Prezident İlham Əliyevin Şuşa mesajları beynəlxalq gündəmin mərkəzində
IV Şuşa Qlobal Media Forumunun mövzusunun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” kimi müəyyənləşdirilməsi təsadüfi deyil və bu seçim mühüm siyasi, tarixi və ictimai əhəmiyyət daşıyır.
ERAmedia xəbər verir ki, Milli Məclisin sədr müavini Musa Qasımlı bildirib ki, forumun mövzusu bir neçə mühüm səbəbdən xüsusi aktuallıq kəsb edir. Onun sözlərinə görə, həm yaxın tarix, həm də müasir dövr göstərir ki, xalqlar və dövlətlər arasında sülhün təşviqində, həqiqətlərin bərpasında və cəmiyyətlər arasında etimad mühitinin yaradılmasında medianın üzərinə böyük məsuliyyət düşür. “Media ya qurucu, ya da dağıdıcı rol oynayır. Sülh əməkdaşlıq və inkişaf üçün imkanlar yaradır, müharibələr isə bəşəriyyətə ağır fəlakətlər gətirir”, – deyə o vurğulayıb.
Musa Qasımlı qeyd edib ki, tarix boyu həqiqəti qüdrətli və ədalətli dövlət rəhbərləri bərpa etsələr də, onu cəmiyyətə çatdıran əsas vasitə məhz media olub. Onun fikrincə, həqiqət dəyişdirilməyə çalışıldıqda yalan informasiyalar geniş yayılır, ictimai rəy çaşdırılır və insanlar saxta məlumatların təsiri altına düşür.
Milli Məclis sədrinin müavini bildirib ki, ədalət bərpa edildikdən sonra ən çətin mərhələlərdən biri qarşılıqlı etimadın formalaşdırılmasıdır. Onun sözlərinə görə, tarixdə qalib dövlətlərin əksəriyyəti belə bir mühit yaratmağa maraq göstərməyib.
Musa Qasımlı vurğulayıb ki, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti və Azərbaycan mediasının mövqeyi nümunə təşkil edir. O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra sülh təşəbbüsləri ilə çıxış edib, Ermənistanla münasibətlərdə etimad mühitinin formalaşmasına çalışıb, kommunikasiya imkanlarını açıb və sülh müqaviləsi imzalanmasa da humanitar addımlar atıb. Onun fikrincə, bu yanaşma dünya üçün mühüm siyasi təcrübədir.
Deputat Prezident İlham Əliyevin forum çərçivəsində media nümayəndələrinin suallarına verdiyi cavabları da yüksək qiymətləndirərək bildirib ki, bu çıxışlar açıq diplomatiyanın, səmimiyyətin və siyasi mədəniyyətin nümunəsidir.
Musa Qasımlının sözlərinə görə, forumun əsas məqsədi Azərbaycanın sülh, ədalət, etimad və qarşılıqlı faydalı əməkdaşlıq siyasətini beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirmək idi. O xatırladıb ki, Prezident İlham Əliyev bu siyasətin mahiyyətini belə ifadə edib: “Qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq.”
Milli Məclis sədrinin müavini bildirib ki, bu yanaşma bütün dövlətlər üçün aktualdır. Onun fikrincə, xalqların qonşuluğu seçim deyil, taledir və qonşu dövlətlər arasında normal münasibətlər olmadan etimad mühiti, iqtisadi əməkdaşlıq və regional sabitlik mümkün deyil.
Musa Qasımlı əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında etibarlı körpüyə çevrilməsi yalnız ölkənin coğrafi mövqeyi ilə deyil, həm də uzaqgörən siyasi iradə ilə bağlıdır. O vurğulayıb ki, coğrafi üstünlüyü strateji üstünlüyə çevirmək hər dövlət rəhbərinə nəsib olmur və bunu yalnız böyük dövlət xadimləri bacarırlar.










