Peşəkar jurnalistika tarazlığı qoruyub saxlayacaq - Rəşad Məcid
Azərbaycan mətbuatı 151 illik şərəfli və zəngin inkişaf yolu keçərək, cəmiyyətin maariflənməsində, milli şüurun formalaşmasında və dövlətçilik ideallarının təbliğində müstəsna rol oynayıb. Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməlini qoyduğu bu böyük ənənə bu gün müasir dövrün tələblərinə uyğun olaraq yeni keyfiyyət müstəvisində davam etdirilir. Xüsusilə Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra Azərbaycan yalnız regionun deyil, həm də qlobal media platformalarının əsas müzakirə mərkəzlərindən birinə çevrilib. Mədəniyyət paytaxtımız Şuşada keçirilən beynəlxalq media forumları ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda, Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyası baxımından strateji əhəmiyyət kəsb edir. Bununla yanaşı, rəqəmsallaşma və sosial medianın sürətli inkişafı dövründə peşəkar jurnalistikanın prinsiplərinin qorunması, dezinformasiya və saxta xəbərlərlə mübarizə, ana dilimizin saflığının qorunması günümüzün başlıca çağırışlarındandır.
ERAmedia xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
O xatırladıb ki, mədəniyyət paytaxtımız Şuşada artıq neçə ildir, beynəlxalq media forumlar keçirilir. Bu, Şuşanı mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də bir media paytaxtına çevirir: “Buranın üstünlüyü ondadır ki, dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər həm azad Qarabağı görür, quruculuq işləri ilə tanış olur, həm də Prezident İlham Əliyevin fikirləri ilə tanış olur, dövlətimizin başçısına müxtəlif mövzularda suallar ünvanlayırlar. Hesab edirəm ki, bu, həm dünya mediasının Azərbaycana marağı, həm də Azərbaycan mediasının dünya mediasına inteqrasiyası baxımından əhəmiyyətlidir. Prezidentin media forumlarda beynəlxalq siyasətlə, ölkələrarası münasibətlərlə bağlı səsləndirdiyi fikirlər böyük reaksiya doğurur. Müşahidəçilərin qiymətləndirməsinə görə, bu, ən doğru təhlil və ən sanballı mülahizələrdir. Bu mənada Azərbaycanın liderinin dünyada baş verən proseslərə münasibəti xüsusi önəm daşıyır. Bu baxımdan hesab edirəm ki, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər Şuşada keçirilən media forumlarda iştirak etməyi arzulayırlar və suallarına cavab tapa bilirlər”.
Rəşad Məcid, eyni zamanda, vurğulayıb ki, bu gün jurnalist və media adına çoxlu iddiaçılar var. “İnformasiya texnologiyalarının inkişafı ona gətirib ki, həm onlayn saytlar, həm də influyenserlər, blogerlər, sosial media fəalları jurnalist adına iddia edirlər. Şübhəsiz ki, bunlar bir çox hallarda jurnalistikanın prinsiplərindən xəbərsiz olurlar, peşə etikasına əməl etmirlər. Bu baxımdan da bir az xaotik vəziyyət yaranır. Amma Azərbaycanın 151 illik tarixi olan mətbuatının “Əkinçi” qəzetinin gözəl ənənələrindən başlayan peşəkarlıq, maarifçilik, vətənpərvərlik yolu var. Bu baxımdan hesab edirəm ki, peşəkar jurnalistikamız daima bu tarazlığı qoruyub saxlaya bilir və biləcək”, – deyə Mətbuat Şurasının sədri diqqətə çatdırıb.
Onun sözlərinə görə, informasiya texnologiyalarının, rəqəmsal medianın inkişafı bir tərəfdən jurnalistikada çeviklik yaradıbsa, digər tərəfdən dezinformasiyalara, saxta xəbər istehsalına güclü təsir edib. “Bu mənada bir sıra hallarda bəzən bilərəkdən, bəzən də bilməyərəkdən dezinformasiyaların yayılması halları müşahidə olunur. Bununla bağlı müvafiq qurumlar operativ və çevik reaksiya göstərir. Bununla yanaşı, şübhəsiz ki, jurnalistlərimiz də fəal olmalıdırlar. Belə saxta xəbərlərə, dezinformasiyalara qarşı vaxtında tədbirlər görməli, həqiqi informasiyanı operativliklə çatdırmalıdırlar. Azərbaycan mediası tarixdən gələn ənənələri qoruyub saxlamalıdır. Birinci növbədə obyektivlik missiyasını həyata keçirməlidir. Eyni zamanda, vətənpərvərlik missiyası həmişə öndə olmalıdır. Çünki indiki dövrdə bir sıra informasiyalar milli təhlükəsizliyimizə xələl gətirir. Bu mənada da bizim vətənpərvərliyi əks etdirən informasiyalarımız öndə olmalıdır. Həmçinin uzun illərin ənənəsi, maarifçilik missiyası, Azərbaycan dilinin qorunması da mətbuatımızın əsas missiyalarından olmalıdır”.
Mətbuat Şurasının sədri onu da bildirib ki, Həsən bəy Zərdabidən başlayan böyük maarifçilik missiyası sonrakı dövrlərdə də davam edib. XX əsrin əvvəllərində Azərbaycanda həm də qəzet bumu yaşanıb – “Həyat”, “İrşad”, “Açıq söz”, “Tərəqqi” qəzetləri, “Molla Nəsrəddin” jurnalı çap olunub. “Sevindirici haldır ki, son illərdə bu mətbuat orqanlarının transliterasiyası işıq üzü görür. Bunların sırasından ən sanballılarından biri rektor Hafiz Paşayevin rəhbərliyi ilə ADA Universitetində çap edilən Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir Hacıbəylinin rəhbəri olduğu “Azərbaycan” qəzetinin 15 cildlik transliterasiyasıdır. Bu, həmin dövrü, eyni zamanda, mətbuatın tarixini öyrənmək baxımından çox əhəmiyyətlidir. Bu gün artıq yeni “Media haqqında” Qanun var. Ümummilli Lider Heydər Əliyevin mətbuatımıza göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə görülən işlər mətbuat işçiləri, jurnalistlər üçün münbit şərait yaradır”.










