media-91377055_0_0_1422_1066_1920x0_80_0_0_c11_1763628564004_mmq01d96

Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl, xüsusilə Azərbaycanda bir çoxları düşünürdü ki, Nikol Paşinyan qalib gələcək və qısa zamanda həm sülh müqaviləsi imzalanacaq, həm Konstitusiya dəyişdiriləcək, həm də işğal altında olan digər 4 kənd (Kərki və Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu kəndləri) Azərbaycana təhvil veriləcək.

Əslində, Paşinyanın hələ bir il öncə bu addımları atmaq üçün hüquqi və siyasi imkanları var idi. Çünki parlamentdə kifayət qədər səsə malik idi və istənilən sənədi maneəsiz keçirə bilərdi. Ancaq o, öz kreslosunu qorumaq və yenidən baş nazir olmaq üçün prosesi şüurlu şəkildə uzatdı. Çünki yaxşı anlayırdı ki, daxildə kiçik və orta sahibkarlığı nə qədər inkişaf etdirsə də, bu güzəştləri seçkidən əvvəl reallaşdıracağı təqdirdə müxalifət ona “xain” damğası vuraraq hakimiyyətdən uzaqlaşdıra bilərdi. Ona görə də Paşinyan maksimum riskləri sığortalayaraq prosesi iyun seçkilərinə qədər gətirib çıxardı.

Seçkinin nəticələri bəzilərində yenidən nikbinlik yaratsa da, Ermənistan qanunvericiliyi və mövcud siyasi reallıq qarşıdakı dövrün son dərəcə ağır və çətin keçəcəyini ortaya qoyur.

Paşinyan bundan əvvəl Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının sovet dövründə Ermənistan SSR-in tərkibində olmadığını əsas gətirərək prosesi “sərhədin dəyişdirilməsi” kimi deyil, sadəcə sovet xəritələrinə əsaslanan “sərhədin dəqiqləşdirilməsi” (delimitasiya) kimi təqdim etdi və parlamenti yan keçərək işi bitirdi. Ancaq o, yerdə qalan digər dörd kəndi eyni üsulla – sadəcə icra hakimiyyətinin birtərəfli qərarı ilə – Azərbaycana verə bilməz. Bunun konkret hüquqi və praktiki səbəbləri var.

Əsas səbəb odur ki, Kərki (Naxçıvan istiqaməti) və Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu kəndləri Ermənistan ərazisi ilə tamamilə əhatə olunub (anklavdır). Ermənistanın daxili hüququna və Müstəqillik Bəyannaməsinə görə, bu ərazilər de-fakto Ermənistanın inzibati idarəçiliyində olan və onun “ərazi bütövlüyü” daxilində qəbul edilən yerlərdir. Ermənistan Konstitusiyasının 205-ci maddəsinə görə isə respublikanın ərazisinə aid dəyişikliklər mütləq ümumxalq referendumu yolu ilə həll olunmalıdır. Əgər ərazi mübadiləsi (məsələn, Başkəndlə dəyişdirilmə) və ya birtərəfli qaytarılma baş verərsə, bu, birbaşa sərhəd dəyişikliyi sayılacaq. Yəni Paşinyan istəsə belə, bu kəndləri Azərbaycana qaytarmaq hüquqi baxımdan asan olmayacaq. Əslində, Azərbaycana geri qaytarılan kəndlər də asanlıqla qaytarılmamışdı. O zaman yaşanan hadisələr hər kəsin xatirindədir.

Paşinyan Azərbaycanla bu kəndlərin qaytarılma mexanizmini razılaşdırsa belə, imzaladığı beynəlxalq müqavilə Ermənistan Milli Assambleyasında (parlamentində) ratifikasiya olunmalıdır. Yeni parlamentdə Paşinyanın “Mülki Müqavilə” partiyası sadə çoxluğa (60-dan çox deputat) sahibdir. Bu güc sadə qanunları və müqavilələri keçirmək üçün yetərlidir. Ancaq radikal müxalifət bu addımı “torpaq vermək” kimi qələmə verərək prosesi Konstitusiya Məhkəməsinə daşımağa çalışacaq. Bu kəndlərin parlamentdən və referendumdan keçmədən birtərəfli təhvil verilməsi isə ölkədə birbaşa konstitusion çevriliş və ya baş nazirin impiçmenti iddialarına hüquqi zəmin yarada bilər.

Ümumiyyətlə, Paşinyan Ermənistandakı seçkiləri Avropa İttifaqı (Aİ) ilə Rusiyanın növbəti mübarizə meydanına çevirməyi bacardı. Bu gedişlə o, Qərbdən həm siyasi, həm də maliyyə dəstəyi qopardı. Eyni zamanda, Moskva ilə münasibətləri gərginləşdirərək Rusiya ilə əlaqələri tamamilə kəsəcəyi halda Qərbin necə davranacağını və nələr vəd edəcəyini test etdi. Paralel olaraq Rusiya ilə də pərdəarxası təmasları saxlayaraq rəsmi Moskvanın dözüm həddini yoxladı və anladı ki, Moskvadan tamamilə qopmaq həm onun özü, həm də Ermənistan üçün ağır nəticələrlə yekunlaşa bilər.

Seçkilərin nəticələrinə baxdıqda Paşinyanın həm Rusiyanı, həm də Avropa İttifaqını eyni dərəcədə razı sala biləcək bir balans yaratdığının şahidi oluruq: Rusiya Paşinyanı devirməsə də, parlamentdə onun qarşısında çox güclü müxalifət formalaşdırdı; Paşinyan isə hökumət qurmaq üçün lazımi sayı əldə etdiyindən Qərb və Aİ ilə əməkdaşlığı rahatlıqla davam etdirəcək. Fransanın seçkilərə Rusiyanın müdaxilə etdiyini bəyan edərək canfəşanlıq göstərməsi isə məsələni Paris-Moskva qarşıdurmasına çevirir ki, bu da Paşinyanın daxili məsuliyyətdən yayınması üçün əlverişli zəmin yaradır.

Ancaq 7 iyun 2026-cı il seçkilərinin əsas nəticəsi odur ki, Paşinyan sadə səs çoxluğu qazansa da, konstitusiya çoxluğunu əldə edə bilmədi. Bu isə Bakı üçün Paşinyanın “vaxt qazanmaq oyununun” artıq tükəndiyi mənasına gəlir. Rəsmi Bakı Ermənistanın daxili siyasi gərginliklərinin girovuna çevrilmək niyyətindədirmi? Əgər Ermənistanın bu daxili qeyri-müəyyənliyi qəbul olunarsa, region 2020-ci ilin 27 sentyabrından əvvəlki dövrə – bitməyən danışıqlar, nəticəsiz görüşlər və imitasiya mərhələsinə – qayıda bilər.

Yox, əgər Azərbaycanın mövqeyi qəti olacaqsa, Bakının masada və sahədə ata biləcəyi konkret addımlar var.

Birincisi, rəsmi Bakı Paşinyanın “parlamentdə gücüm çatmır” bəhanəsini qəbul etməyəcək. Azərbaycan açıq şəkildə bəyan edə bilər ki, Konstitusiya dəyişikliyi Ermənistanın daxili işi yox, dayanıqlı sülhün əsas hüquqi təminatıdır. Çünki rəsmi Bakının sülhlə bağlı fundamental tələbi Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır və Azərbaycanın indiki geosiyasi şərtlərdə bu tələbdən geri addım atması qeyri-mümkündür.
İkincisi, Azərbaycan Paşinyanı dəstəkləyən ABŞ və Avropa İttifaqının qarşısında birbaşa məsələ qaldıra bilər: “Dəstəklədiyiniz lider sülhə hazırdırsa, hüquqi öhdəliklərini yerinə yetirsin, əks halda yaranacaq gərginliyə görə məsuliyyət tamamilə İrəvanın üzərindədir”.

Üçüncüsü, əgər Paşinyan (Fitch-in son hesabatlarında da qeyd olunduğu kimi) referendumu mütləq şəkildə 2027-ci ilə keçirmək istəyirsə, Bakı onun qarşısına şərt qoya bilər: sülh müqaviləsinin mətni imzalanır, lakin orada ayrıca bənd qeyd olunur: “Müqavilə yalnız Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları rəsmən çıxarıldıqdan və referendumla təsdiqləndikdən sonra hüquqi qüvvəyə minir.” Bu gediş Paşinyanı daxili siyasi alverə məcbur edəcək – o, referendumu keçirmək üçün parlamentdəki digər qüvvələrlə kompromis və güzəştlər axtarmalı olacaq.

Dördüncüsü, Paşinyan prosesi uzatdıqca Azərbaycan regional kommunikasiya layihələri məsələsində İrəvanı tamamilə oyundan kənar vəziyyətdə saxlamağa davam edə bilər. Düzdür, hazırda Azərbaycan Ermənistana benzin satır, digər ölkələrdən gələn mal və məhsulların keçidinə şərait yaradır. Rəsmi Bakı bu iqtisadi yumşalmanı tamamilə dayandıra bilər.

Eyni zamanda, Bakı Araz çayı üzərindən İran ərazisi ilə Naxçıvana gedən yolu (Ağbənd dəhlizi) sürətlə tamamlayır. İrəvan prosesi uzadarsa, Bakının regional təhlükəsizlik naminə Tehranla əlaqələrini daha da sıxlaşdırmaqdan başqa yolu qalmır. Çünki müstəqillikdən bəri Naxçıvana yeganə quru yol məhz İran üzərindən keçir. Ermənistan iqtisadiyyatının blokadadan çıxması və regional layihələrə (məsələn, Qərbin dəstəklədiyi yeni TRIPP layihəsinə) inteqrasiyası birbaşa sülh müqaviləsinə bağlıdır. Bakı İrəvanı bu böyük iqtisadi dividendlərdən məhrum etməklə daxili auditoriyanın Paşinyana “sülhü tezləşdir” təzyiqi etməsini təmin edə bilər. Ancaq burada Çin və ABŞ kimi qlobal güclərin maraqları və mümkün təzyiqləri də nəzərə alınmalıdır. Çünki bu layihələrin əsas iştirakçıları regional deyil, qlobal oyunçulardır.

Beşincisi, əgər İrəvan anklav kəndləri parlament baryeri ucbatından qaytara bilmirsə, Bakı demarkasiya prosesini birtərəfli qaydada dondura və ya həmin kəndlərin ətrafındakı strateji yüksəkliklərdə hərbi mövqelərini daha da gücləndirə bilər.

Paşinyan öz hakimiyyətini qorumaq üçün prosesi bura qədər məharətlə idarə etdi. Ancaq o, artıq bu taktikaların sonuna gəlib çıxıb. Seçki bitdi, bəhanə qalmadı. İndi Azərbaycan növbəti mərhələdə məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə qoyaraq konkret zaman qrafiki tələb etməlidir. Paşinyan ya parlamentdəki digər deputatları bir şəkildə razı salıb referenduma getməlidir, ya da Azərbaycan regional layihələri onsuz icra edərək İrəvanı növbəti geosiyasi və iqtisadi böhranla üz-üzə qoymalıdır.

Səxavət Məmməd


media-adspc

Bənzər xəbərlər