media-b24f4e4f4a6b83518babc5c4bd0258ae-jpg

Xocalının müdafiəsində misilsiz qəhrəmanlıq göstərən Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərlinin taleyi bu günə qədər tam aydınlaşdırılmayıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Xocalı faciəsi zamanı göstərdiyi şücaətə baxmayaraq, Hikmət Nəzərlinin sonrakı taleyi hələ də Azərbaycanın yaxın tarixinin açılmamış səhifələrindən biri olaraq qalır.

Tarixçinin sözlərinə görə, Xocalı soyqırımı gecəsi Hikmət Nəzərli azsaylı silahdaşları ilə birlikdə Kətik meşəsi istiqamətində düşmənin zirehli texnikası və canlı qüvvəsinin qarşısını alaraq dinc əhalinin təhlükəsiz əraziyə çıxması üçün vaxt qazanıb. Onun rəhbərlik etdiyi kiçik dəstə düşmənin diqqətini öz üzərinə çəkməklə yüzlərlə Xocalı sakininin Ağdama çatmasına imkan yaradıb.

Zaur Əliyev qeyd edib ki, döyüş yoldaşlarının xatirələrinə əsasən, Hikmət Nəzərli meşə şəraitində peşəkar taktika tətbiq edir, sürətlə mövqelərini dəyişərək düşməndə qarşılarında böyük bir hərbi bölmənin olduğu təəssüratını yaradırdı. Bu taktika erməni silahlı qüvvələrinin irəliləyişini ləngidən əsas amillərdən biri olub.

Tarixçi bildirib ki, Hikmət Nəzərli və onun dəstəsi Kətik meşəsi istiqamətində gedən son döyüş zamanı görülüb. Həmin döyüşdən sonra ondan heç bir xəbər alınmayıb. Nə Ağdama gətirilən şəhidlərin arasında, nə də əsir və girov düşərgələrində onun izinə rast gəlinib. Bu səbəbdən onun taleyi uzun illərdir itkin olaraq qalır.

Zaur Əliyevin sözlərinə görə, Hikmət Baba oğlu Nəzərli 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Qarabağ münaqişəsi başlayan ilk dövrlərdən Vətənin müdafiəsinə qoşulan Hikmət Nəzərli 20 Yanvar faciəsindən sonra şəhidlərin dəfnində də fəal iştirak edib, iki gün fasiləsiz olaraq Şəhidlər xiyabanında məzarların qazılmasına kömək göstərib.

Tarixçi vurğulayıb ki, 1991-ci ilin sonlarında vəziyyət daha da gərginləşdikdən sonra Hikmət Nəzərli Şıxov batalyonunun tərkibində Xocalıya yollanaraq şəhərin müdafiəsində iştirak edib. Umudlu kənd sakinlərinə yardım zamanı yaralansa da, müalicəsini başa vurduqdan sonra ailəsinin geniş imkanlarına baxmayaraq yenidən döyüş bölgəsinə qayıdıb və müharibədən kənarda qalmağı qəbul etməyib.

Zaur Əliyev qeyd edib ki, Hikmət Nəzərlinin Gürcüstanın Duşeti şəhərində yerləşən xüsusi hərbi kəşfiyyat məktəbində aldığı hazırlıq onun döyüş əməliyyatlarında peşəkar fəaliyyət göstərməsinə ciddi töhfə verib. O, Xocalı yaxınlığında düşmənin bir qrup silahlısını əsir götürərək Ağdama təhvil verməyə də nail olub.

Tarixçinin sözlərinə görə, müxtəlif mənbələrdə Hikmət Nəzərlinin təxminən 30 Xocalı sakinini ermənilərin istifadə etdiyi avtobusla təhlükəsiz şəkildə Ağdama göndərməsi, özü isə düşmənin bütün diqqətini üzərinə çəkməsi barədə məlumatlar yer alır. Onun əsir düşməkdənsə şəhid olmağı üstün tutduğu, bu səbəbdən də hər zaman üzərində son gülləni saxladığı barədə döyüş yoldaşlarının xatirələri mövcuddur.

Zaur Əliyev bildirib ki, müxtəlif vaxtlarda cəbhədən gətirilən bəzi şəhidlərin Hikmət Nəzərli olduğu ehtimal edilsə də, aparılan araşdırmalar nəticəsində onların başqa şəxslər olduğu müəyyənləşdirilib.

Tarixçi xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1992-ci il tarixli 553 saylı Fərmanı ilə Hikmət Baba oğlu Nəzərliyə ölümündən sonra – itkin düşmüş hesab edildiyi halda – “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

“Qarabağın işğaldan azad edilməsindən sonra uzun illər itkin sayılan şəhidlərimizin bir qisminin nəşinin tapılması cəmiyyətdə ümid yaradıb. İnanırıq ki, gələcəkdə Hikmət Nəzərlinin də taleyinə aydınlıq gətiriləcək, onun nəşi tapılacaq və məzarı xalqımızın ziyarət etdiyi müqəddəs ünvanlardan birinə çevriləcək”, – deyə Zaur Əliyev əlavə edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər