Azərbaycan neft sənayesinin əfsanəsi: Usta Pirinin ABŞ-dan gətirdiyi yenilik
Azərbaycan neft sənayesinin inkişafında mühüm xidmətləri olan qazma ustası, Əmək Qəhrəmanı Piri Quliyev (Usta Piri) ölkənin neftçilik tarixində xüsusi yer tutur.
ERAmedia xəbər verir ki, 1869-cu ildə anadan olan Piri Quliyev təkcə peşəkar qazma ustası kimi deyil, həm də neft sənayesinə gətirdiyi yeniliklərlə yadda qalıb. O, 1917–1920-ci illərdə Bakıda baş verən inqilabi proseslərdə fəal iştirak edib, sonrakı dövrdə isə respublikanın neft yataqlarında qazma işlərinin bərpası istiqamətində mühüm fəaliyyət göstərib.
1924–1926-cı illərdə ABŞ-yə ezam olunan Piri Quliyev burada müasir neft hasilatı texnologiyalarını öyrənib. O, Kaliforniyadakı Signal Hill ərazisində qazma layihələrinin hazırlanmasında iştirak edib, daha sonra Torrens yataqları, St. Paul, Midfest Refinery və Oklahoma şəhərində fəaliyyət göstərərək zəngin təcrübə qazanıb.
ABŞ-də mənimsədiyi fırlanan qazma texnologiyasını SSRİ-yə gətirən Piri Quliyev bu yeniliyin tətbiqinə öncüllük edib və bununla da regionun neft sənayesinin inkişafına mühüm töhfə verib.
1926-cı ildən etibarən “Azneft”də yeni yataqların kəşfiyyatı üzrə rəhbər vəzifədə çalışan Usta Piri Balaxanı və Sabunçu neft yataqlarının inkişafında mühüm rol oynayıb. O, həmçinin Qala və Qaraçuxur yataqlarının aşkarlanması və sənaye istismarına hazırlanması istiqamətində görülən işlərdə fəal iştirak edib.
1951-ci ildə vəfat edən Piri Quliyev Azərbaycan neft sənayesinin inkişafına mühüm töhfələr vermiş görkəmli neftçi və qazma ustalarından biri kimi tarixdə qalır.










