Regionda yeni qarşıdurma: 30 il əvvəl yazılan ssenari gündəmə gəlir
Fələstin, Suriya və Livan istiqamətində baş verən proseslər fonunda İsraillə Türkiyə arasında münasibətlərin getdikcə gərginləşməsi Yaxın Şərqdə mümkün yeni qarşıdurma ssenarilərini gündəmə gətirir.
ERAmedia xəbər verir ki, politoloq Elxan Şükürlü hesab edir ki, hazırda Suriyada Türkiyəyə yaxın qüvvələrin hakimiyyətdə olması və Fələstin məsələsinin Ankara üçün prinsipial mövzuya çevrilməsi Türkiyə–İsrail qarşıdurmasının daha geniş regional müstəviyə keçməsi ehtimalını artırır.
Politoloqun fikrincə, İsrailin Fələstin, Suriya və Livanla bağlı siyasəti fonunda Türkiyənin proseslərə daha birbaşa müdaxilə etməsi Yaxın Şərqdə qüvvələr nisbətini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Elxan Şükürlü diqqəti həmçinin İslam dünyasında yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması cəhdlərinə yönəldərək bildirir ki, Türkiyənin İsraillə açıq qarşıdurmaya daxil olması belə birliklərin real böhran və münaqişə şəraitində nə dərəcədə işlək olduğunu da ortaya çıxara bilər.
Politoloq hesab edir ki, mümkün Türkiyə–İsrail qarşıdurması yalnız iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmaya, İslam dünyasında daha geniş siyasi proseslərə təkan verə bilər. Belə bir ssenaridə Ankaranın İslam dünyasındakı siyasi çəkisinin artması, Türkiyənin Qərblə, o cümlədən NATO ilə münasibətlərinin də yeni mərhələyə keçməsi ehtimalı müzakirə mövzusuna çevrilə bilər.
Elxan Şükürlü bu ehtimalları amerikalı politoloq Samuel Hantinqtonun 1996-cı ildə nəşr olunan “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması” kitabında Türkiyənin gələcək rolu ilə bağlı irəli sürdüyü fikirlərlə müqayisə edir. Hantinqton kitabında İslam sivilizasiyasının digər böyük sivilizasiyalardan fərqli olaraq vahid “özək dövlətə” malik olmadığını qeyd edir və bir neçə müsəlman ölkəsinin potensial liderlik imkanlarını təhlil edir.
Hantinqton İndoneziya, Misir, İran, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin imkanlarını ayrı-ayrılıqda qiymətləndirərək, Türkiyənin tarixi, əhalisi, hərbi ənənəsi, iqtisadi potensialı və müxtəlif müsəlman regionları ilə tarixi əlaqələri baxımından xüsusi mövqeyə malik olduğunu vurğulayırdı.
Onun yanaşmasına görə, Türkiyənin qarşısındakı əsas maneələrdən biri respublikanın dünyəvi siyasi kimliyi və Atatürk irsi idi. Hantinqton Türkiyənin gələcəkdə öz sivilizasiya kimliyini yenidən müəyyənləşdirəcəyi halda İslam dünyasında daha aparıcı mövqe qazana biləcəyini ehtimal edirdi. Bu yanaşmada Türkiyə “torn country” – yəni Qərb və İslam sivilizasiyaları arasında qalmış “parçalanmış” və ya “ikili kimlikli” dövlət kimi təqdim olunur.
Hantinqtonun fikirlərinin diqqətçəkən tərəfi ondan ibarətdir ki, o, Türkiyənin İslam dünyasına rəhbərlik edə bilməsi üçün yalnız iqtisadi və hərbi gücün deyil, həm də siyasi və dini legitimliyin bir araya gəlməsinin vacibliyini qeyd edirdi. Onun 1996-cı il kitabında Türkiyənin Atatürk irsinə münasibətini dəyişməsi və İslam dünyasında aparıcı dövlətə çevrilməsi ehtimalı xüsusi şəkildə müzakirə olunur.
Elxan Şükürlünün fikrincə, bu baxımdan 30 il əvvəl irəli sürülmüş nəzəri yanaşmanı bu gün Yaxın Şərqdə baş verən proseslərlə müqayisə etmək maraqlıdır.
Politoloq hesab edir ki, Türkiyənin regional siyasətdə artan fəallığı, Fələstin məsələsində sərt mövqeyi və Suriya ilə bağlı maraqları Ankaranın Yaxın Şərqdəki rolunu əvvəlki dövrlərlə müqayisədə daha da əhəmiyyətli edir.
Bununla belə, Hantinqtonun tezisləri elmi və siyasi mühitdə ciddi mübahisələrə səbəb olub. Onun “sivilizasiyaların toqquşması” yanaşması Türkiyənin Qərb və İslam dünyası arasındakı mövqeyini izah etmək üçün geniş istifadə edilsə də, bir sıra tədqiqatçılar bu modelin mürəkkəb siyasi və tarixi prosesləri həddindən artıq sadələşdirdiyini bildirirlər.
Elxan Şükürlü vurğulayır ki, əsas məsələ Hantinqtonun 30 il əvvəl yazdıqlarının sözbəsöz reallaşması deyil. Əsas diqqət çəkən məqam odur ki, həmin dövrdə irəli sürülən Türkiyənin İslam dünyasında daha böyük regional rol oynaya biləcəyi ehtimalı bu gün Yaxın Şərqdəki geosiyasi dəyişikliklər fonunda yenidən aktual müzakirə predmetinə çevrilir.
Bu baxımdan Türkiyə–İsrail münasibətlərinin gələcək inkişafı yalnız Ankara və Təl-Əviv arasında münasibətlərin taleyini deyil, bütövlükdə Yaxın Şərqdə qüvvələr nisbətini və Türkiyənin İslam dünyasındakı gələcək rolunu müəyyənləşdirə biləcək əsas amillərdən biri kimi qiymətləndirilir.
Vüsalə









