media-178748256898347870_1200x630

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər bütün istiqamətlərdə uğurla inkişaf edir.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, iki ölkə arasında əlaqələrin dərinləşməsi yalnız ticarət dövriyyəsinin artımında deyil, qarşılıqlı sərmayə qoyuluşlarında da özünü göstərir.

Deputatın sözlərinə görə, üç il əvvəl 500 milyon dollar ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iki qardaş ölkə arasında investisiya əməkdaşlığının inkişafında mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda biznesin inkişafına sərmayə yatırmaqla sahibkarlığın genişlənməsinə və yeni bazarlara çıxış imkanlarının artırılmasına dəstək verir. Layihələr üzrə investisiya həcmi isə 25 milyon dollaradək dəyişir.

Vüqar Bayramov qeyd edib ki, şirkət dəyişkənliyi nisbətən aşağı, sabit və artan tələbatla xarakterizə olunan sahələrlə yanaşı, yüksək inkişaf potensialına malik sektorlara da investisiya yatırır. Hazırda əsas prioritet istiqamətlər sırasında təhsil, metal emalı, farmasevtika, bio-sənaye, fintex və informasiya texnologiyaları yer alır. Bununla belə, investisiya istiqamətləri qeyd olunan sahələrlə məhdudlaşmır.

Deputat bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iqtisadiyyatın müxtəlif strateji sektorlarında ümumi dəyəri təxminən 360 milyon dollar olan 15-dən çox birgə layihənin maliyyələşdirilməsi və təhlilini həyata keçirir.

Onun sözlərinə görə, mühüm layihələrdən biri Özbəkistanda faydalı qazıntıların və qızıl yataqlarının birgə kəşfiyyatı və işlənməsi ilə bağlıdır. Bu məqsədlə Azərbaycanın “AzerGold” QSC və Özbəkistanın “Uzbekgeologorazvedka” ASC ilə birlikdə müştərək müəssisənin yaradılması layihəsi dəstəklənir.

Təhsil sektorunda isə Daşkənddə fəaliyyət göstərən Amerika Texnologiya Universitetinin maddi-texniki bazasının və infrastrukturunun qurulmasına 2 milyon dollar sərmayə ayrılıb. Universitet Cintana Education və Arizona Dövlət Universiteti ilə tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bu investisiyanın əsas məqsədləri beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi, qabaqcıl tədris və idarəetmə təcrübələrinin tətbiqi, eləcə də Özbəkistanda ali təhsil sisteminin institusional inkişafına dəstək göstərilməsidir.

Vüqar Bayramov əlavə edib ki, sənaye və istehsalat sahəsində də müxtəlif istiqamətləri əhatə edən dörd mühüm istehsal müəssisəsinin maliyyələşdirilməsi həyata keçirilir. Bu layihələr sırasında daxili bazara və ixraca yönəlmiş, idxalı əvəz edən yüksək texnologiyalı istehsal xətlərinin yaradılması da yer alır. Eyni zamanda, hər iki ölkənin rəqəmsal maliyyə sistemlərinin və innovasiya imkanlarının inkişafına yönəlmiş fintex layihəsi də dəstəklənir.

“Göründüyü kimi, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq yalnız ənənəvi ticarət əlaqələri ilə məhdudlaşmır. Müxtəlif sahələrə yönəldilən birgə investisiyalar ölkələrimizin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan yaradır. Bu proses həm sahibkarlığın inkişafına, həm yeni iş və biznes imkanlarının formalaşmasına, həm də iki qardaş ölkə arasında uzunmüddətli və dayanıqlı iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir”, – deyə deputat vurğulayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər