyasının əvvəlki əzəmətini bərpa etmək, avropalılarla rəqabət apara biləcək donanma yaratmaq və Avropanın Asiyada müstəmləkəçilik siyasətinin qarşısını almaq kimi böyük planları olub”.
Zaur Əliyev bildirib ki, kitabda Nadir şahın Rusiya ilə münasibətlərinə dair də maraqlı epizod yer alır. Dürandın yazdığına görə, Rusiya onun ərazilərinə ordu göndərdikdə Nadir şah ruslara qısa məktub göndərərək “özünüz çıxırsınız, yoxsa mən gəlim?” mesajını verib və bundan sonra rus qoşunları geri çəkilib.
Tarixçi qeyd edib ki, Dürand Nadir şahın mənşəyinə xüsusi diqqət yetirir və onu fars deyil, Əfşar tayfasından çıxmış türk mənşəli hərbi xadim kimi təqdim edir.
“Dürandın əsərində Nadir şahın fars saray mühitinə, din xadimlərinə və fars əyanlarına münasibətinin də mürəkkəb olduğu göstərilir. Müəllif onun öz türk köklərinə bağlılığını və saray mühitinə daim ehtiyatla yanaşdığını vurğulayır”, – deyə Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, Nadir şahın əsas siyasi məqsədlərindən biri Osmanlı dövləti ilə dini-siyasi yaxınlaşma yaratmaq olub. Xüsusilə sünni-şiə qarşıdurmasının aradan qaldırılması üçün “Cəfəri məzhəbi” ideyasının irəli sürülməsi bu siyasətin mühüm elementlərindən biri kimi təqdim edilir.
“Dürandın yazdıqlarına əsasən, Nadir şah Osmanlı imperiyası, Hindistan və Mərkəzi Asiyanın xanlıqları arasında geniş dini-siyasi ittifaq yaratmaq istəyirdi. Onun düşüncəsində bu coğrafiyanın vahid siyasi güc ətrafında birləşdirilməsi mühüm yer tuturdu”, – tarixçi vurğulayıb.
Zaur Əliyev 1746-cı ildə Nadir şahın Osmanlı sultanı I Mahmudla yazışmasına da diqqət çəkib. Onun sözlərinə görə, həmin məktubda İraq və Azərbaycan torpaqlarının qədim türkman hökmdarlarına məxsus olduğu barədə fikir ifadə edilir və Şah İsmayılın hakimiyyəti dövründə həmin ərazilərin bir hissəsinin Osmanlı dövlətinin nəzarətinə keçməsi qeyd olunur.
Tarixçi Nadir şahın dil məsələsinə də toxunub:
“Dürand açıq şəkildə bildirir ki, Nadir şahın ana dili türkcə olub. Onun ordusunun əsasını əfşarlar, qacarlar, şahsevənlər və digər türk tayfaları təşkil edirdi. Bu səbəbdən hərbi düşərgələrdə, döyüş taktikasının müzakirəsində, eləcə də şahın yaxın çevrəsində türkcənin mühüm ünsiyyət dili olması təbii idi”.
Zaur Əliyev hesab edir ki, Nadir şahın siyasi və hərbi kimliyini yalnız onun hakim olduğu dövlətin saray dili üzərindən qiymətləndirmək doğru deyil.
“Onun fars dilini bilməsi başqa məsələdir, özünü hansı etnik-siyasi ənənəyə aid hiss etməsi isə tamam başqa məsələdir. Dürandın əsərində Nadir şahın özünü Əfşar elatının nümayəndəsi kimi gördüyü, hərbi və siyasi kimliyini türk tayfa ənənələri ilə əlaqələndirdiyi vurğulanır”, – deyə o əlavə edib.
Tarixçinin fikrincə, Nadir şahın özünü Böyük Səlcuqlular, Çingiz xan və Əmir Teymur kimi böyük fatehlərin imperiya ənənəsinin davamçısı kimi görməsi onun genişmiqyaslı siyasi layihələrini anlamaq baxımından əhəmiyyətlidir.
“Onun əsas xüsusiyyəti yalnız böyük əraziləri fəth etməsi deyildi. Nadir şahın düşüncəsində Osmanlıdan Hindistana, Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan böyük siyasi məkanın yaradılması ideyası var idi. Bu baxımdan onun hərbi yürüşləri ilə yanaşı, dini və siyasi birləşmə təşəbbüsləri də ayrıca araşdırılmalıdır”, – Zaur Əliyev bildirib.
Vüsalə










