Yeni il gecəsi Berlində çoxsaylı şəxslər saxlanılıb

Yeni il gecəsi Berlində ictimai asayişin pozulmasında şübhəli bilinən 100-dən çox şəxs saxlanılıb.
ERAmedia Almaniya mediasına istinadla xəbər verir ki, həmin şəxslər pirotexniki vasitələrdən təhlükəli şəkildə istifadə etdikləri üçün saxlanılıblar.
Yeni il gecəsi ictimai asayişin gücləndirilməsi və təhlükəsizlik tədbirləri ilə əlaqədar paytaxtda 4300 polis əməkdaşı və 1600 yanğınsöndürən gücləndirilmiş rejimdə xidmətə cəlb edilib. Buna baxmayaraq, paytaxtın bir sıra rayonlarında küçələrdə vəziyyət xüsusilə gərgin olub. Naməlum şəxslər xilasedicilərə və təhlükəsizlik qüvvələrinə pirotexniki vasitələr, o cümlədən fişəng atıblar. Hadisələr zamanı doqquz polis əməkdaşı xəsarət alıb. Polis 220 min ədəd təhlükəli pirotexniki vasitəni müsadirə edib.
Şəhərin yanğınsöndürmə xidmətinə ilk bir saat ərzində 300 yanğın çağırışı daxil olub. Berlində və digər şəhərlərdə bir neçə evdə yanğın baş verib.
Buna baxmayaraq, builki Yeni il gecəsinin ötən illərlə müqayisədə daha az problemlə müşayiət olunduğu bildirilir.










