Sebilciyan Havalimanı - İbrahim Nəbioğlu yazır...
Tarix keçmiş haqqında deyil, güc haqqındadır. Buna görə də hər dövr öz qəhrəmanlarını yenidən mühakimə edir, öz bütlərini sökür, öz müqəddəslərini dəyişir. Çünki keçmişi dəyişdirə bilən gələcəyin də dilini dəyişdirə bilir.
Heç bir xalqın tarixi müqəddəs kitab deyil. Osmanlı da, Cümhuriyyət də sorğu-sualdan kənar qala bilməz. Tarixçi üçün sual vermək peşənin özüdür. Lakin sual verməklə əfsanə uydurmaq eyni şey deyil. Sənəd axtarmaqla sensasiya ovuna çıxmaq arasında da böyük fərq var.
Son illər elə bir mənzərə yaranıb ki, sanki məşhur olmuş hər tarixi şəxsiyyət mütləq saxta çıxmalıdır. Hezarfen Əhməd Çələbi uçmayıb, Ulubatlı Hasan olmayıb, Fatih Sultan Mehmet guya gizlicə xristianlığı qəbul edib. Ardınca da növbə çatır Sabiha Gökçenə. Bu dəfə iddia edilir ki, Atatürkün mənəvi qızı əslində Hatun Sebilciyan adlı erməni qızıdır. Tarixi araşdırma adı altında dövriyyəyə buraxılan bu cür iddiaların əksəriyyəti sənəd üzərində deyil, ehtimal üzərində qurulur. Oxucuya fakt yox, şübhə satılır. Çünki şübhə həmişə daha yaxşı satılır.
Sabiha Gökçen təsadüfi bir hərbçi deyildi. O, Cümhuriyyət layihəsinin yetişdirdiyi ilk simalardan biri idi. Ata-anasını erkən yaşlarında itirmiş, on iki yaşında Bursadakı uşaq evindən Mustafa Kamal Atatürk tərəfindən Ankaraya gətirilmişdi. Atatürkün səkkiz mənəvi qızından biri kimi böyüyən Sabiha əvvəl İstanbuldakı Amerika kollecində təhsil aldı, daha sonra Mülki Aviasiya Məktəbini bitirərək Türkiyənin ilk qadın pilotu oldu. Türk rəsmi tarixşünaslığı onu həm də dünyanın ilk qadın döyüş pilotu kimi təqdim edir. Bu iddianın tarixi əsasları üzərində bir qədər sonra ayrıca dayanacağıq. Hələlik isə mühüm olan başqa bir həqiqətdir: Sabiha Gökçen təkcə pilot deyildi, o, Cümhuriyyətin özünü dünyaya təqdim etdiyi simvollardan birinə çevrilmişdi.
Məhz buna görə onun adı ətrafında aparılan mübahisələr də adi bioqrafik mübahisələr deyil. Simvola çevrilən insanlar artıq yalnız öz həyatlarını yaşamırlar. Onlar dövlətin, ideologiyanın və kollektiv yaddaşın daşıyıcısına çevrilirlər.
2004-cü ildə erməni əsilli Hrant Dink “Sabiha – Xatunun sirri” adlı məqaləsində hər hansı qəti tarixi sənəd ortaya qoymadan Sabiha Gökçənin əslində Hatun Sebilciyan adlı erməni qızı olduğunu iddia etdi. Sonrakı illərdə bu iddia müxtəlif çevrələrdə dəfələrlə təkrarlandı. Müzakirənin mərkəzində artıq onun həyatı yox, kimliyi dayanmağa başladı. Halbuki bir insanın etnik mənsubiyyəti ilə bağlı mübahisə aparmaq başqa, bunu siyasi alətə çevirmək isə tamam başqa məsələdir.
1937-ci ildə Dersimdə – əsasən alevi kürdlərin yaşadığı indiki Tunceli bölgəsində baş qaldıran üsyanı yatırmaq üçün hökumət bölgəyə ordu birləşmələri göndərdi. Quru qoşunları ilə yanaşı, hərbi aviasiya da əməliyyata cəlb olundu. Sabiha Gökçen birmühərrikli təyyarəsi ilə türk əsgərinə havadan dəstək verdi. Sonralar onun üsyançılara qarşı kimyəvi bomba tətbiq etməsi barədə müxtəlif iddialar irəli sürüldü. Bu mübahisələr bu gün də davam edir. Lakin 15 iyun 1937-ci ildə Tan qəzetinə verdiyi müsahibədə söylədiyi sözlər həmin dövrün hərbi düşüncə tərzini göstərməsi baxımından diqqətəlayiqdir:
“Çarpışma meydanında canlı hedef üzerine bomba atmak insana acımak hissi vermiyor. İnsan yalnız vazifesini görmek için aramayı, vurmayı düşünüyor”
Bu sözləri bugünün rahatlığı ilə mühakimə etmək asandır. Qarşımızda iyirmi dörd yaşlı bir qız dayanır. Dövlətinin yetişdirdiyi bir zabit, verilmiş əmri yerinə yetirən bir pilot. O, ölkəsinin separatçı üsyanla mübarizə apardığına inanır və hərbçi kimi üzərinə düşən vəzifəni icra edir. Bunun mənəvi yükü barədə mübahisə etmək mümkündür. Ancaq tarixi qiymətləndirərkən əmri icra edənlə əmri verən arasında fərq qoymamaq da başqa bir ədalətsizlikdir.
Bu gün bütün məsuliyyəti Sabiha Gökçənin üzərinə yükləyənlər nədənsə həmin əməliyyatın siyasi qərarını verənlər haqqında eyni qətiyyətlə danışmırlar. “Vur” əmrini verən baş nazir İsmet İnönü, hökumətdə təmsil olunan Celal Bayar, marşal Fevzi Çakmak və bütövlükdə dövlət rəhbərliyi çox vaxt müzakirənin kənarında qalır. Tarix yalnız əmri yerinə yetirənləri mühakimə edib, əmri verənləri unutduğu anda artıq tarix olmaqdan çıxır, siyasi polemikaya çevrilir.
Bu, təkcə Türkiyəyə aid məsələ deyil. Müharibələrin tarixində pilotların taleyi həmişə belə olub.
Xirosimaya atom bombasını atan Enola Gay təyyarəsini idarə edən Paul Tibbets idi. O, dünyanın ən böyük humanitar faciələrindən birinin simasına çevrildi. Amma tarix atom bombasının məsuliyyətini təkcə onun üzərinə yükləmədi. Müzakirələrin mərkəzində Amerika rəhbərliyinin qərarı, müharibənin strateji hesabları və yeni dünya düzənini formalaşdıran siyasi iradə dayandı.
Eyni hal İkinci Dünya müharibəsinin alman pilotlarında da görünür. Erich Hartmann, Heinz Bär, Josef Priller və digər Luftwaffe pilotları hərbi bacarıqları ilə aviasiya tarixində xüsusi yer tuturlar. Lakin bu gün tarix onları nasizmin ideoloqları kimi deyil, Hitler Almaniyasının hərbi maşınının tərkib hissəsi kimi qiymətləndirir. Əsas ittiham fərdlərə deyil, sistemi yaradan siyasi iradəyə yönəlir.
Tarix fərdləri bütləşdirməməlidir. Amma onları siyasi miflərin qurbanına da çevirməməlidir.
Sabiha Gökçen haqqında ikinci mübahisə onun “dünyanın ilk qadın döyüş pilotu” olub-olmaması ilə bağlıdır. Bu məsələdə tez-tez iki ad çəkilir: rus təyyarəçisi Yevgeniya Şaxovskaya və amerikalı Amelia Earhart.
Şaxovskaya hərbi pilot hazırlığı keçsə də, casusluq ittihamı ilə həbs olunur və Birinci Dünya müharibəsində aktiv döyüş pilotu kimi iştirak etmir. Amelia Earhart isə aviasiya tarixinin ən böyük simalarından biri olsa da, hərbi əməliyyatlarda iştirak etməyib. Buna görə də bir çox beynəlxalq aviasiya mənbələri Sabiha Gökçeni aktiv döyüş əməliyyatlarında iştirak etmiş ilk qadın pilot kimi təqdim edirlər. Burada terminlərin dəqiq işlədilməsi vacibdir. “İlk qadın pilot”, “ilk hərbi pilot” və “ilk döyüş pilotu” eyni anlayış deyil.
Bütün bunlar göstərir ki, mübahisə əslində Sabiha Gökçənin bioqrafiyası haqqında deyil. Məsələ onun simvol olub-olmamasındadır. Simvolu dəyişmək istəyənlər əvvəlcə onun keçmişini dəyişirlər. Sonra adını.
Tarix yalnız arxivlərdə yazılmır. Tarix küçələrin adında, məktəb dərsliklərində, heykəllərdə, hava limanlarında da yaşayır. Kiminsə adını silmək, yerinə başqa ad yazmaq sadəcə lövhə dəyişdirmək deyil. Bu, keçmişin hansı versiyasının gələcəyə ötürüləcəyini müəyyənləşdirməkdir.
Bəlkə də buna görə mübahisə hava limanının adı üzərində deyil.
Mübahisə İstanbula enən təyyarənin hansı tarixə enməsi üzərindədir.
Çünki şəhərlərdən əvvəl adlar dəyişir.
Tarix isə çox vaxt ilk dəfə məhz lövhələrin üzərində məğlub olur.
11 may 2013









