Yeni Dövlət Proqramı özəl sektor üçün yeni imkanlar açır
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə özəl sektorun istehsala daha yaxından cəlb edilməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, yeni Dövlət Proqramının icrası dağ-mədən və metallurgiya sənayesində özəl sektorun rolunun daha da artırılmasına imkan yaradacaq. Onun sözlərinə görə, proqram çərçivəsində özəl sektor tərəfindən illik istehsal gücü təqribən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin qurulması imkanlarının qiymətləndirilməsi də nəzərdə tutulur.
Deputat qeyd edib ki, hazırda mədənçıxarma sənayesində 427 müəssisə fəaliyyət göstərir. Onlardan 406-sı özəl sektorun, 21-i isə dövlət sektorunun payına düşür. Son 5 ildə sahədə fəaliyyət göstərən özəl müəssisələrin sayının 30 faiz artması sahibkarların mədənçıxarma sənayesinə marağının yüksəldiyini göstərir.
Vüqar Bayramovun sözlərinə görə, Dövlət Proqramının icrası nəticəsində dağ-mədən və metallurgiya sahəsinə daha çox özəl şirkətin cəlb olunması və istehsal həcminin artırılması gözlənilir. Bu baxımdan, yeni proqramın sahənin əsas iqtisadi göstəricilərinə əhəmiyyətli təsir göstərəcəyi proqnozlaşdırılır.
Deputat bildirib ki, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması nəzərdə tutulur. Bu isə həm istehsal imkanlarının genişləndirilməsi, həm də özəl investisiyaların artırılması baxımından mühüm potensial formalaşdırır.
Vüqar Bayramov hesab edir ki, yeni Dövlət Proqramı iş adamları üçün əlavə investisiya və istehsal imkanları yaradacaq. Özəl sektorun sahəyə daha geniş cəlb olunması isə yeni müəssisələrin yaradılması və nəticə etibarilə əlavə iş yerlərinin formalaşmasına şərait yarada bilər.
Vüsalə










