media-e8e58e2db1a10cc0432f5adfd56aa98a

Qacarlar sülaləsinin Y-DNT nəticələri ilə bağlı yeni açıqlamalar verilib.

ERAmedia-nın məlumatına görə, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar bildirib ki, Qacarlar sülaləsinin Y-DNT nəticələri artıq tam şəkildə müəyyən olunub və əldə edilən nəticələr uzun illərdir irəli sürülən Qacarların mənşəyi ilə bağlı bəzi tarixi nəzəriyyələrin yenidən qiymətləndirilməsinə əsas yaradır.

Araşdırmaçının sözlərinə görə, Qacarlar sülaləsinin Y-DNT-si J1 haploqrupunun Z1842 subkladının FT79725 alt qolu kimi müəyyən edilib. O qeyd edib ki, bu subkladın təxminən 2550 il yaşı var və ata xətti üzrə Qacarlar Qəbələnin Nohurqışlaq və Qubanın Ərməki kəndlərindən olan şəxslərlə, daha qədim dövrdə isə Şahdağ xalqlarından etnik buduq nümayəndəsi ilə ortaq əcdada bağlanır. Xansuvarın iddiasına görə, həmin subkladda çeçen və ləzgi mənşəli nümunələr də mövcuddur.

O bildirib ki, əldə olunan genetik nəticələrə əsasən Qacarların ata xətti Qafqazın qədim əhalisi ilə bağlıdır və bu nəslin Orta Asiyadan köç etməsi barədə iddialar genetik məlumatlarla təsdiqlənmir. Araşdırmaçı əlavə edib ki, testlər Ağaməhəmməd şah Qacarın qardaşı Fətəli şah Qacarın birbaşa kişi xətti üzrə törəmələri üzərində aparılıb və Qacarlar soyunun müxtəlif qollarından götürülən nümunələr eyni subkladı bölüşüb.

Orxan Xansuvar qeyd edib ki, Qacarlar sülaləsinin nəticələri Family Tree DNA platformasının “Discovery” bölməsində yerləşdirilib, həmçinin beynəlxalq elmi jurnallarda dərc olunan materiallarda əksini tapıb. Onun sözlərinə görə, Azərbaycan DNT layihəsinin hazırladığı elmi məqalələr də müxtəlif elmi nəşrlərdə çap olunub. Araşdırmaçı layihənin müəllifləri Əkbər Əliyev, Rəzzaq Xansuvar, İlqar Əsədov, Sərxan Bəşirov və Yaroslav Volkova, eləcə də komandanın digər üzvləri doktor Ağaəli Varsaman və Ülvi Məmmədovaya təşəkkürünü ifadə edib.

Xansuvarın sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycanda yaşayan əhalinin etnogenezinin genetik əsaslarla öyrənilməsi, ölkə üzrə vahid genetik bazanın formalaşdırılması və bu istiqamətdə yeni akademik yanaşmaların hazırlanmasıdır. O bildirib ki, genetik tədqiqatlar müasir elmdə mühüm sübut vasitəsi hesab olunur və hər yeni test tarixi-genetik araşdırmaların genişlənməsinə töhfə verir.

Araşdırmaçı əlavə edib ki, onların fikrincə, Qacarların ata xətti Orta Asiyadan daha çox Qafqaz və Xəzər bölgəsi ilə əlaqəlidir. O, bunu Xınalıqda aşkarlanmış J1 haploqrupunun Z640 subkladı və “Əkbəri-2026” paleogenetik araşdırmaları zamanı Qazaxıstanın Xəzərsahili ərazilərində aşkarlandığını bildirdiyi qədim nümunələrlə əlaqələndirib. Xansuvar hesab edir ki, bu nəticələr gələcəkdə regionun qədim əhali tarixinin öyrənilməsində yeni elmi müzakirələrə səbəb ola bilər.

Orxan Xansuvar Azərbaycanın bütün xalqlarını qədim genetik irsin daşıyıcıları kimi dəyərləndirib. Onun sözlərinə görə, xüsusilə talışların genetik tərkibi İrandilli xalqlar arasında ata xəttinin yüksək səviyyədə qorunub saxlanıldığını göstərir və bu istiqamətdə əlavə araşdırmaların aparılması mühüm əhəmiyyət daşıyır.

Araşdırmaçı həmçinin bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində J1 haploqrupunun çox qədim mutasiyalarına rast gəlinib. Onun sözlərinə görə, Yardımlının Sırıq kəndində təxminən 17 min, Dilican rayonunun Göyərçin kəndində isə 12 min il yaşı olduğu bildirilən paternal subkladlar müəyyən edilib. Balaxanı və Horadizdə də qədim ata soylarının qeydə alındığını deyən Xansuvar vurğulayıb ki, bu nəticələr aparılan genişmiqyaslı tədqiqatların yalnız bir hissəsidir.

O, sonda genetik testlərin həm elmi araşdırmalar, həm də Azərbaycanın etnogenezinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək, kökünü öyrənmək istəyən hər kəsi bu cür tədqiqatlarda iştirak etməyə çağırıb.


media-adspc

Bənzər xəbərlər