media-9d04e082b7_abs_iran_1745066175

ABŞ–İran qarşıdurması həllini tapmadıqca Yaxın Şərqdə və İran daxilində proseslər hər ötən gün Tehran üçün daha təhlükəli istiqamətdə inkişaf edir. Bu böhran artıq yalnız nüvə proqramı və ya regional təhlükəsizlik məsələsi ilə məhdudlaşmır. Məsələ İran dövlətçiliyinin gələcəyi, hakim rejimin davamlılığı və ölkənin daxili idarəetmə sisteminin geridönməz böhran mərhələsinə qədər dərinləşməsidir.

Hazırda İran həm qlobal təcrid, həm regional təsir imkanlarının zəifləməsi, həm də daxili siyasi-iqtisadi böhranların paralel şəkildə dərinləşdiyi ən ağır mərhələlərdən birini yaşayır. ABŞ və Qərbin tətbiq etdiyi sərt sanksiyalar, maliyyə blokadası və diplomatik təzyiqlər İran iqtisadiyyatını tədricən tükəndirir. Bu isə zəncirvari proses kimi dövlət idarəçiliyində, hakimiyyət daxilində və cəmiyyətin sosial strukturunda geridönməz çatlar yaradır.

Böhran uzandıqca Tehran daha çox itirir

İran üçün ən təhlükəli məqam böhranın qısa müddətdə həll olunmaması və “uzunmüddətli tükəndirmə strategiyası”nın işə düşməsidir. Çünki hər ötən gün İran iqtisadiyyatı üçün yüz milyonlarla dollar itki, yeni investisiyaların dayanması, milli valyutanın zəifləməsi və sosial narazılığın daha da artması deməkdir.

Uzun illərdir sanksiyalar və iqtisadi blokada şəraitində yaşayan İran cəmiyyəti artıq ciddi yorğunluq mərhələsinə keçib. Ərzaq qiymətlərinin artması, işsizlik, enerji böhranı, milli valyutanın dəyərsizləşməsi və həyat səviyyəsinin aşağı düşməsi ölkə daxilində sosial gərginliyi kritik həddə çatdırır.

Bütün bunlar təkcə iqtisadi problemlər yaratmır. Paralel olaraq dövlət aparatında idarəetmə böhranı, hakimiyyət daxilində qruplaşmalararası mübarizə və sistemin parçalanması riskləri də güclənir.

İran informasiya blokadası şəraitində idarə olunur

Hazırda Tehran daxilində baş verən proseslərin böyük hissəsi beynəlxalq ictimaiyyətə tam şəkildə çatmır. İnternet məhdudiyyətləri, sosial şəbəkələrin bloklanması və informasiya nəzarəti İran hakimiyyətinin əsas təhlükəsizlik alətlərindən birinə çevrilib.

Hakimiyyət maksimum çalışır ki, ölkə daxilində baş verən proseslər, sosial narazılıqlar və daxili siyasi qarşıdurmalar beynəlxalq mediaya sızmasın. Tehran bu yolla ölkədə “vahid həmrəylik və müqavimət” görüntüsü yaratmağa çalışır.

Lakin informasiya blokadası əks effekt də yaradır. Rəsmi məlumat axınının məhdudlaşması fonunda şayiələr, psixoloji savaş və dezinformasiya kampaniyaları daha sürətlə yayılır. Prezident Məsud Pezeşkianın istefası ilə bağlı xəbərlər də məhz bu informasiya vakuumunun məhsulu kimi ortaya çıxıb.

Pezeşkianın istefa şayiəsi nəyi göstərir?

Prezident Məsud Pezeşkianın ali rəhbər Müctəba Xameneiyə istefa məktubu göndərdiyi barədə yayılan məlumatlar təkzib olunsa da, bu hadisə İran daxilindəki böhranın miqyasını açıq şəkildə ortaya qoydu.

Londonda yerləşən və müxalif mövqeyi ilə tanınan “Iran International” nəşrinin iddiasına görə, Pezeşkian məktubunda ölkənin idarəçiliyinin faktiki olaraq İnqilab Keşikçiləri Korpusunun (SEPAH) müəyyən komandirləri tərəfindən nəzarətə götürüldüyünü bildirib.

İddialara əsasən, Pezeşkian hesab edir ki, siyasi hakimiyyət artıq qərarvermə mexanizmlərinə təsir göstərə bilmir, diplomatik proseslər və iqtisadi qərarlar isə hərbi strukturların dominantlığı altına keçib.

Bu məlumatların doğruluğu tam təsdiqlənməsə də, bir reallıq dəyişmir: İran daxilində hakimiyyət institutları arasında ciddi ziddiyyətlərin mövcudluğu artıq gizlədilə bilmir.

SEPAH–siyasi hakimiyyət qarşıdurması

Son illərdə İran daxilində əsas güc mərkəzi tədricən İnqilab Keşikçiləri Korpusuna çevrilir. ABŞ və İsraillə artan hərbi-siyasi gərginlik, regional münaqişələr və təhlükəsizlik böhranı hərbi strukturların təsir imkanlarını daha da genişləndirib.

Bu isə siyasi hakimiyyətin manevr imkanlarını zəiflədir. Pezeşkian administrasiyası daha çox iqtisadi sabitlik və beynəlxalq danışıqlar yolu ilə böhrandan çıxış axtarsa da, sərt xətt tərəfdarları və hərbi dairələr daha aqressiv strategiyanı müdafiə edirlər.

“The Jerusalem Post”un yazdığına görə, əsas fikir ayrılığı ABŞ və İsraillə qarşıdurmanın idarə olunması və bunun İran iqtisadiyyatına vurduğu zərərin miqyası ilə bağlıdır.

Əgər bu qarşıdurma dərinləşərsə, İran daxilində “mülki hökumət–hərbi sistem” qarşıdurması daha açıq mərhələyə keçə bilər.

Trampın strategiyası: İranı tədricən tükəndirmək

ABŞ prezidenti Donald Trampın hazırkı strategiyası birbaşa hərbi müdaxilədən daha çox İranı uzunmüddətli iqtisadi və siyasi tükənmə mərhələsinə sürükləməyə hesablanıb.

Vaşinqton anlayır ki, İran daxilində sosial və iqtisadi böhran nə qədər dərinləşərsə, Tehran danışıqlarda bir o qədər zəif mövqeyə düşəcək. Buna görə də ABŞ atəşkəs və nüvə danışıqlarında şərtləri daha da sərtləşdirir.

Məlumatlara görə, Tramp administrasiyası İranla mümkün razılaşma layihəsini yenidən baxılması üçün Tehrana qaytararaq prosesi uzadıb. Bu isə Vaşinqtonun zaman faktorundan öz xeyrinə istifadə etdiyini göstərir.

ABŞ hesab edir ki, sanksiyalar davam etdikcə, iqtisadi blokada dərinləşdikcə, daxili narazılıq artdıqca və hakimiyyət daxilində parçalanma gücləndikcə İran tədricən daha zəif və güzəştə məcbur vəziyyətə düşəcək. Bu səbəbdən Vaşinqtonun əsas strategiyası “ani hərbi zərbə”dən daha çox “uzunmüddətli tükəndirmə müharibəsi” modelinə bənzəyir.

Regional müttəfiqlər də zəifləyir

İran üçün əlavə problem onun regional təsir şəbəkəsinin əvvəlki qədər güclü olmamasıdır. Yaxın Şərqdə son proseslər Tehranı geosiyasi baxımdan da çətin vəziyyətə salıb.

Suriyada təsir imkanlarının azalması, Livanda Hizbullahın təzyiq altında qalması, İraqda artan daxili narazılıqlar və Qərbin regiondakı fəallığının genişlənməsi İranın geosiyasi manevr imkanlarını zəiflədir. Bu isə Tehranı həm daxildə, həm də xaricdə paralel təzyiq altında saxlayır.

İranı nə gözləyir?

Əgər ABŞ–İran böhranı yaxın dövrdə həll olunmasa, Tehran üçün bir neçə təhlükəli ssenari daha da aktuallaşa bilər: iqtisadi iflas riskinin böyüməsi, sosial partlayış ehtimalının artması, hakimiyyət daxilində açıq qarşıdurmalar, hərbi strukturların tam dominantlığı, regional təsir imkanlarının daha da zəifləməsi və dövlət idarəçiliyində parçalanma prosesinin sürətlənməsi.

Hazırda İran tammiqyaslı çöküş mərhələsində olmasa da, böhranın uzanması ölkəni tədricən idarəolunan tükənmə və sistem aşınması mərhələsinə yaxınlaşdırır.

Tehran üçün ən böyük təhlükə də məhz budur: birbaşa hərbi zərbədən daha çox, uzunmüddətli iqtisadi, siyasi və sosial aşınma nəticəsində sistemin daxildən zəifləməsi.

Mürtəza Bünyadlı


media-adspc

Bənzər xəbərlər