Sara Xatun obrazı müzakirə doğurdu: Tarixçidən türk serialına irad
“Mehmed: Fetihler Sultanı” serialında Sara Xatun obrazının təqdimatı ilə bağlı narazılıqlar səsləndirilib.
Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, serialda Osmanlı, Avropa və Azərbaycan mənbələrində Gövhərşah Xatun, Sara/Saray Xatun kimi adlarla tanınan və Ağqoyunlu hökmdarı Uzun Həsən-in anası olan Sara Xatun-un tarixi obrazı bir sıra məqamlarda düzgün təqdim olunmayıb. Onun sözlərinə görə, Sara Xatun dövrünün ən mühüm qadın diplomatlarından və dövlət xadimlərindən biri olub və bu status serialda kifayət qədər əks etdirilmir.
Zaur Əliyev geyim məsələsinə xüsusi diqqət çəkərək bildirib ki, serialda Sara Xatunun qara geyimdə göstərilməsi tarixi mənbələrlə uyğun deyil. Onun qeyd etdiyinə görə, həmin dövrdə zadəgan türk xanımları daha çox tünd qırmızı, firuzəyi, göy və krem rəngli geyimlərə üstünlük verib, geyimlərin üzərində bitki motivli naxışlar qızılı və gümüşü saplarla işlənib. Baş örtüyü isə böyük ipək çarqatlardan ibarət olub və bəzən qiymətli bəzəklərlə tamamlanıb. Tarixçinin fikrincə, serialdakı qara geyim seçimi obrazı yanlış istiqamətdə təqdim edir və dövrün saray mədəniyyətini əks etdirmir.
Açıqlamada həmçinin Mehmed II ilə Sara Xatun arasında baş tutan diplomatik görüşün serialda ixtisar edildiyi və bəzi mühüm ifadələrin çıxarıldığı iddia olunub. Zaur Əliyev bildirir ki, tarixi mənbələrdə bu görüş sadəcə formal qarşılanma deyil, həm də iki dövlət arasında siyasi balansın qorunmasına yönəlmiş mühüm diplomatik dialoq kimi təsvir olunur. Onun sözlərinə görə, Sara Xatun burada təkcə Ağqoyunlu hökmdarının anası kimi deyil, həm də siyasi təcrübəyə malik bir dövlət xadimi kimi çıxış edib.
Tarixçi əlavə edib ki, görüş zamanı təqdim olunan hədiyyələr də mühüm diplomatik ənənənin bir hissəsi olub. Onun sözlərinə görə, Sara Xatun Osmanlı sarayına Ağqoyunlu dövlətinin nadir hədiyyələrini — ərəb atlarını, Təbriz sənətkarlarının hazırladığı qiymətli silahları, ipək parçaları və xalçaları təqdim edib. Lakin serialda bu detalların göstərilməməsi diplomatik protokolun tam əks olunmaması kimi qiymətləndirilib.
Zaur Əliyev həmçinin “Ağqoyunlu” ifadəsinin serialda veriliş formasına da toxunub. Onun fikrincə, Oğuz törəsində “ağ qoyun” simvolik məna daşıyır və qələbə, sülh və mühüm siyasi hadisələri ifadə edirdi. O qeyd edib ki, Ağqoyunlu dövləti türk tayfa birliyi olan Bayandur/Bayındır siyasi ənənəsinə əsaslanır və müxtəlif mənbələrdə fərqli adlarla qeyd olunur. Tarixçinin iddiasına görə, Osmanlı-Ağqoyunlu münasibətləri dövrün ən həssas diplomatik xəttlərindən biri olub və bu kontekst serialda daha geniş və dəqiq verilməli idi.
Sonda Zaur Əliyev bildirib ki, bu tip tarixi seriallarda obrazların, xüsusilə də Azərbaycan və Ağqoyunlu tarixinə aid fiqurların daha ciddi mənbələr əsasında işlənməsi vacibdir, çünki yanlış təqdimatlar ictimai yaddaşda tarixi reallıqları təhrif edə bilər.
Vural










