media-17847318941824139846_1200x630

Rusiya xarici işlər naziri Sergey Lavrovun Filippində ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi ikitərəfli görüş gözlənilən nəticəni verməyib.

ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Arzu Qazıyeva bildirib ki, böyük ümidlərlə yollanılan görüş faktiki olaraq fiasko ilə nəticələnib və Lavrov ABŞ-Rusiya münasibətlərində əvvəlki “Ankoric əhval-ruhiyyəsini” bərpa etməyə çalışsa da, Vaşinqton bu yanaşmanı qəbul etməyib.

Onun sözlərinə görə, Filippində baş tutan ikitərəfli görüş cəmi 35 dəqiqə davam edib və bu qədər qısa vaxt ərzində hər hansı ciddi nəticənin əldə olunmasını gözləmək real görünmür. Qazıyeva qeyd edib ki, bu müddət əsasən salamlaşma, yerlərin tutulması, ümumi giriş çıxışları və ilkin fikir mübadiləsi üçün kifayət edə bilər.

Araşdırmaçı jurnalistin sözlərinə görə, görüş zamanı Lavrov “Ankoric razılaşmalarına qayıtmaq” istəyini ifadə edib. Lakin ABŞ dövlət katibi Marko Rubio buna cavab olaraq Ankoric danışıqlarının uğursuzluqla nəticələndiyini, müharibənin dayandırılması üçün tərəflərin yeni ideyalar ortaya qoymasının vacibliyini vurğulayıb. Rubio, həmçinin, qısa görüşlə müharibənin həll ediləcəyini düşünməyin doğru olmadığını bildirib.

Arzu Qazıyevanın fikrincə, beynəlxalq münasibətlər sistemi bu cür işləmir və əvvəlki təşəbbüsləri eyni formatda yenidən canlandırmaq mümkün deyil. O hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə dialoq üçün iki dəfə əlverişli imkan yaradıb, lakin son cəhdin də nəticəsiz qalması Vaşinqtonun mövqeyinə təsir göstərib.

Qazıyeva əlavə edib ki, Lavrovun “Ankoric razılaşmaları” ifadəsini israrla işlətməsinə baxmayaraq, Rubio həmin görüşdə hər hansı razılaşmanın mövcud olmadığını açıq şəkildə dilə gətirib. Onun qənaətincə, Ankoric Moskva üçün əlverişli şərtlərlə təqdim olunan son imkanlardan biri idi və həmin fürsətin itirilməsi sonradan peşmanlıq doğura bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər