Seçki öncəsi geosiyasi mübarizə: Kimlər Paşinyanın qalmasını istəyir?
Ermənistanda keçiriləcək parlament seçkiləri yalnız maraqla izlənilmir, eyni zamanda bu prosesə müəyyən mənada açıq, müəyyən mənada isə qapalı şəkildə qonşu və regionda maraqları olan ölkələr tərəfindən birbaşa və ya dolayı müdaxilələr də edilir.
Faktiki olaraq, Paşinyan hakimiyyətinin davam etməsində ABŞ, Qərb, Türkiyə, İran və Azərbaycan maraqlı görünür. Burada hər bir ölkənin özünəməxsus maraqları var. ABŞ-ın regiondakı maraqlarını təmin etmək baxımından Paşinyan hakimiyyətinin qorunub saxlanılmasında maraqlı olduğu aydındır. Bu marağı və İrəvana verilən dəstəyi nümayiş etdirmək üçün son dövrlərdə ABŞ rəsmilərinin Ermənistana səfərləri zamanı atom elektrik stansiyası sahəsində əməkdaşlıq memorandumu imzalanıb, ABŞ ordusu ilə Ermənistan hərbçilərinin birgə təlimləri keçirilib, eləcə də Vaşinqton tərəfindən Ermənistana pilotsuz uçuş aparatlarının ötürülməsi də daxil olmaqla hərbi-texniki yardımlar göstərilib. ABŞ-ın bu davranışının müxtəlif səbəbləri ola bilər.
Qərbin Paşinyana dəstəyinin arxasında duran əsas motiv ideoloji deyil, tamamilə geostratejidir. Paşinyan Ermənistanı Rusiyanın təhlükəsizlik çətirindən (KTMT) uzaqlaşdıran, rus sərhədçilərini ölkədən, o cümlədən İrəvandakı “Zvartnots” hava limanından çıxaran və Kremlin təsir rıçaqlarını zəiflədən yeganə siyasi fiqurdur. Qərb üçün Ermənistan Rusiyanın Cənubi Qafqazdakı “forpost” statusunu sarsıtmaq üçün unikal imkan hesab olunur.
Başqa sözlə, Rusiya vaxtilə Ermənistanı regionda özünün əsas dayaq nöqtəsi kimi formalaşdırmağa çalışmışdı. Lakin bu layihəni sona çatdıra bilmədi. Hazırda isə Qərb Ermənistanın timsalında regionda özünə yeni strateji dayaq nöqtəsi yaratmağa çalışır.
ABŞ-ın vasitəçiliyi ilə gündəmə gələn “Trump Route for International Peace and Prosperity” (TRIPP) kimi regional layihələr çərçivəsində Ermənistanın cənubundan keçən marşrutların Qərbin və onun müttəfiqlərinin nəzarətində olması, Rusiya və İranın isə bu proseslərdə moderator rolundan kənarda qalması Vaşinqton üçün prioritet hesab edilir. Əgər Qərb Ermənistanda istədiyi nəticəni əldə etsə, Rusiyanın Xəzər hövzəsi üzərindən regional proseslərə və təhlükəsizlik məsələlərinə təsir göstərməyə çalışacağı istisna deyil.
Mərkəzi Asiyanı Xəzər və Qafqaz vasitəsilə Avropaya bağlayan Orta Dəhlizin təhlükəsizliyi üçün Ermənistan-Azərbaycan sülhünün əldə olunması vacib şərtdir. Paşinyan isə hazırda bu sülhə imza atmağa hazır görünən yeganə real erməni siyasətçisi hesab olunur.
Bakı üçün Paşinyan hakimiyyəti proqnozlaşdırıla bilən və idarəolunan riskdir. O, “tarixi Ermənistan” konsepsiyasından uzaqlaşmağa çalışır və ölkəsini mövcud sərhədləri çərçivəsində təqdim edir. Paşinyanın strateji məqsədi Ermənistanın hazırkı sərhədlərinin beynəlxalq səviyyədə hüquqi və siyasi legitimliyini möhkəmləndirməkdir.
Ümumiyyətlə, Paşinyanın indiyədək sülh müqaviləsini imzalamaması və bəzi məsələləri ləngitməsi gözlənilən idi. Çünki o, növbəti seçki dövrü üçün həm daxili siyasi arqumentlərini qorumağa çalışır, həm də Azərbaycan və Türkiyənin regional sabitlik naminə ona mane olmamasını hədəfləyən siyasət yürüdürdü. Görünən odur ki, bu strategiya müəyyən dərəcədə nəticə verib.
Paşinyan özünü həm də ona görə cəlbedici fiqur kimi təqdim edir ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılacağını vəd edir və Ağrı dağı simvolizminin ön plana çəkilməsindən uzaqlaşmaqla Azərbaycan və Türkiyə üçün müzakirə edilə bilən tərəf görüntüsü yaradır.
Türkiyə ilk baxışda Azərbaycanla müttəfiqliyi ön plana çıxarsa da, Ermənistanla bağlı öz dövlət maraqlarına da malikdir. Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması regionda Rusiyanın təsirinin zəiflədilməsi baxımından NATO və ABŞ üçün də əhəmiyyətlidir. Paşinyan dövründə Türkiyə ilə Ermənistan arasında birbaşa hava əlaqələri bərpa olunub, xüsusi nümayəndələr təyin edilib. Türkiyə üçün Ermənistanın blokadadan çıxması və regional layihələrə qoşulması erməni diasporunun təzyiq imkanlarını zəiflədə bilər.
İranın Paşinyana münasibəti ilk baxışda ziddiyyətli görünsə də, reallıqda Tehrana onun kompromislərə açıq siyasəti sərf edir. İran üçün əsas qırmızı xətt Ermənistanla olan sərhəd əlaqəsinin qorunmasıdır. Yeni hərbi eskalasiya və ya sərhədlərin dəyişməsi ehtimalı İranın regiondakı maraqlarına ciddi zərbə vura bilər.
Hazırda nə Bakıya, nə Ankaraya, nə Vaşinqtona, nə də Tehrana yeni regional qarşıdurma lazımdır. Paşinyan isə bütün tərəflərlə müəyyən kompromislərə gedə bilən və regionun formalaşmış reallıqlarını qəbul edən siyasi fiqur kimi görünür.
Taktiki baxımdan Paşinyanın hakimiyyətdə qalması Azərbaycan üçün sərfəli görünə bilər. Lakin strateji baxımdan onun Avropa İttifaqı ilə yaxınlaşması, ABŞ-la əməkdaşlığı və Ermənistanın hərbi modernizasiya siyasəti uzunmüddətli perspektivdə Azərbaycanın maraqlarına tam uyğun olmaya bilər.
Digər tərəfdən, görünən odur ki, Rusiya ilk dəfə Paşinyana qarşı real təzyiq siyasətinə keçib. Ermənistanda keçirilən rəy sorğuları göstərir ki, cəmiyyət artıq daha çox iqtisadi inkişaf, güclü dövlət və güclü institutlar haqqında düşünür. Bu isə Paşinyanın siyasi xəttinin ictimai rəydə müəyyən nəticələr verdiyini göstərir.
Rusiya iqtisadi təzyiqlərini artırır, Ermənistan məhsullarının ixracına müxtəlif məhdudiyyətlər tətbiq edir və paralel şəkildə siyasi təzyiq mexanizmlərini də işə salır. Lakin görünən odur ki, bu addımlar hələlik erməni cəmiyyətinin ümumi mövqeyini ciddi şəkildə dəyişə bilmir.
İqtisadi və siyasi təsir vasitələri nəticə vermədikdə isə növbəti mərhələdə hərbi və ya hibrid təsir mexanizmlərinin işə düşməsi ehtimalı artır. Bununla belə, Rusiyanın Ermənistanda birbaşa hakimiyyət dəyişikliyi həyata keçirməsi üçün mövcud imkanlarının kifayət edib-etmədiyi ayrıca müzakirə mövzusudur.
Hansısa fors-major və ya qeyri-adi hadisə baş verməsə, Paşinyanın yenidən hakimiyyətə gəlməsi kifayət qədər real görünür. Eyni zamanda, onun hazırda həyata keçirdiyi siyasi kursun davam etməsi Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyaların formalaşmasını sürətləndirə bilər.
Səxavət Məmməd









