“Qatır Məmməd” filmindəki obrazın arxasındakı GERÇƏK TARİX
Rejissor Rasim Ocaqovun ilk filmi olan və 1974-cü ildə nümayiş etdirilən “Qatır Məmməd”də maraqlı bir obraz var — Məşədi Göyüş (Məşədi Göyüş Musa oğlu).
Qeyd edim ki, bu film xalq şairi Zeynal Xəlilin “Dağlar oğlu” pyesi əsasında çəkilib. Təbii ki, müəyyən dəyişikliklər və əlavələr edilib. Pyesdə Göyüş kişi Qatır Məmmədin əmisi və eyni zamanda qayınatasıdır, sadə kəndli kimi təqdim olunur. Filmdə isə bu obraz tamam fərqli şəkildə verilib.
Bəs əslində Məşədi Göyüş kim idi?
1875-ci ildə Goranboy rayonunun Şadılı kəndində tacir Musanın ailəsində dünyaya gələn Məşədi Göyüş uşaq yaşlarından Qacar xanədanına mənsub olması barədə məlumatlı olub. Ömrünün sonuna qədər də Qacarlara sadiq qalıb. Özünü bu nəsildən hesab etdiyi üçün kənd ağasının sözündən çıxır və bu səbəbdən yüzbaşı (polis kapitanı) ilə əlbəyaxa olur. Onun tərəfindən təhqir edildiyini gördükdə isə əlindəki dəhrə ilə onu öldürür və Mollavələdli kəndinə qaçır.
Daha sonra kiçik bir dəstə ilə mövcud sistemə qarşı mübarizəyə başlayır, lakin həbs edilir. Əmiləri ilə birlikdə Sibirə sürgün olunur. 1917-ci ildə sürgündən qayıdaraq 70 nəfərlik dəstə yaradır və fəaliyyətini davam etdirir. Cümhuriyyət illərində Məşədi Göyüşün dəstəsi Qatır Məmmədin təklifi ilə ona qoşulur və o, qeyri-formal dəstənin rəhbəri və ağsaqqalı olur.
Onun silahdan istifadə bacarığında bənzəri olmadığı, hədəfi dəqiq vurduğu və at üstündə olduqca çevik hərəkət etdiyi deyilir. Goranboyun Ballıqaya və Başqışlaq kimi dağlıq-meşəlik ərazilərini yaxşı tanıdığı üçün nə Çar hökuməti, nə Azərbaycan Cümhuriyyətinin ordusu, nə də sonradan qurulan bolşevik hakimiyyəti onu ələ keçirə bilirdi. Deyilənə görə, o, atını elə nallatdırarmış ki, izlər tərsinə düşsün və izləyənləri çaşdırsın.
Yerli rəvayətlərə görə, o, hər hansı kəndə daxil olanda kəndin yaşlıları ona “xəbərçi” kimi kömək edir, rus kazaklarının harada olduqlarını və nə vaxt gələcəklərini əvvəlcədən bildirirdilər. Məşədi Göyüş isə öz növbəsində kənd varlılarının topladığı taxılı və ya pulu götürərək ehtiyacı olanlara paylayır, bununla da minnətdarlığını bildirirdi.
Məlumat üçün qeyd edim ki, o, Çar dövründə xalq qəhrəmanı sayılsa da, Azərbaycan Cümhuriyyətinə qarşı mübarizəsi tədqiqatçılar tərəfindən müsbət qiymətləndirilmir. Qacar dövlətini qəbul edən şəxs kimi həm Çar Rusiyasına, həm Müsavat hökumətinə, həm də Sovet hakimiyyətinə qarşı mübarizə aparıb.
Ola bilər ki, silaha ilk sarıldığı dövrdə həqiqətən də qarşılaşdığı ədalətsizliklərə etiraz edib. Lakin sonrakı fəaliyyətinə baxdıqda onun xalq qəhrəmanı kimi təqdim edilməsini düzgün hesab etmək çətindir. Milli hökumətə qarşı döyüşmək qəhrəmanlıq kimi qiymətləndirilmir.
1920-ci ildə Gəncə üsyanı zamanı onun Məmmədqasımın adamları tərəfindən öldürüldüyü bildirilir.
Zaur Əliyev










