media-shutterstock_2509740819-pic_32ratio_900x600-900x600-38699

ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorkda keçirdiyi günlər səmərəli olub.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Trampın Baş Assambleyada çıxış etməsi, müxtəlif ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi və Körfəz ölkələrinin rəhbərləri ilə ayrıca toplantı təşkil etməsi ilə yanaşı, Danimarka və Qrenlandiya ilə Arktika təhlükəsizliyi üzrə əldə olunan razılaşma xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, razılaşmanın əsas məqamlarından biri ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunu genişləndirməsidir. Şahinoğlu qeyd edib ki, ABŞ Qrenlandiyanın cənubundakı Narsarsuaqda Soyuq müharibə dövrünə aid keçmiş “Bluie West One” hərbi bazasını yenidən açacaq. Bundan başqa, Vaşinqton razılaşma çərçivəsində adada hərbi mövcudluğunu daha iki məntəqəyə genişləndirə biləcək.

Siyasi şərhçi bildirib ki, hazırda ABŞ Qrenlandiyada kosmik bazadan istifadə edir və burada təxminən 150 amerikalı hərbçi xidmət edir: “Vaşinqton hesab edir ki, bu hərbi kontingent ABŞ-ın Arktikadakı maraqlarının qorunması üçün kifayət deyil”.

Şahinoğlunun sözlərinə görə, əldə olunan razılaşma Qrenlandiyada ABŞ-ın hərbi və strateji imkanlarını əhəmiyyətli dərəcədə artırır. Sənədə əsasən, ABŞ-ın yazılı razılığı olmadan NATO üzvü olmayan dövlətlərin adada hərbi baza yaratmasına, qoşun yerləşdirməsinə və strateji sektorlara investisiya yatırmasına imkan verilməyəcək.

O qeyd edib ki, razılaşmanın digər mühüm tərəfi ABŞ-a Danimarka və Qrenlandiyanın əvvəlcədən məlumatlandırılmasına ehtiyac olmadan adada əlavə hərbi obyektlər inşa etmək və hərbi mövcudluğunu genişləndirmək imkanı verməsidir.

Şahinoğlu hesab edir ki, bu razılaşma Trampın Qrenlandiya ilə bağlı əvvəlki siyasətindən tamamilə imtina etdiyi anlamına gəlmir. “Tramp əvvəlki açıqlamalarında Qrenlandiyanın ABŞ-a verilməsinin vacibliyini bildirirdi. Bu açıqlamalar Danimarkada ciddi narazılıq yaratmış, Kopenhagenlə Vaşinqton arasında münasibətləri gərginləşdirmişdi. Hətta məsələ NATO daxilində də müəyyən gərginliyə səbəb olmuşdu”, – deyə siyasi şərhçi bildirib.

Onun sözlərinə görə, əldə edilən razılaşma Vaşinqtonla Kopenhagen arasındakı qarşıdurmanın yumşaldılmasına imkan verib: “Tramp Danimarkadan Qrenlandiyanı ABŞ-a verməsini tələb etməklə bağlı əvvəlki mövqeyindən geri çəkilməyib, sadəcə olaraq həmin məqsədə başqa formada yaxınlaşıb. ABŞ Qrenlandiyada hərbi mövcudluğunu genişləndirməklə adanın təhlükəsizlik və strateji məsələlərində əsas söz sahiblərindən birinə çevrilir”.

Şahinoğlu diqqəti ABŞ dövlət katibi Marko Rubionun razılaşmadan sonra verdiyi açıqlamaya da çəkib. Onun sözlərinə görə, Rubionun Qrenlandiyanın Şimali Amerikanın strateji müdafiə zonasının bir hissəsinə çevrildiyini bildirməsi Vaşinqtonun adaya verdiyi əhəmiyyəti göstərir.

Siyasi şərhçi əlavə edib ki, ABŞ üçün Qrenlandiyanın əhəmiyyəti yalnız hərbi-strateji amillərlə məhdudlaşmır. Adanın zəngin təbii sərvətlərə malik olması da Vaşinqtonun maraqlarını artırır.

Şahinoğlu bildirib ki, ABŞ-ın Qrenlandiyadakı mövcudluğunu genişləndirməsinin əsas məqsədlərindən biri Rusiya və Çinin Arktikadakı mövqelərinin möhkəmlənməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, Arktikada buzların əriməsi dəniz nəqliyyatının imkanlarını genişləndirib və regionun geosiyasi əhəmiyyətini artırıb.

“Rusiya və Çin son illərdə Arktikada fəallıqlarını artırıblar. Hər iki ölkə regionun təbii sərvətlərindən istifadə imkanlarını genişləndirməyə çalışır və hərbi imkanlarını gücləndirir. ABŞ isə Qrenlandiyada hərbi bazalarının sayını və imkanlarını artırmaqla Arktikadakı proseslərə daha yaxından nəzarət etmək istəyir”, – deyə Şahinoğlu vurğulayıb.

Onun fikrincə, Qrenlandiya ABŞ üçün həm də Arktikadakı dəniz yollarına çıxış baxımından strateji əhəmiyyət daşıyır. Buz örtüyünün azalması ilə regionda gəmiçilik imkanlarının genişlənməsi Arktikanın böyük dövlətlər arasında rəqabətin mühüm istiqamətlərindən birinə çevrilməsinə səbəb olur.

Şahinoğlu hesab edir ki, Venesuela məsələsindən sonra Qrenlandiya üzrə əldə olunan razılaşma Tramp administrasiyasının xarici siyasətində mühüm nəticələrdən biri kimi qiymətləndirilə bilər. Bununla belə, o qeyd edib ki, Vaşinqtonun qarşısında həllini gözləyən əsas problemlərdən biri Rusiya-Ukrayna müharibəsinin dayandırılması, digəri isə İranla bağlı qarşıdurmanın aradan qaldırılmasıdır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər