Rusiya niyə yenidən “3+3” formatını gündəmə gətirir? - AÇIQLAMA
Rusiya son dövrlərdə Güney Qafqazda “3+3” formatını yenidən aktivləşdirməyə çalışır.
Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli bu barədə ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstanın regionun üç böyük qonşusu – Rusiya, Türkiyə və İranla birlikdə təmsil olunmasını nəzərdə tutan “3+3” mexanizmi ilk baxışdan regional əməkdaşlıq platforması kimi təqdim edilsə də, onun arxasında daha çox geosiyasi maraqlar dayanır.
Onun sözlərinə görə, format müəyyən iqtisadi maraqları ehtiva etsə də, mahiyyət etibarilə geosiyasi məqsədlər üstünlük təşkil edir və Rusiyanın bu təşəbbüsdə israrı Moskvanın Güney Qafqaz strategiyasında baş verən transformasiyanın göstəricisidir.
Sabiq deputat qeyd edib ki, bir neçə il əvvəl “3+3” platforması Rusiyanın regionda üstünlüyünü möhkəmləndirmək üçün nəzərdə tutulmuş mexanizmlərdən biri idi. Lakin son beş ildə Güney Qafqazda geosiyasi mənzərə əsaslı şəkildə dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionun aparıcı dövlətinə çevrilib, Türkiyənin regional təsir imkanları əhəmiyyətli dərəcədə artıb, Avropa İttifaqı və ABŞ bölgədə daha fəal rol almağa başlayıb, yeni nəqliyyat-kommunikasiya layihələri formalaşır, Rusiyanın ənənəvi müttəfiqi hesab olunan Ermənistan isə tədricən Moskvanın təsir dairəsindən uzaqlaşaraq Qərbə inteqrasiyanı gücləndirir.
Q.Əlibəylinin fikrincə, bu proseslər nəticəsində Rusiya artıq əvvəlki geosiyasi mövqeyini itirib və regiondan sıxışdırılıb çıxarılması prosesi yekun mərhələyə yaxınlaşır. Bu səbəbdən Moskva heç olmasa regional proseslərdən tam kənarda qalmamaq, müxtəlif platformalar vasitəsilə bölgədə iştirakını qorumaq niyyətindədir. Bu baxımdan “3+3” formatı Rusiya üçün yeni təsir mexanizminə çevrilə bilər.
Ekspert hesab edir ki, Moskva bu platformada israr etməklə İranla birlikdə ABŞ və Avropa İttifaqını institusional baxımdan Güney Qafqazdan kənarda saxlamağa çalışır. Onun sözlərinə görə, həm Rusiya, həm də İran uzun illərdir region problemlərinin yalnız bölgə dövlətləri tərəfindən həll edilməli olduğu mövqeyindən çıxış edirlər və “3+3” formatı həmin yanaşmanın diplomatik ifadəsidir.
Q.Əlibəyli bildirib ki, İranın bu platformada iştirakı təkcə Qərbin bölgədə təsir imkanlarını məhdudlaşdırmır, eyni zamanda Moskva ilə Tehranın regional siyasətlərini koordinasiya etmələri üçün əlavə mexanizm yaradır.
Sabiq deputatın sözlərinə görə, Rusiyanın “3+3” formatına marağı Ukraynaya qarşı müharibədən sonra yaranmış beynəlxalq diplomatik təcridi yumşaltmaq istəyi ilə də bağlıdır. O qeyd edib ki, Moskva bu platforma vasitəsilə həm beynəlxalq ictimaiyyətə, həm də daxili auditoriyaya Rusiyanın regional diplomatiyanın ayrılmaz hissəsi olaraq qaldığını nümayiş etdirməyə çalışır.
Q.Əlibəyli əlavə edib ki, Rusiyanın bu formatda israr etməsinin digər səbəbləri sırasında Türkiyə və Azərbaycanın artan beynəlxalq nüfuzu, onların “orta güc” kimi formalaşması və gələcək regional təhlükəsizlik arxitekturasının necə qurulacağı məsələsi də yer alır.
Onun fikrincə, Moskva artıq Ankara və Bakının bölgədəki yeni rolunu qəbul edib və məhz buna görə onlarla institusional əməkdaşlığı “3+3” platforması çərçivəsində davam etdirməyə üstünlük verir.
Q.Əlibəyli vurğulayıb ki, Rusiyanın əsas məqsədlərindən biri də Güney Qafqazın gələcək təhlükəsizlik sisteminin məhz bu platforma çərçivəsində formalaşdırılmasına nail olmaqdır. Belə olacağı təqdirdə Rusiya və İran regional təhlükəsizlik mexanizmlərinin ayrılmaz iştirakçılarına çevriləcək və bu proseslərə təsir rıçaqlarını qoruyub saxlayacaqlar. Əks halda isə onların bölgəyə təsir imkanları daha da zəifləyəcək.
Sonda sabiq deputat bildirib ki, Rusiyanın “3+3” formatına xüsusi marağı geosiyasi zərurətdən irəli gəlir və bu təşəbbüs Moskvanın dəyişən regional reallıqlara uyğunlaşmaq, yeni geosiyasi düzəndə mövqeyini qorumaq cəhdindən başqa bir şey deyil.










