Xəzərdə balıq ehtiyatlarının laborator təhlillərə başlanılıb
Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası davam etdirilir.
ERAmedia-ya Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ekspedisiya çərçivəsində nazirliyin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları və türkiyəli mütəxəssislər tərəfindən birgə elmi tədqiqatlar aparılır.
Tədqiqatlar zamanı balıq nümunələrinin ölçüsü, kütləsi, yaşı və digər bioloji göstəriciləri müəyyən edilir. Bununla yanaşı, növlərin biometrik ölçüləri götürülür, populyasiyaların bioloji vəziyyətiqiymətləndirilir. Hazırda toplanmış nümunələr və əldə olunan məlumatlar üzərində laborator təhlillər davam etdirilir. Tədqiqatların yekun nəticələri araşdırmalar başa çatdıqdan sonra açıqlanacaq.
Ekspedisiyanın əsas məqsədi su bioehtiyatlarının mövcud vəziyyətini qiymətləndirmək, balıq ehtiyatları üzrə elmi məlumat bazasını zənginləşdirmək və gələcək monitorinq işləri üçün etibarlı elmi göstəricilər əldə etməkdir. Toplanan məlumatlar balıq ehtiyatlarının qorunması, səmərəli idarə olunması və davamlı istifadəsinin təmin edilməsi istiqamətində aparılacaq elmi araşdırmalar və idarəetmə qərarları üçün mühüm əhəmiyyət kəsb edəcək.










