Nuru Paşanın Təzəpir məscidində verdiyi MESAJ
1918-ci il sentyabrın 15-də Bakının azad edilməsindən sonra şəhərdə şiə əhalinin Osmanlı ordusunun münasibəti ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün mühüm addımlar atıldı.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, həmin dövrdə rusiyapərəst qüvvələr və ermənilər arasında Osmanlı əsgərlərinin Bakıya daxil olduqdan sonra şiələrə qarşı təqiblər törədəcəyi barədə şayiələr yayılırdı.
Onun sözlərinə görə, bu narahatlığı aradan qaldırmaq məqsədilə Qafqazın şeyxülislamı Axund Ağa Əlizadə sentyabrın 16-da Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı Təzəpir məscidinə dəvət edib.
Zaur Əliyev qeyd edib ki, Nuru Paşanın şiə icmasına münasibətini nümayiş etdirmək üçün məsciddə onun çıxış edəcəyi minbərin hər iki tərəfinə iki qara ələm sancılmışdı. Nuru Paşa məscidə daxil olduqdan sonra Ağa Əlizadənin müşayiəti ilə minbərə qalxıb və cəmi üç pillə yuxarı çıxıb.
Tarixçinin sözlərinə görə, bunun səbəbi soruşulduqda Nuru Paşa xətib olmadığı üçün minbərin ən yuxarı pilləsinə çıxmağı din xadimlərinə və Şeyxülislama hörmətsizlik hesab etdiyini bildirib. Bu davranış məsciddə olan dindarlarda böyük rəğbət yaradıb.
Zaur Əliyevin sözlərinə görə, Nuru Paşa daha sonra minbərdə dayanaraq ələmlərdən birindən yapışıb və çıxışında sünni-şiə qarşıdurmasına deyil, İslamın ümumi dəyərləri ətrafında birliyə diqqət çəkib. O, “Biz hamımız eyni dinin, eyni peyğəmbərin ümmətiyik” fikrini səsləndirərək hər iki məzhəbin vahid İslamın tərkib hissəsi olduğunu vurğulayıb.
Tarix elmləri üzrə fəlsəfə doktoru bildirib ki, Nuru Paşanın bu mövqeyindən sonra Axund Ağa Əlizadə din xadimlərinə müraciət edərək Osmanlı əsgərlərinin Azərbaycan müsəlmanlarının köməyinə gəlməsini dini qardaşlıq nümunəsi kimi qiymətləndirib.
Mərasim zamanı Nuru Paşa Təzəpir məscidinə üzərində Quran ayələri həkk olunmuş, qızıl saplarla işlənmiş xalça və Quran-i Kərim hədiyyə edib.
Mərasim başa çatdıqdan sonra Nuru Paşa və Ağa Əlizadə Təzəpir məscidinin həyətindən çıxaraq Bakı küçələrində piyada hərəkət ediblər. Onları müşayiət edən izdihamlı əhali “Yaşasın Türk ordusu!”, “Yaşasın Nuru Paşa!” şüarları səsləndirib.
Zaur Əliyev qeyd edib ki, həmin günlərdə Bakının müxtəlif məscidlərində sünni və şiə din xadimlərinin birgə təşkil etdiyi birlik namazlarının qılınması da məzhəblərarası həmrəyliyin mühüm göstəricilərindən biri olub.
Onun sözlərinə görə, sentyabrın 16-da Təzəpir məscidinin həyətində Nuru Paşanın və hərbçilərin iştirakı ilə böyük qurbanlar kəsilib, ət yerli əhaliyə və ehtiyac sahiblərinə paylanıb.
Sentyabrın 17-də isə şəhidlərin dəfni ilə bağlı Təzəpir məscidinin həyətində birgə cənazə namazı qılınıb. Ağa Əlizadə və digər din xadimləri həmin mərasimdə vətən və din uğrunda həyatını itirən Osmanlı və Azərbaycan əsgərlərinin məzhəbdən üstün tutulan vahid İslam şəhidliyi anlayışı ilə xatırlandığını bildiriblər.
Tarixçi vurğulayıb ki, məzhəblərarası münasibətlər yalnız dini mərasimlərlə məhdudlaşmayıb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətlərinin təşkilində də öz əksini tapıb.
1918-ci ilin noyabrında dini idarəçilik yenidən təşkil olunub, Axund Ağa Əlizadə Şeyxülislam, Mustafa Əfəndizadə isə Müfti seçilib. Beləliklə, ölkənin dini idarəçiliyində sünni və şiə icmalarının təmsilçiliyinin bərabər əsaslarla həyata keçirilməsi istiqamətində mühüm addım atılıb.
Zaur Əliyevin sözlərinə görə, Azərbaycan Parlamentinin fəaliyyətə başladığı günlərdə və digər əlamətdar günlərdə Axund Ağa Əlizadə ilə Müfti Mustafa Əfəndizadənin parlament kürsüsündə yanaşı dayanaraq birgə dua etməsi də həmin dövrün mühüm simvolik hadisələrindən biri olub.
Tarixçi hesab edir ki, Cümhuriyyət dövrünün bu nümunələri Azərbaycan cəmiyyətində məzhəb fərqlərini qarşıdurma səbəbinə çevirmək əvəzinə, vahid dini və milli kimlik ətrafında birləşməyin mümkün olduğunu göstərir. O vurğulayıb ki, tarixə yanaşarkən ayrı-ayrı dövrlərin siyasi və dini qarşıdurmalarını bütövlükdə Azərbaycan-Türk və İslam tarixinin dəyişməz modeli kimi təqdim etmək düzgün deyil.
Mələk Onur









