Trampdan İran açıqlaması - Danışıqlar yenidən başlaya bilər
ABŞ prezidenti Donald Tramp İranla dayandırılmış danışıqların avqustun 3-də yenidən başlayacağını açıqlayıb. O, Hürmüz boğazı və İranın nüvə proqramını əhatə edən razılaşmanın yaxın vaxtlarda əldə oluna biləcəyini bildirib.
ERAmedia xəbər verir ki, Nyu-Cersidən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Donald Tramp ABŞ ilə İran arasında artan gərginlik və yenidən başlanacaq diplomatik təmaslarla bağlı fikirlərini bölüşüb.
ABŞ prezidenti İrana qarşı planlaşdırılan hərbi əməliyyatın təxirə salındığını vurğulayaraq, tərəflərin yenidən danışıqlar masasına qayıdacağını deyib. Onun sözlərinə görə, görüşlər bazar ertəsi günortadan sonra başlayacaq və prosesin necə inkişaf edəcəyi aparılacaq danışıqlardan sonra bəlli olacaq.
Tramp bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və İranla aparılan təmaslar nəticəsində bu həftəsonu həyata keçirilməsi planlaşdırılan genişmiqyaslı hücum dayandırılıb.
“Bu, İkinci Dünya müharibəsindən bəri ən böyük hücum olacaqdı. Lakin bizdən bunu etməməyi xahiş etdilər. ‘Xahiş edirik, bunu etməyin’, – dedilər. Onların qonşuları da eyni müraciəti etdi”, – deyə Tramp bildirib.
ABŞ prezidenti hazırda prioritetin diplomatik həll yolu olduğunu qeyd edərək, “Hazırda etdiyimiz iş onlarla danışıqlar aparmaqdır. Görüşlər sabah günortadan sonra başlayacaq, sonra isə hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Mən razılaşma əldə etmək və çox sayda insanın həyatını xilas etmək istəyirəm”, – ifadələrini işlədib.
Tramp İranla razılığın əldə olunacağına nikbin yanaşdığını da vurğulayıb. Onun sözlərinə görə, həm Səudiyyə Ərəbistanı, həm də region ölkələri hərbi əməliyyatın keçirilməsini istəməyiblər.
“Onlar Hürmüz boğazı və nəticə etibarilə İranın nüvə silahlarından imtina etməsi ilə bağlı razılaşmanın çox yaxın zamanda əldə olunacağını düşünürlər”, – deyə o əlavə edib.










