Baş nazirdən Avropanın yenidən silahlanması ÇAĞIRIŞI
Danimarkanın baş naziri Mette Frederiksen qlobal təhlükəsizlik mühitinin getdikcə daha qeyri-sabit hala gəldiyini bildirərək, Avropanın yenidən silahlanmasına və NATO-nun gücləndirilməsinə çağırış edib.
ERAmedia xəbər verir ki, Mette Frederiksen NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə toplantısı ərəfəsində jurnalistlərə açıqlamasında bildirib ki, dünya hər keçən gün daha təhlükəli məkana çevrilir.
“Daha güclü NATO-ya ehtiyacımız var. Tarixin ən güclü alyansına sahibik və onu bu şəkildə qorumalıyıq. Bu gün buradakı əsas mesajım Avropanın yenidən silahlanmasının vacibliyidir”, – deyə baş nazir vurğulayıb.
Frederiksen Avropa və ABŞ arasında güclü müdafiə sənayesi bazasının yaradılmasının vacibliyini qeyd edərək Ukraynaya dəstəyin artırılmasına çağırıb.
“Ukraynaya daha çox yardım etməli, Rusiyaya təzyiqi artırmalı və bu müharibənin yeganə haqlı qalibinin Ukrayna olmasını təmin etməliyik. Birliyimiz və birlikdə hərəkət etmək əzmimiz bəlkə də indiyədək heç vaxt bu qədər əhəmiyyət daşımayıb”, – deyə o bildirib.
Baş nazir ABŞ-ın Qrenlandiyaya münasibətini də tənqid edərək, Danimarkanın mövqeyinin dəyişməz olduğunu vurğulayıb.
“ABŞ prezidentinin bu məsələ ilə bağlı mövqeyi təəssüf ki, çox aydındır. Bizim mövqeyimiz isə hər zaman olduğu kimi qətidir. Qrenlandiya əlbəttə ki, satılmır. Müttəfiqlərimiz də daxil olmaqla hər kəsdən Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququna hörmət etməsini gözləyirik. Biz suveren dövlətik və hər kəs ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməlidir. Öz ərazilərimiz də daxil olmaqla NATO-nun hər qarış torpağını müdafiə etməyə hazırıq”, – deyə Frederiksen bildirib.
O, NATO-nun əsasını təşkil edən kollektiv müdafiə prinsipi – 5-ci maddəyə tam sadiq olduqlarını da vurğulayıb.
“Əgər üzvlərdən birinə hücum olarsa, hamı onun müdafiəsinə qalxmalıdır. NATO-nun 5-ci maddəsi bizim təhlükəsizlik zəmanətimizdir. Bu prinsip hazırda Rusiyanın yaratdığı müharibə təhlükəsi ilə üzləşən şərq cinahı üçün də, 11 sentyabr terror hücumlarından sonra ABŞ üçün də keçərli olub, Qrenlandiya üçün də keçərlidir. Danimarka Krallığını sonadək müdafiə edəcəyik”, – deyə Baş nazir bildirib.
Frederiksen ABŞ-ın NATO-nun 5-ci maddəsinə sadiqliyinə şübhə etmədiyini də qeyd edib.
“NATO olmadan nə Danimarkanın, nə də Avropanın təhlükəsizliyini təmin etmək mümkündür. Transatlantik məkanında insanların təhlükəsizliyi NATO sayəsində təmin olunur və bu, gələcəkdə də belə olacaq”, – deyə o əlavə edib.
İslandiyanın Baş naziri Kristrun Frostadottir isə bildirib ki, Qrenlandiya yalnız Qrenlandiya xalqına məxsusdur.
“Onlar ABŞ-ın tərkibinə daxil olmaq istəmirlər. Bu mövqeləri tamamilə aydındır”, – deyə Frostadottir bildirib.
İslandiyanın baş naziri son 12 ay ərzində NATO-nun daha da gücləndiyini qeyd edib.
“Bəli, dinamika dəyişib və aparılan müzakirələr müəyyən qədər fərqlənə bilər. Lakin alyansın üzvlərinin sayı artıb, müdafiəyə daha çox vəsait ayrılır. Buna görə də NATO 12 ay əvvəllə müqayisədə bir çox baxımdan daha güclü ittifaqdır”, – deyə o bildirib.
Frostadottir əlavə edib ki, diqqət Qrenlandiya ətrafındakı müzakirələrə deyil, Rusiyadan qaynaqlanan təhlükəyə yönəldilməlidir.










