media-aze_ozb

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı ən mühüm məqamlardan biri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması olub.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu sənəd Azərbaycan və Özbəkistan arasında qarşılıqlı strateji münasibətlərin yüksək səviyyəsini bir daha təsdiqləyir.

Deputatın sözlərinə görə, əbədi dostluq haqqında müqavilə yalnız dövlətlərarası münasibətlərin inkişafını deyil, eyni zamanda iki xalqın tarixi yaxınlığını və gələcək əlaqələrin səmimiyyət, qarşılıqlı hörmət və etimad üzərində daha da dərinləşəcəyini ehtiva edir.

Vüqar Bayramov qeyd edib ki, sənəd Azərbaycan və Özbəkistan arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, birgə sərmayə qoyuluşlarının və xarici ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verə bilər.

Deputat diqqətə çatdırıb ki, regionda oxşar məzmunlu sənədlərdən biri 1997-ci ildə Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında imzalanıb. 2025-ci ildə isə Çin və Mərkəzi Asiya ölkələri arasında keçirilən sammit çərçivəsində Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirakı ilə çoxtərəfli anlaşma əldə olunub.

Vüqar Bayramovun fikrincə, Azərbaycan ilə Özbəkistan arasında imzalanan əbədi dostluq müqaviləsi ikitərəfli format baxımından mühüm yenilikdir. O vurğulayıb ki, tərəflər heç bir dövlətə qarşı yönəlməyən, qarşılıqlı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirən bir sənədə imza atıblar.

Deputat qeyd edib ki, müxtəlif tarixi dövrlərdə ayrı-ayrı dövlətlər arasında dostluq və əməkdaşlıq xarakterli sənədlər imzalansa da, Azərbaycan və Özbəkistanın bu müqaviləsi müasir dövrdə ikitərəfli münasibətlərin xüsusi səviyyəsini nümayiş etdirir.

Vüqar Bayramov hesab edir ki, müqavilənin imzalanması Türk dünyasının inteqrasiyası baxımından da mühüm tarixi hadisədir. Onun sözlərinə görə, ümumilikdə 165 milyon əhalini, 4,24 milyon kvadratkilometr ərazini və təxminən 2,4 trilyon dollarlıq nominal iqtisadiyyatı əhatə edən Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi baxımından Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusi əhəmiyyəti var.

Deputatın fikrincə, əbədi dostluq haqqında müqavilə iki qardaş ölkə arasında münasibətlərin yalnız bu günü üçün deyil, gələcək nəsillər üçün də möhkəm siyasi və hüquqi əsas yaradır.

Türk dünyasının inteqrasiyasına mühüm töhfə

Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında əbədi dostluq haqqında müqavilənin imzalanması iki ölkənin strateji tərəfdaşlığının yeni mərhələyə keçdiyini göstərməklə yanaşı, Türk dövlətləri arasında qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər