Azərbaycan və Qırğızıstan arasında investisiya əməkdaşlığında yeni mərhələ
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı əldə olunan mühüm razılaşmalardan biri Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarının ikiqat artırılaraq 200 milyon dollara çatdırılması oldu.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, fondun vəsaitinin 200 milyon dollara çatdırılması hər iki ölkənin sahibkarları üçün yeni maliyyələşmə imkanları yaradacaq və birgə investisiya layihələrinin sayının artmasına təkan verəcək.
Deputatın sözlərinə görə, sahibkarlar öz layihələrini fonda təqdim etməklə maliyyə cəlb edə bilirlər və fondun kapitalının artırılması bu imkanları daha da genişləndirəcək. O qeyd edib ki, hazırda fond tərəfindən artıq bir sıra layihələrin maliyyələşdirilməsi həyata keçirilir.
Vüqar Bayramov xatırladıb ki, Prezident İlham Əliyev mətbuata bəyanatında fondun 200 milyon dollarlıq kapitalının son hədd olmadığını bildirib. Dövlət başçısının vurğuladığı kimi, fondun fəaliyyəti üzrə təqdim olunan layihələr konkret məzmunla zənginləşir, Qırğızıstanda həyata keçirilən çoxsaylı layihələr birgə istehsalın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Deputat bildirib ki, fond çərçivəsində aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər prioritet istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, daha əvvəl Qırğızıstanda kiçik su elektrik stansiyasının (SES) və müasir tikiş fabrikinin tikintisinin maliyyələşdirilməsi barədə qərarlar qəbul edilib.
Vüqar Bayramov əlavə edib ki, fondun nizamnamə kapitalı Azərbaycan, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları, eləcə də Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Deputat hesab edir ki, fondun maliyyə imkanlarının genişləndirilməsi Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı investisiyaların artmasına və iqtisadi əlaqələrin yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcək.









