media-3a439942acb24924bf4dd731b4b31630

Rusiya baş nazirinin müavini Marat Xusnullinin Rusiyanın Bosfor və Hörmüz boğazındakı riskləri azaltmaq üçün Hind okeanına dəmir yolu çəkə biləcəyini açıqlaması Moskvanın regiondakı nəqliyyat və ticarət strategiyasını yenidən gündəmə gətirib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Rusiyanın Hind okeanına quru yolla çıxış əldə etmək ideyası yeni deyil. Onun sözlərinə görə, Rusiya hələ Böyük Pyotrun hakimiyyəti dövründə Şərq ticarətinə birbaşa çıxış əldə etmək üçün belə planlar qurub. Həmin dövrdə Britaniya imperiyası dənizlərə hakim olmağa çalışırdısa, Rusiya imperiyası Hind okeanına qədər uzanan quru ticarət yollarına nəzarət etmək istəyirdi.

Elxan Şahinoğlu qeyd edib ki, Rusiya bu ideyaya Birinci Dünya müharibəsi ərəfəsində də qayıdıb. Həmin vaxt Rusiya Dövlət Dumasında Rostov-Bakı-Tehran marşrutunun Hindistana qədər uzadılması məsələsi müzakirə olunurdu. Lakin regiondakı risklər və Birinci Dünya müharibəsinin başlaması layihənin həyata keçirilməsinə imkan vermədi.

“Göründüyü kimi, üstündən 100 ildən çox vaxt keçdikdən sonra Rusiya Hind okeanına quru yol layihəsini yenidən müzakirəyə çıxarıb. Dəmiryolunun Mərkəzi Asiya və İran üzərindən Hindistana qədər uzadılması düşünülür. Rusiya bu layihəni Bosfor boğazına alternativ hesab edir”, – deyə siyasi şərhçi bildirib.

Onun sözlərinə görə, Sankt-Peterburqdan Hindistanın Mumbay şəhərinə qədər məsafə 7 min kilometrdən çoxdur və belə bir dəmir yolu bir neçə ölkənin ərazisindən keçməlidir. Buna görə də layihənin reallaşması asan görünmür.

Elxan Şahinoğlu hesab edir ki, Avrasiya məkanında 100 il əvvəl mövcud olan qeyri-sabitlik bu gün də qalmaqdadır. Türkmənistan, İran, Əfqanıstan və Pakistan ərazisindən keçəcək dəmir yolunun tikintisi üçün həm təhlükəsizlik, həm də siyasi məsələlərin həll olunması vacibdir.

Siyasi şərhçi Kremlin bu layihəni yenidən gündəmə gətirməsinin bir neçə səbəbinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas səbəblərdən biri Ukrayna müharibəsindən sonra Rusiyanın Avropa bazarlarına çıxış imkanlarının məhdudlaşmasıdır. Moskva bu səbəbdən diqqətini Asiya bazarlarına yönəldib.

Digər səbəb isə Rusiyanın yanacaq təminatı ilə bağlı yaranan problemlərdir. Ukrayna müharibəsi fonunda Rusiyanın enerji infrastrukturu da zərbələrə məruz qalır. Hazırda Rusiya Hindistana satdığı neftin müqabilində bu ölkədən yanacaq alır. Lakin Hindistandan Rusiyaya dəniz yolu ilə daşınan yanacağın baha başa gəlməsi alternativ quru marşrutlara marağı artırır.

Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya Ukrayna müharibəsinə qədər Hindistanın neft bazarında indiki qədər böyük paya malik deyildi. Hazırda isə Hindistan Rusiyanın əsas neft alıcılarından birinə çevrilib. İyul ayında Rusiya nefti Hindistanın ümumi xam neft idxalının 50,83 faizini təşkil edib. Bu, gündəlik təxminən 2,47 milyon barel neft deməkdir.

Hindistanın Rusiyadan neft idxalı ötən ilin iyul ayı ilə müqayisədə 62,4 faiz artıb. Hindistan neft emalı zavodları ABŞ-ın sanksiya təhdidləri fonunda ilin əvvəlində Rusiyadan neft alışını azaltmışdı. Lakin Yaxın Şərqdən tədarükün pozulması Hindistanı yenidən Rusiya neftinə yönəldib.

“Dəmiryolu ideyası Hindistanın da maraqlarına cavab verir. Ancaq bunun reallaşması üçün bölgədə sabitlik bərqərar olmalı və region ölkələri arasındakı mübahisələr həllini tapmalıdır”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

Onun fikrincə, Rusiya üçün Hind okeanına çıxış əldə etmək yalnız nəqliyyat layihəsi deyil, həm də geosiyasi və iqtisadi əhəmiyyət daşıyır. Moskva belə bir marşrut vasitəsilə dəniz yollarından, xüsusilə strateji boğazlardan asılılığını azaltmağa və Asiya ilə ticarət əlaqələrini daha təhlükəsiz quru dəhlizi üzərindən inkişaf etdirməyə çalışır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər