media-ada82387-20ae-4754-8f9f-a7f67b2f9256

Beynəlxalq sistem özünü “hüquq”, “insan hüquqları” və “qaydalara əsaslanan nizam” üzərindən təqdim etsə də, praktikada bu prinsiplərin tətbiqi çox vaxt fərqli olur.

media-photo_5361792427817113874_w

  • Eylem Okumuş

Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya açıqlamasında bildirib ki, eyni prinsiplər müxtəlif regionlarda eyni şəkildə işləmir və reaksiyalar daha çox geosiyasi maraqlar əsasında formalaşır.

Onun sözlərinə görə, Qəzza zolağı ilə İsrail arasında uzunmüddətli münaqişə bu seçiciliyin ən açıq nümunələrindən biridir. Okumuş qeyd edir ki, bölgədə davam edən hərbi əməliyyatlar, infrastrukturun genişmiqyaslı dağıdılması və yüksək mülki itkilərə baxmayaraq, beynəlxalq reaksiyalar əsasən bəyanat səviyyəsində qalır. “Reaksiya var kimi görünür, lakin real təsir gücü zəifdir və sahədə nəticə yaratmır,” – deyə o vurğulayıb.

Ekspert əlavə edib ki, oxşar mənzərə Livan istiqamətində də müşahidə olunur. Şimal sərhədlərində davam edən qarşılıqlı hücumlar və gərginlik bölgəni daimi risk altında saxlayır. Bununla belə, bu vəziyyət çox zaman beynəlxalq aktorlar tərəfindən “idarəolunan böhran” kimi qiymətləndirilir və genişmiqyaslı müdaxilə gündəmə gətirilmir.

Eylem Okumuşun fikrincə, İran isə bu regional tənliyin daha mürəkkəb və çoxqatlı hissəsini təşkil edir. O bildirib ki, İrana münasibət təkcə təhlükəsizlik narahatlıqları ilə məhdudlaşmır, eyni zamanda enerji və iqtisadi maraqlarla sıx bağlıdır. “Neft və qaz resursları, beynəlxalq ticarət marşrutları və qlobal bazar balansları İranı həm risk, həm də strateji mərkəzə çevirir,” – deyə o qeyd edib.

Onun sözlərinə görə, bu səbəbdən İrana yönəlik siyasətlər yalnız hərbi təhlükəsizlik çərçivəsində deyil, həm də enerji nəzarəti və iqtisadi təsir mexanizmləri üzərindən qurulur.

Ümumilikdə isə ekspert hesab edir ki, beynəlxalq sistem bərabər işləməyən və seçici yanaşmalar üzərində qurulan bir strukturdur. Oxşar humanitar böhranların müxtəlif regionlarda fərqli səviyyədə reaksiya doğurması bu reallığı açıq şəkildə ortaya qoyur.

“Qəzzadakı dağıntı, Livandakı gərginlik və İrana yönəlik təzyiq eyni sistemin tərkib hissəsi olsa da, eyni meyarlarla qiymətləndirilmir. Bu isə ‘universal hüquq’ anlayışı ilə praktik tətbiq arasındakı fərqi açıq şəkildə göstərir,” – deyə Eylem Okumuş fikrini yekunlaşdırıb.


media-adspc

Bənzər xəbərlər