media-01ky1jg8egbx508g0b5q81fahx-medium

Azərbaycanda elektron iştirakçılıq sahəsində yeni mərhələnin əsası qoyulur.

ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Prezidentin imzaladığı Fərmanla Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) tərkibində “Elektron iştirakçılıq” altsisteminin yaradılmasını mühüm institusional və rəqəmsal addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, indiyədək ictimai iştirakçılıq əsasən dövlət qurumlarının və Milli Məclisin ayrı-ayrı internet səhifələri, ictimai dinləmələr, müzakirələr, yazılı müraciətlər və digər ənənəvi vasitələr üzərindən həyata keçirilirdi. Proseslərin vahid platformada cəmlənməməsi isə vətəndaşların hansı qanun və qərar layihəsinin harada müzakirə olunduğunu izləməsini, rəy bildirməsini və nəticələrlə tanış olmasını çətinləşdirirdi.

Osman Gündüz bildirib ki, yeni altsistem bu proseslərin vahid rəqəmsal mühitə inteqrasiyasını təmin edəcək. Onun sözlərinə görə, platforma vasitəsilə vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsində iştirakı genişlənəcək, ictimai müzakirə və dinləmələr elektron formada təşkil olunacaq, rəy və təkliflərin təqdim edilməsi üçün yeni imkanlar yaradılacaq.

O, fərmanın ən mühüm yeniliklərindən birinin vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun elektronlaşdırılması olduğunu vurğulayıb. Bildirib ki, vətəndaşlar qanun layihələrini dəstəkləmək üçün elektron kabinet vasitəsilə elektron imza ilə səs verə biləcəklər.

Ekspertin sözlərinə görə, hər hansı siyasi partiya, icma və ya bir qrup vətəndaş müəyyən məsələ ilə bağlı qanun layihəsi hazırlaya bilər. Təşəbbüs elektron qaydada rəsmiləşdirildikdən sonra layihəyə dəstək məqsədilə seçki hüququ olan 40 min vətəndaşın imzası EHİS üzərindən elektron formada toplanarsa, həmin layihə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilə bilər.

Osman Gündüz qeyd edib ki, yeni sistem dövlət şirkətlərinin internet, elektrik, su, qaz, nəqliyyat və digər xidmətlərlə bağlı hazırladığı qaydaların və mühüm dəyişikliklərin də ictimai müzakirəyə çıxarılmasına imkan verəcək. Bu halda vətəndaşlar platforma vasitəsilə öz rəy və təkliflərini təqdim edə, həmçinin elektron ictimai dinləmələrdə iştirak edə biləcəklər.

Azərbaycan İnternet Forumunun rəhbəri hesab edir ki, söhbət yalnız yeni informasiya sisteminin yaradılmasından getmir. Onun fikrincə, bu addım dövlət–vətəndaş münasibətlərində elektron iştirakçılığın institusionallaşdırılması, qərarların hazırlanmasına ictimaiyyətin daha sistemli cəlb olunması və rəqəmsal demokratiya alətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Osman Gündüz xatırladıb ki, BMT-nin Elektron Hökumətin İnkişafı hesabatlarında elektron iştirakçılıq ayrıca qiymətləndirilən əsas istiqamətlərdən biridir və Azərbaycan bu göstərici üzrə uzun müddət aşağı nəticələr nümayiş etdirib. Onun sözlərinə görə, yeni sistem effektiv şəkildə qurularsa, bu sahədə mövcud boşluqların aradan qaldırılmasına və ölkənin beynəlxalq reytinqlərinin yaxşılaşmasına ciddi töhfə verə bilər.

Bununla yanaşı, ekspert müəyyən risklərin də mövcud olduğunu bildirib. O qeyd edib ki, dövlət qurumları ictimai əhəmiyyət kəsb edən sənədlər əvəzinə formal xarakterli layihələr yerləşdirərsə, müzakirələr formal keçirilsə, vətəndaşların təkliflərinə münasibət bildirilməsə və qəbul edilən və ya rədd olunan təkliflər əsaslandırılmasa, platforma gözlənilən nəticəni verməyəcək və adi elektron portal səviyyəsində qala bilər.

Osman Gündüz əlavə edib ki, “Elektron iştirakçılıq” altsisteminin sahibi və operatoru Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olacaq. Fərmanın icrası üçün isə 9 aylıq müddət müəyyən edilib.


media-adspc

Bənzər xəbərlər