media-24de90419d284abcd48f5026e7e5c4f4

ABŞ-ın BMT üzvü olan müstəqil dövlətə hücumu və prezident Maduronu həyat yoldaşı ilə birlikdə həbs edib Amerikaya aparılaraq ona müxtəlif ittihamlar elan etməsi müxtəlif aspektlərdən müzakirə olunur.

Bunu ERAmedia-ya açıqlamasında Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ABŞ-ın Venesuelada hərbi əməliyyatla Nikolas Maduro və həyat yoldaşını ələ keçirməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, daha çox müzakirə olunan aspekt Maduronun seçkiləri saxtalaşdırıb hakimiyyəti qəsb etməsi və hakimiyyəti əlində saxlaması, avtoritar və diktator olması, Venesuela xalqına zülm etməsi və s. bu kimi məsələlərdir.

“Bütün bunlar həqiqətdir. Belə ki, Maduronun seçkiləri saxtalaşdırıb hakimiyyəti qəsb edib və saxta seçkilər yolu ilə hakimiyyətinin ömrünü bir neçə dəfə uzatmağa müvəffəq olub, demokratik hüquq və azadlıqları boğaraq ölkədə diktatura xarakterli avtoritar idarəetmə sistemi yaradıb (zatən bu sistem əvvəlki prezidentin dövründə də mövcud idi).

ABŞ-ın Venesuelaya hücum etməsini “gözlənilən bir qətl” (ifadə dünya şöhrətli Kolumbiya yazıçısı Markesə məxsusdur) hesab etmək olar. Belə ki, Tramp səlahiyyətlərinin icrasına başladığı gündən etibarən bir neçə dövlətlə haqq hesab çürüdəcəyini elan etmişdi. Daha dəqiq desək Venesuela hakimiyyətini bütün mümkün cinayətlərdə – narkoticarətdə, qaçaqmalçılıqda, Amerika neftinin və aktivlərinin oğurlanmasında, adam ticarətində, terrorizmdə və c ittiham edirdi, hətta Venesuela rəhbərliyini xarici terror təşkilatı elan etmişdi, bir neçə dəfə Venesuela tankerlərini ələ keçirmişdi. ABŞ ədliyyə nazirliyinin Maduroya verdiyi rəsmi ittihamlar da əsasən bu yönümdədir”, – deyə o bildirib.

“Ona görə də bu hücum heç kim üçün gözlənilməz olmadı. Xatırlatmaq lazımdır ki, ABŞ oxşar əməliyyatı 36 il bundan əvvəl Panamaya da münasibətdə həyata keçirmışdı”, – sabiq deputat bildirib.

Q.Əlibəylinin sözlərinə görə, lakin bütün bunlar Trampa hüquq vermir ki, Venesuelaya aviazərbələr endirib xüsusi təyinatlıların köməyi ilə “genişmiqyaslı və uğurlu” adlandırdığı əməliyyat keçirərək dövlət başçısını həyat yoldaşı ilə birlikdə həbs edib Amerikaya aparsın və məhkəmə qarşısına çıxarsın:

“ABŞ-ın keçirdiyi əməliyyat hərbi cəhətdən uğurlu sayıla bilər. Lakin nə beynəlxalq hüquq baxımından, nə də daxili qanunvericilik baxımından qanuni sayıla bilməz. Belə ki, qüvvədə olan beynəlxalq hüquq heç bir dövlətə BMT üzvü olan başqa dövlət ərazisində belə bir əməliyyat keçirib onun başçısını həbs etmək və öz ölkəsinin məhkəməsi önünə çıxarıb mühakimə etmək hüququ vermir; bunun üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi lazımdır. Lakin ABŞ bu məsələni BMT-də müzakirəyə çıxarmağa təşəbbüs də göstərmədi.
ABŞ-ın Venesueladakı əməliyyatını beynəlxalq terrorçuluq və beynəlxalq adam oğurluğu kimi qiymətləndirmək olar. İsril və Rusiyadan sonra beynəlxalq hüququn məhv edilməsi prosesinə
Amerikanın da qoşulması olduqca təhlükəli bir presidentin yaranması deməkdir”.


media-adspc

Bənzər xəbərlər