media-17518870701156460192_1200x630

Dünyada olduğu kimi, Azərbaycanda da “Smart City” konsepsiyası şəhərlərin dayanıqlı inkişafı və müasir idarəetmə modelinin əsas istiqamətlərindən birinə çevrilib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi bu istiqamətdə yanaşmaların aktuallığını daha da artırıb. Rəqəmsal texnologiyalar, süni intellekt və innovativ idarəetmə həlləri bu modelin əsas elementləri hesab olunsa da, mütəxəssislər bildirirlər ki, konsepsiyanın mahiyyəti, ilk növbədə, sakinlərin rahatlığının təmin edilməsindən ibarətdir.

ERAmedia xəbər verir ki, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə AZƏRTAC-a açıqlamasında bildirib ki, “Ağıllı şəhər” ifadəsi “Smart City” anlayışının məzmununu tam əks etdirmir.

“Birinci növbədə onu qeyd edim ki, “Ağıllı şəhər” anlayışı “Smart City” ifadəsinin bir qədər mexaniki tərcüməsidir. Məncə, burada söhbət şəhərin “ağıllı” olmasından getmir. “Smart City” vətəndaşlar üçün rahat yaşayış məkanı deməkdir”, – deyə o bildirib.

Memarın sözlərinə görə, bu konsepsiyanın əsas məqsədi texnologiyaların tətbiqini nümayiş etdirmək deyil, şəhərdə bütün prosesləri əhalinin rahatlığına xidmət edəcək şəkildə təşkil etməkdir.

“Bu, həm şəhərin quruluşunda, həm istismarında, həm də idarə olunmasında sakinlərin rahatlığını təmin edən sistemdir. Vətəndaş şəhərdə hər bir xidmətə vaxt itirmədən çata bilməlidir. Şəhər nəqliyyatı, xidmət sahələri və ümumilikdə şəhər təsərrüfatı elə təşkil olunmalıdır ki, bütün proseslər nizamlı şəkildə işləsin”, – deyə Əməkdar memar vurğulayıb.

Elbay Qasımzadənin fikrincə, rahat və funksional şəhər mühitinin yaradılması yalnız rəqəmsal həllərlə məhdudlaşmır. Şəhərsalmada memarlıq, abadlıq və estetik görünüş də mühüm rol oynayır. Şəhər orada yaşayanların zövqünə cavab verməli, küçələr, meydanlar və yaşıllıq sahələri vahid konsepsiya əsasında formalaşdırılmalıdır. Eyni zamanda, müasir informasiya sistemləri və şəhər mühitinin vizual təşkili də sakinlərin rahatlığına xidmət etməlidir.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri hesab edir ki, müasir şəhərlərin idarə olunmasında rəqəmsal texnologiyalar və süni intellektin rolu getdikcə artır. Bununla belə, bu texnologiyalar məqsəd deyil, insan fəaliyyətini dəstəkləyən vasitə kimi qiymətləndirilməlidir.

“Süni intellekt yalnız alətdir. O, insan beynini və xüsusilə yaradıcı düşüncəni əvəz edə bilməz. Müasir texnologiyalar bütün istifadəçilərin fəaliyyətini asanlaşdırır, məlumat əldə etməyə və qərarların daha operativ qəbuluna kömək edir”, – deyə Elbay Qasımzadə qeyd edib.

Əməkdar memarın fikrincə, gələcəyin şəhərləri ilk növbədə sakinlərin ehtiyaclarına uyğun layihələndirilməlidir. Texnologiyalar isə bu məqsədə çatmaq üçün vasitə rolunu oynayır. Məhz vətəndaşların rahatlığı, funksional şəhər mühiti və səmərəli idarəetmə “Smart City” konsepsiyasının əsasını təşkil edir.


media-adspc

Bənzər xəbərlər