Yeni hərbi eskalasiya siqnalları: İkinci cəbhə açıla bilər
Son günlər İrandan Yəmənə həyata keçirilən təyyarə reyslərinin sayının artması regionda baş verən proseslərlə bağlı yeni müzakirələrə səbəb olub.
ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib ki, 2022-ci ildə əldə olunan atəşkəsdən sonra ilk dəfə Səudiyyə Ərəbistanının dəstəklədiyi Ədəndə yerləşən Yəmən hökuməti Səna Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına aviasiya zərbəsi endirib. Onun sözlərinə görə, hücumun məqsədi İran təyyarələrinin hava limanına enməsinin qarşısını almaq olub və bu da rəsmi şəkildə açıqlanıb.
Kənan Rövşənoğlu qeyd edib ki, ehtimallara əsasən, Tehran Yəməndəki husi qüvvələrinə raketlər və digər hərbi texnika göndərir. Onun fikrincə, bu addımlar mümkün hərbi əməliyyatlara hazırlığın tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Araşdırmaçı jurnalist hesab edir ki, hazırkı mərhələdə tərəflərin sülh üçün zəruri hesab edilən güzəştlərə hazır olmaması müharibə ehtimalını daha da artırır. O bildirib ki, həm İran, həm də qarşı tərəf mümkün hərbi qarşıdurmanın qaçılmaz olduğunu nəzərə alaraq hazırlıqlarını davam etdirir.
Kənan Rövşənoğlunun sözlərinə görə, İran bu dəfə təkcə Hörmüz boğazı deyil, həm də Bab əl-Məndəb boğazı istiqamətində strateji addımlar atmağa hazırlaşır. O vurğulayıb ki, genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə, ikinci cəbhənin məhz Yəməndə açılması ehtimalı yüksək qiymətləndirilir.










