Azərbaycan kinosunun yadda qalan səhnəsi: Aktyor göz yaşlarını saxlaya bilmədi
Azərbaycan kinosunun tanınmış simalarından olan mərhum Xalq artisti Rasim Balayev illər əvvəl lentə alınan məşhur filmlərdən birinin çəkiliş prosesi ilə bağlı maraqlı xatirəsi paylaşılıb.
ERAmedia xəbər verir ki, bunu sosial şəbəkələrdə İncəsənət TV paylaşıb.
Mərhum aktyorun xatirəsində qeyd olunur ki, filmdə Şeyx Əzəmin qızı Şəmsi boğduğu səhnə çəkilərkən Şeyx Əzəm obrazını canlandıran görkəmli aktyor Məmmədrza Şeyxzamanov rolun psixoloji təsirindən uzun müddət çıxa bilməyib.
Rasim Balayev bildirib ki, ssenariyə əsasən həmin epizodda aktyorun ağlaması nəzərdə tutulmasa da, Şeyxzamanov obrazı o qədər dərindən hiss edib ki, çəkiliş zamanı göz yaşlarını saxlaya bilməyib. Aktyorun “Qızımı məcburiyyət qarşısında öldürdüm” sözlərini təkrar etməsi çəkiliş heyətini də duyğulandırıb.
Xalq artistinin sözlərinə görə, çəkiliş meydançasındakı əməkdaşlar bunun sadəcə film səhnəsi olduğunu xatırladaraq aktyoru sakitləşdirməyə çalışıblar. Lakin Məmmədrza Şeyxzamanov bir müddət obrazın yaratdığı emosional yükdən ayrıla bilməyib.
Rasim Balayevin paylaşdığı bu xatirə peşəkar aktyorların obrazlarına necə böyük məsuliyyət və fədakarlıqla yanaşdıqlarını bir daha nümayiş etdirir.
Vüsalə










